adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 May 2021 12:00
159094
MÜSAHİBƏ
A- A+

" Qayıtdı ki, bala, bu ağılla səndən direktor olub, pul qazanan olmaz....."- MÜSAHİBƏ

Füzuli rayonun Mollaməhərrəmli kənd orta məktəbinin direktoru Bəşir Əliyev Adalet.az saytına müsahibə verib.


- Bəşir müəllim, Füzuli rayonunda məktəb direktorusunuz. Şəhərdə məsələlər göz önündədir, bəs, rayonlarda necədir vəziyyət? Təhsilin səviyyəsinin harda olduğunu deyə bilərik?

- Təhsilin səviyyəsi cəmiyyətin ona tələbindən asılıdır. Füzuli rayonu həmişə ziyalı, aydın insanlar yetişdirib, bu gün də rayon camaatının elmə, təhsilə marağı böyükdür. Təhsildə olan ümumi problemlər zamanla aradan qalxır, buna görə də gələcəyə daha ümidliyəm.

- Məsələn, sizi gənc müəllim, ən gənc direktorlardan hesab edə bilərik. Yaşadığınız bölgədə təhsilin inkişaf etməsi ilə bağlı nələr etmisiniz? Yaxud, nələr etmək lazımdır? Təhsildəki əsas problem ümumi təhsil sistemindən qaynaqlanır, yoxsa fərd olaraq müəllimlərin özündən?

- Mən 1 il 3 aydır ki, Füzuli rayonu Mollaməhərrəmli kənd orta məktəbinə direktor təyin olunmuşam, imtahan və müsabiqə yolu ilə. Keçmiş ənənədən kənar ( bir qəpik pul vermədən). Yaşadığımız bölgə 6 ay öncəyə qədər cəbhə bölgəsi hesab olunurdu, artıq bu çətinlikdə aradan qalxıb. Son bir ildə buraxılış siniflərində məktəb daxilində buraxılış imtahanlarına uyğun fənlərin tədrisi üçün əlavə saatlar təşkil etmişik və nəticədə 11-ci sinifdə oxuyan 6 şagirdin 5-i uğurlu nəticə əldə etmiş oldu. Onların 3-ü ali məktəblərə, 2-si texnikumlara qəbul olunacaq. Bir sözlə, təhsilin inkişafı tədrisin düzgün təşkilindən asılıdır.

- Cəbhə bölgəsi demişkən, müharibədən əvvələ qədər hansı problemləri yaşadırdı? Təhsilə bir maneə olurdumu? Yaxud, indi sayılmadığına görə hansı, necə bir inkişaf gedə bilər, gedəcək?

- Müharibədən öncə ilk növbədə şagird sayına, davamiyyətə mənfi təsir edirdi. Bəzi valideynlər azyaşlı övladlarını cəbhədən kənarda yerləşən məktəblərdə oxumağına üstünlük verirdilər. İndi daha o kimi problemlər yoxdur. İnkişaf istək olan yerdə həmişə gedəcəkdir.

- Bəşir müəllim, mövcud pandemiya vəziyyətinə görə necə bəs? Məsələn, şəhərdə vəziyyət yaxşı deyildi, online dərslər effektiv nəticə vermədi, ilk əvvəllər daha çox problem oldu, internet problemindən tutmuş, digər problemlərə qədər. Kənddəki şagirdlərin davamiyyəti necə oldu bəs? Geri qalmamaq üçün nələr edildi?

- Müharibənin qızğın vaxtında şagirdlərimiz ön cəbhəyə yemək göndərməyə kömək edirdilər. Əslində, pandemiya bütün dünyada olduğu kimi Azərbaycanı da qəfil yaxaladı sözün əsl mənasında. Buna görə də çox çətinliklər oldu, amma rəhbəri olduğum kollektivin dəyərli müəllimləri çətinliklər olsa da, onların dərsləri keçməyi bacardılar. İnternet problemləri olduğu üçün ən çox whatsap üzərindən bu işləri həyata keçirməyə çalışırdıq.

- Deyirsiz, hər şey obyektiv oldu? Məsələn, demək olar, şəhərin bütün məktəb və universitetlərinndən düzgün qiymətləndirilməmə narazılıqlarını eşitmək olurdu..

