adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 May 2021 11:21
69651
MÜSAHİBƏ
A- A+

Cənnət Səlimova: "Teatr alqışlardan və təzimlərdən ibarət deyil"

Azərbaycan teatr sənəti yaranandan bəri demək olar ki, milli teatr fədakar insanların, böyük sənətkarların çiynində durub. Və inkişaf edə-edə, onların əməyindən bəhrələnə-bəhrələnə bu günümüzə gəlib çıxıb.

Mübaliğəsiz-şişirtməsiz demək olar ki, belə fədailərdən biri də xalq artisti Cənnət Səlimovadır.

Cənnət xanım bir çox teatrlarda çalışıb. Hazırda Dövlət Gənc Tamaşaçılar teatrında quruluş rejissordur.Cənnət xanım hazırladığı bütün tamaşaları öz övladı kimi sevir. Yeri gəlmişkən, Tanrı onu övlad payından məhrum etsə də, böyük istedadla mükafatlandırıb. Bu na görə də Cənnət Səlimova quruluş verdiyi tamaşalara rejissor sevgisindən əlavə, analıq sevgisi də qatır. Cənnət xanımın analıq sevgisini bütün tələbələri kimi mən də hiss etmişəm...

 

 

- Cənnət xanım, eşitdiyimə görə, siz ADU-nun filologiya fakültəsini bitirmisiniz. Cənnət Səlimovanı filologiyadan teatra aparan hansı səbəb oldu?

- Mən uşaqlıqdan teatra həvəs göstərmişəm. Orta məktəbi bitirəndən sonra da bu sənətə gəlmək istəyirdim. Ancaq atam razı olmadı. Qabağıma şərt qoydu ki, "əvvəlcə ali təhsil al, sonra nə istəyirsən elə". Ona görə də, teatra yaxın olan sahəni -filologiyanı seçdim. Ancaq universitetdə oxuduğum illərdə də teatrdan uzaq qalmadım, tez-tez tamaşalara baxmağa gedirdim. ADU-nu bitirəndən sonra Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna daxil oldum. 1967-ci ildə Leninqraddan qayıdandan sonra bir müddət rəhmətlik Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"-in nəzdində fəaliyyət göstərən aktyorluq kurslarında dərs dedim. Sonra Rus Dram Teatrında rejissor kimi fəaliyyətə başladım. 25 il bu teatrda tamaşalar hazırlamışam, eyni zamanda respublikamızın bir çox teatrlarında tamaşalara quruluş vermişəm. Həhayət, 1991-ci ildə Bakı Kamera Teatrını yaratdım. Daha sonra bu teatr Gənc Tamaşaçılar teatrı ilə birləşdirildi...

- Yeni teatr yaratmaq hansı ehtiyacdan doğdu?

- Mənim üçün gənclərlə işləmək çox maraqlıdır. Çünki bu, sırf mənim məktəbimdir. SSRİ dövründə teatr sənətində bir sıra nəhəng sənətkarların məşhur məktəbləri var idi və onların sinfinə hər adam düşə bilmirdi. SSRİ dağılandan sonra teatr sənəti üçün də yeni dövr başlandı. Mən də yeni teatr yaratmaq fikrinə düşdüm.

- Uzun illər teatrlarda tamaşalar hazırlamısınız və gənclərlə işləmisiniz. Yeni nəsil gənclərlə, o dövrün gənc aktyorları arasında hansı fərqlər var?

- Heç bir fərq yoxdur. Sadəcə olaraq o dövrdə bizim sənət daha çox prestijli idi. Digər tərəfdən, o dövrdə maddiyyat çox önəm kəsb etmirdi. Hamı təxminən eyni miqdarda və vaxtlı-vaxtında maaş alırdı. Səhnəyə çıxan gənc aktyor az bir zaman ərzində məşhurlaşa bilirdi. Amma indi aktyor sənətinə gələn gəncləri mən qəhrəman adlandırardım. Əsasən gənclərlə işlədiyimə görə bu qənaətə gəlmişəm. Bu gənclər həqiqətən sənəti çox sevirlər. Teatrı hamımız sevirik. Ancaq teatr yalnız alqış və təzimlərdən ibarət deyil. Teatr gündəlik ağır zəhmət deməkdir. Bunlar gündəlik ağır zəhmətdən sonra ayın axırında cüzi miqdarda maaş alırlar. Gənc aktyorlarda sənətə olan vurğunluq məni sevindirir. Onlar hətta bilə-bilə ki, kənarda da pul qazana bilərlər, teatrı atmırlar. Bax, onların bu keyfiyyəti mənim üçün böyük önəm kəsb edir. Çünki teatr üçün ancaq sədaqət lazımdır.

