adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 May 2021 17:14
21635
ANALİZ
A- A+

Tariximizin ən şanlı və parlaq səhifəsi

1918-ci il 28 may təkcə Azərbaycanın tarixində deyil, bütün müsəlman aləmində və türk dünyasında xüsusi bir gündür. İlk növbədə, müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Parlamentinin 2-ci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı: qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əmək haqqının müəssisə sahibinin hesabına ödənilməsi. Eyni zamanda, qadınlar üçün qısa müddətli müəllimlik kursları, peşə- ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı.Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Məhz belə bir anda - 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır. Ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərin əsası qoyuldu. Və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən bu prinsiplər əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün biz fəxrlə deyirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki,onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Və əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri,terroraktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayırlar. Hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Cənab Prezidentin yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq. Onun həyata keçirdiyi uğurlu dövlət idarəçiliyi, sosial, iqtisadi, siyasi və kadr sahələrində aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Xüsusən də COVİD-19 pandemiyası dövründə hər bir vətəndaşın yanında olan, onun sağlamlığını və rifahını hər şeydən üstün tutan Prezident İlham Əliyevin imzaladığı Sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə başçısı tərəfindən daha da gücləndirilən davamı siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.

Xalqımızın müstəqillik tarixində və qəhrəmanlıq salnaməsində yeni bir dönəm başlamışdır. Bu il hər bir hadisə özü-özlüyündə fərqlidir, yenidir. Bunun da əsas səbəbi 30 illik həsrətdən sonra Qarabağa qovuşmağımız, ərazi bütövlüyümüzü təmin etməyimizdir. Azərbaycanın çox şanlı tarixi olub, ancaq Qarabağın işğal olunması, vətəndaşlarımızın erməni vandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıq sindromu yaratmışdır. Ona görə də bayramları da, tarixi günləri də ürəkdən keçirə bilmirdik. Ancaq, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun möhtəşəm Qələbəsindən sonra sanki, xalqımızın özünə inam hissi daha artdı. Məşhur bir şer də deyildiyi kimi, “haqqım var, öyünüm Azərbaycan deyəndə” – bəli, bu haqqı bizə ölkəmizin başçısı, diplomat,sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. 17 il boyunca hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan diplomatiya Azərbaycanı strateji cəhətdən önəmli, nüfuzlu dövlətə çevirmişdir. Ölkədə aparılan nəhəng quruculuq işləri, əldə edilmiş mühüm siyasi və iqtisadi nailiyyətlər ictimai həyatın bütün sahələrində tərəqqinin bariz göstəricisidir. Azərbaycanın çoxlu sayda siyasi, mədəni, elmi və digər səpkili beynəlxalq tədbirlərə, forumlara, mötəbər musiqi və idman yarışmalarına ev sahibliyi etməsi qabaqcıl dünya dövlətlərinin sırasında qüdrətini hər zaman nümayiş etdirmişdir. Eləcə də Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü hər bir təşəbbüs bütün Azərbaycan vətəndaşları tərəfindən alqışlanır, qarşıya qoyulan vəzifələri daha fəal, şövqlə həyata keçirməyə ruhlandırır. Nəticə isə mükəmməl oldu, Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. İndi Qarabağda quruculuq işləri aparılır, tezliklə həmin ərazilərin vətəndaşları orada yaşamağa başlayacaqdır. Cənab Prezidentin də dediyi kimi, “biz bu torpaqlara qayıtmışıq, əbədi olaraq öz tarixi torpaqlarımızda yaşayacağıq”. Bir daha Respublika günü münasibəti ilə xalqımızı təbrik edirəm, inkişaf edən, çiçəklənən, güclü Azərbaycan naminə bir olaq, uğur, yüksəliş, sülh, əmin – amanlıq başımızın üzərindən əksik olmasın!

Hicran Hüseynova

Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri,

professor

Digər Xəbərlər