- Mənim təşəbbüsümlə qiymətləndirmə prosesini 3 gün ərzində pandemiya qaydalarına uyğun olaraq hissə-hissə əyani imtahana cəlb etdik və obyektiv şəkildə qiymətləndirmə aparmağı bacardıq. Yekunda isə bir il ərzində ümumi dərs mənimsəməsinin aşağı olduğunu aşkar etmiş olduq.

- Distant təhsilə keçməyin vacib olduğunu qeyd edənlər də var. Nə düşünürsünüz, bizim təhsil sistemində alınacaqmı? Bu qədər vaxt ərzində bu təhsil forması yaxşı nəticə verməməyi gələcək üçündə keçərlidir, yoxsa deyirsiz, getdikcə düzələcək?

- Mən ümumiyyətlə zərurət olmadıqca distant təhsilin əlehinəyəm. Çünki həm cəmiyyət olaraq, həm də ki, infrastruktur baxımından tam distant təhsilə hazır deyilik. Adi bir misal çəkim, bir evdə 4 fərqli sinifdə oxuyan şagird varsa, ən azı 4 planşet və ya telefon lazımdır. Bu isə orta stastistik Azərbaycan ailəsində mümkün deyil.

- Günümüzdə təhsilin ən böyük üç problemi deyilsə, bunlar hansı olardı?

- 1. Repititorluq sisteminin geniş yayılması (Müəllimə  yüksək maaş verib, inzibati nəzarət təşkil etsək həmin yüksək nəticələri məktəbdə də əldə etmək olar)
2. Populyar peşələrə kütləvi axın ( hüquqşünas, həkim, müəllim olmaq istəyi)
3. Rayon məktəblərinin maddi-texniki bazasının zəif olması ( Laboratoriya, informatika otaqlarınin olmaması)

- Repititorluqla məşğul olan müəllimlər məktəbdə dərsləri qəsdən zəif keçirlər ki, şagirdlər pul verib onların yanına hazırlığa gəlsin-deyə fikirlər var. Düzdü bu? Düzdürsa, bunu müəllimlik etikasına zidd bir şey kimi qələmə verək, yoxsa, müəllimin bu günə salan ehtiyaclar, təhsil sistemi kimi?

- Bu suala konkret cavab verim. Ehtiyac qanunları pozur həmişə....

- Amma hesabatlarda deyilir ki, rayonlara maddi-texniki baza ayrılır. Bəs, buna nə deyək? Belə çıxır ki, yeyinti olunur?

- Maddi-texniki baza məktəblər tikiləndə formalaşır adətən. Buna misal olaraq son illərdə tikilən əksər məktəblərdə bu sahədə problem yoxdur. Lakin Sovet dövründə tikilən, amma müasir dövrün tələblərinə uyğun olmayan infrastruktura sahib əyalət məktəblərində bu kimi problemlər vardır.  Qaldı yeyinti məsələsinə, artıq son dövrlərdə nazirlik tərəfindən ayrılan bütün mal və invertasiya malları çox şəffaf formada məktəblərə çatır.

- Müsahibə üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm. Sonda bir məqamı qeyd etmək istəyirəm ki, mən direktor təyin olunduğum məktəbdə çatışmayan ləvazimatlar barədə təqdimat yazmışdım, bir neçə gün sonra lazım olan əşyalar göndərildi bizə. Yaşlı bir dayının  yük maşını ilə getdik həmin əşyaları qəbul edib, məktəbə aparmağa. Yük yığılandan sonra ağsaqqal sürücü qayıtdı ki, müəllim, sizin eviniz hansı tərəfdədir? Dedim, nəyə görə soruşursan? Dedi, bunlar sizə getməyəcək bəs? Dedim ağsaqqal day o "babalar" öldü, məktəbə gələn şeylər məktəbə və şagirdlərimizə görə göndərilib. Qayıtdı ki, bala, bu ağılla səndən direktor olub, pul qazanan olmaz.....
Fikirimi bununla yekunlaşdırıram ki, hər şeydən əvvəl düşüncə, təfəkkür dəyişməlidir cəmiyyətdə, yoxsa, yaxın onilliklərdə inkişaf gözləmək sadəlövhlük olar!

Söhbətləşdi; Orxan Saffari