- Bəzən bu sədaqət bir çoxları üçün ailədə problem yaradır. Xüsusən də qadın sənətçilər arasında. Və bu insanlar ailələrinin dağılmasını sırf sənətlə əlaqələndirirlər. Hecə bilirsiniz, sənət doğrudanmı xoşbəxt ailə qurmağa mane olur, və yaxud əksinə?..

- Mən belə şeyləri başa düşə bilmirəm. Hamının ailəsi var. Aktyorluq, ümumiyyətlə, incəsənət də digər peşələr kimi adi peşədir. Ədil İsgəndərovun gözəl ailəsi olub, bizim digər böyük sənətkarların gül kimi ailələri olub. Başqa sənətlərdə də belə şeylər olur. Mənim üçün aktyorluq, rejissorluq həkim peşəsi kimi bir şeydir. Hər şey adamın özündən asılıdır. Ailədə problem yaratmadan hər bir peşə ilə məşğul olmaq olar. Nigar Rəfibəyli gözəl ana idi. Bununla yanaşı Azərbaycanın görkəmli şairlərindən biriydi. Şer yazmaq üçün o ailəsini atmalıydı?

- Teatr sənətində irəli getmək problemi də var. Bəziləri istedadı olmaya-olmaya, belə deyək, müxtəlif yollarla tamaşalarda baş rolları oynayırlar, şan-şöhrət yiyəsi olurlar...

- Mən inanmıram ki, kimsə istedadı olmaya-olmaya irəli gedə bilsin. Siz məni bağışlayın, hoppanıb-düşməklə, təlxəklik etməklə, obraz yaratmaq başqa-başqa şeylərdir. Teatrda işləmək üçün istedad, qabiliyyət və əziyyət çəkmək lazımdır. Əgər səndə istedad, bacarıq yoxdursa, deməli sənin istəyin yoxdur. İstedad insanın içərisindəki alovdur, onu üzə çıxarmaq üçün işləmək, zəhmət çəkmək lazımdır. Ancaq istedadsızın içində həmin alov olmur, buna görə də bir-iki ay işləyəndən sonra istedadsızlığını başa düşür və irəli getmək üçün başqa vasitələrdən istifadə edir. Həmin başqa vasitə isə təmamilə başqa peşədir. Onlar səhnənin imkanından başqa yolla getmək üçün istifadə edirlər. Belələri haqda ümumiyyətlə, danışmaq istəmirəm. Çünki mən sırf aktyorlarla işləyirəm.

- Siz sənətkara lazım olan şan-şöhrətə, bütün titullara sahibsiniz. Daha nələr qalıb?

- Mən ən böyük titulu qazanmamışam. Bu da mənim özümün fikirləşdiyim əsl rejissorluq səviyyəsidir. Yəni mən hələ öz aləmimdəki yüksəkliyə qalxa bilməmişəm və hər gün zəhmət çəkib çalışıram ki, o zirvəyə qalxım.

- Elə bir əsər varmı ki, çox istəsəniz də, səhnəyə qoya bilməmisiniz?

- Belə tamaşalar çox olub. Mən Hüseyn Cavidin "İblis" və əsərini səhnəyə qoymağı çox istəmişəm. Ancaq qoya bilməmişəm. Rus Dram Teatrında işləyəndə "Şeyx Sənan"a quruluş verdim və bu tamaşa mənim üçün ən dəyərli tamaşalardandır.

 

Söhbətləşdi: İltifat HACIXANOĞLU