adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2021 11:02
69779
ANALİZ
A- A+

Əbülfət Mədətoğlu: Bir soykökün budağı

Qurban Bayramovun 75 illik yubileyinə əl boyda məktub

Çox hörmətli Qurban müəllim! Sizə yazmağa başladığım bu məktub əslində hər görüşümüzdə, hər telefon zəngimizdə bir-birimizlə etdiyimiz bu və ya digər mövzunun müzakirələrindən yaddaşımda daha çox qalanların bir qismidir. Mən həmin o qismə də söykənərək özümü bir az da toparlayıb sizin kimi qaynar, həssas, sözə qarşı son dərəcə diqqətcil olmaqla yanaşı, həm də Qarabağ üçün, el-oba üçün sino gedən bir alimə, bir professora və nəhayət ərklə demək istədiyim Dosta üz tutdum. Təbii ki, bütün müraciətlər, bütün məktublar hətta adi telefon zəngləri də daha çox məqsədli olur, ya hansısa bir məsələnin xahişi, ya hansısa bir problemin çözümü və sairə və ilaxır. Elə mənim məktubum da məqsədlidi. Amma necə deyərlər xoşməramlı məqsəddir. Çünki...

Sizə açıq etiraf edim ki, daşıdığınız soyad mənim üçün çox doğmadı. Bu doğmalığı da yaşadığımız sovet dönəmində daha çox kitabla, ədəbiyyatla maraqlanan gənclərdə, uşaqlarda, yeniyetmələrdə az qala bir ideoloji iş kimi baş qaldırırdı. Gənclər daha çox kitabxanalara, bədii mütaliəyə üz tuturdular. Doğulduğum Qarabağın Tuğ kəndində böyük bir kitabxana var idi. Mən də o kitabxananın ən fəal oxucularından idim. Kitabxanaçının sorğu-suallarından keçdiyimə görə o bəzən mənə birdəfəyə iki-üç kitabı götürməyə icazə verirdi. Hər dəfə kitabları qaytaranda bu yaşlı qadın bir az acıqlı təbəssümlə soruşurdu:

  • Oxudun, indi danışa bilərsən bu kitab haqqında mənə?

Bu məqamı elə belə xatırlatmıram. Oxuduğum kitabların arasında xalq yazıçıları Bayram Bayramov və İlyas Əfəndiyevin əsərləri xüsusi yer tutur. Ümumiyyətlə o dövrün ədəbi dili mənim üçün ana laylasını xatırladır. Ona görə də acgözlüklə mütaliə edir və qarşıma da məqsəd qoymuşdum ki, mütləq Bayram müəllimlə görüşəcəm. Allah məni bu arzuma çatdırdı. Universitetdə oxuduğum illərdə bir neçə dəfə evinin qonağı oldum, söhbətlərini dinləyib məsləhətlərini eşitdim və Bayramovlar soyunu demək olar ki, daha dərindən tanımağa başladım. Həmçinin çox hörmətli alimimiz professor Əkbər Bayramovun da dərslərini dinlədim. Və beləcə bu soyad mənə sözün həqiqi mənasında doğmalaşdı. Günlərin bir günü Qurban müəllimlə üz-üzə gəldik. Adını eşidib özünü ilk dəfə gördüyüm Qurban Bayramovla məni Nemət Veysəlli tanış etdi. Nemət Veysəlli özünəməxsus şirinliklə dedi:

  • Ə, Əbülfət, bu Qurban çox yaxşı kişidi. Dost olmalı adamdı...

İllər bir-birini əvəz etdikcə Həmin O Yaxşı Kişi, Həmin O Dost olmalı adamla həqiqətən aramızda Doğmalıq körpüsü salındı. Özü də səmimiyyətdən, güvəndən, bir də halal sözdən tikilmiş körpü. Günündən, saatından asılı olmadan Qurban müəllim məni, mən də onu ərklə arayıb yazı-pozu ilə, ədəbiyyatla bağlı fikirlərimizi bölüşdük. Hətta o çox dəqiq bir redaktor kimi mənim yazılarıma münasibət bildirib fikir söyləməklə şərəfləndirib də. Yəni Qurban müəllimin diqqətindən söz yayınmır. O zərgər dəqiqliyi ilə sözün qatlarına diqqət yetirir. Onun ilk görüntüsünə görə yox, mahiyyətinə, fikir yükünə görə dəyərləndirir. Burda tam səmimi şəkildə bir etiraf etmək istəyirəm. Belə ki, Qurban müəllimin mənim yazılarımla bağlı söylədiyi fikirlər, hətta çox boyük sevgi ilə yazdığı monomental elmi-tənqidi məqalə mənim özümə bir növ yenidən tanıtdı. Barəmdə yazılmış həmin silsilə məqalə dövri mətbuatda həqiqi mənada əks-səda doğurdu, diqqəti çəkdi. Bu da Qurban Bayramovun bir ədəbiyyatşünas alim kimi sözə, bədii yaradıcılığa bütövlükdə söz mətbəxinə onun dərindən bələdçiliyini göstərən detallardan biridir.

Mən Qurban müəlimin yubileyi günlərində onun elmi məqalələri, kitabları, bütövlükdə yaradıcılığı barəsində fikir söyləmək niyyətində deyiləm. Birincisi ona görə ki, alim barəsində dəyərli elmi fikir söyləmək üçün onun sahəsini ən azı özü qədər bilməlisən. Ikincisi də əgər Qurban müəllimi hamı tanıyır, hamı yaradıcılığını və şəxsiyyətini mükəmməl və bütöv halda görürsə, onda mənim deyəcəyim də bəlli olanlardan o qədər də fərqlənməyəcək. Ona görə də ağsaqqal dostum, dəyərli alim, həmyerlim və həm də mənə yazmaq üçün hər zaman stimul verən Qurban müəllimin doğum gününü, daha doğrusu yubileyini ancaq azad olunmuş torpaqlarımızın, böyük zəfərimizin, Ağdamımızın, Şuşamızın, Kəlbəcərimizin, bir sözlə otuz il nisgilini yaşadığımız yerlərimizin gül-çiçək ətirli, dağ havalı, şəlalə çoşqulu və bulaq suyu kimi dupduru sevincini, xoşbəxtliyini və bir də uzun ömrünü arzu edirəm. Düşünürəm ki, məhz həmin torpaqların sevdalısı olan Qurban müəllimin doğma ünvanlardan, uşaqlığının, gəncliyinin izləri qalan yerlərdə ömrünün səksənini, doxsanını, yüzünü yaşayıb qeyd etmək ən böyük mükafat olar, həm də ən gözəl hədiyyə!

Son olaraq:                 

Hörmətli professor, əziz dostum Qurban müəllim! Bu məktubla əslində mən sizə heç nə demədim. Çünki siz özünüz öz barənizdə hər şeyi çox gözəl, zaman-zaman demisiz. Mən sadəcə olaraq bu məktubu sizi təbrik etmək, bir də Sizi, yəni yubileyinizi sevənlərinizin yadına salmaq üçün yazdım. Ürəkdən təbrik edirəm.

Digər Xəbərlər