adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 May 2021 16:19
80808
MÜSAHİBƏ
A- A+

Gülşən  Ağayeva: "Elə məqamlarla rastlaşıram ki..."

"Gərək kanondan çimdiyini əskik etməyəsən..."

 

Kanon Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycanda məşhur olanə musiqi alətidir. Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində bu musiqi aləti barədə geniş məlumat verilib. XII əsrdə yaşayıb-yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olub.

Uzun tarixi inkişaf yolu keçən bu alət zaman-zaman formalaşaraq, dövrümüzə hazırkı forması kimi gəlib çatıb. Bu gün 12 cür kanondan istifadə olunur. Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi xidmətləri olan dahi bəstəkarımız Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov 1912-ci ildə Türkiyədə olarkən, Şərqdə məşhur olan musiqi alətlərindən ud və qanunda çalmağı öyrənib və 1913-cü ildə vətənə qayıdarkən  özü ilə bu iki aləti də gətirib.

Azərbaycanın birinci qadın kanon ifaçısı isə mərhum Asya Tağıyeva olub və 1959-cu ildə onun ifasında ilk dəfə bu alətdə "Bayatı-Şiraz" və "Çahargah" muğamları vala yazılıb. Asya xanımın bu gün onlarla layiqli davamçıları var. Bu gün onlardan biri gənc kanon ifaçısı Gülşən Ağayeva ilə olan söhbətmizi sizə təqdim edirik. 

 

18 illik təhsil...

 

- Gülşən xanım, istərdim söhbətimizin əvvəlində özünüz barədə oxucularımıza məlumat verəsiniz.

- Mən Ağayeva Gülşən İsmayıl qızı Bakı şəhərində anadan olmuşam. Kanon ifaçılığına gəlişim sırf təsadüf nəticəsində olub. Əvvəllər heç bu Alət barədə məlumatım yox idi. Hardasa 8-9 yaşım vardı, o dövrdə bizim təhsil aldığımız 190 saylı məktəbə bir dəfə Pionerlər Evindən bir xanım gəldi. O dedi ki, kanon dərnəyi açılıb ora uşaq seçməyə gəlmişik. Nəsə içimdə görməzə-bilməzə bu dərnəyə yazılmaq həvəsi gəldi və yazıldım da. Sonra anam məni Pionerlər Evinə apardı və kanonu ilk dəfə orada gördüm. Orada 2-3 il bu sənətin sirlərinə yiyələnməyə başladım. Bu müddət ərzində müxtəlif yerlərdə konsertlər verdik, hətta Heydər Əliyev Sarayının səhnəsinə də çıxdıq. 2-3 ildən sonra mən 6 saylı musiqi məktəbinə qəbul olundum. Burada təhsil aldığım illərdə Pionerlər Evindəki dərnəyə də gedirdim. 4 il dərnəkdə, 4 il musiqi məktəbində təhsil alandan sonra Asəf Zeynallı adına Kollecə qəbul olundum.4 il burada, bundan sonra da 4 il Bakı Musiqi Akademiyasında təhsil aldım. Ən sonda Milli Konservatoryanın magistraturasında təhsilimi başa vurdum.

- Deməli, magistratura ilə birlikdə 18 il edir. Sizcə, bir aləti çalaqdan ötrü 18 ilini təhsilə sərf etməyə dəyərmi? Bu təhslin səbəbi yalnız sənətçi olmaq üçündürmü, yoxsa başqa səbəbləri də var?

- Mən bu aləti sevib kanonçu olmuşam. Nə vaxtsa bu sənətdə pullar qazanacağımı ağlıma gətirməmişəm, indi də gətirmirəm. Sadəcə olaraq, özümü bu alətdə tapmışam, onu ifa etmək çox xoşuma gəlir. Həm də bu alət xanımlara çox yaraşır. Bu alət  Şərqdə çox məşhur olsa da, Azərbaycana gec gəlib. Kanonun vətəni Ərəbistan sayılır. Onlarda 12 cür kanon aləti var. Kanon bu gün ərəb ölkələrində, Yunanıstanda, Türkiyədə çox prestijli alət sayılır. Ərəblər bu alətə "qanun" deyirlər. Və bu aləti mən çox sevirəm. Təbii ki, bu alətdə professional ifa etmək üçün 18 il təhsil almaq adamdan böyük səbr tələb edir.

- Adam ona görə bir sənəti öyrənir, ona illərini həsr edir ki, sonradan sənət onu yaşatsın. Bu səbəbdən sizin bu sənət vasitəsilə pul qazanmaq barədə düşünməməyiniz bir az qəribə görünür. Əslində kənardan baxanda pafosla deyilən sözlərə də bənzəyir. Necə yəni, 18 il bu sənəti öyrənmişəm, amma pul qazanmaq barədə düşünmürəm. Məgər pulsuz həyat varmı?

- Kanon ifaçısını məgər bu gün toya çağırırlar ki, pul qazanaq? İkincisi də, Azərbaycan Dövlət Televiziyasının Xalq Çalğı Alətləri Orkestrində çalışıram. Bizim qazancımız yalnız konsertlərdə çıxış etməkdir.

 

Ən zəif alətin qiyməti 500 manatdan başlayır

 

- Azərbaycanda ilk kanon ifaçısı kim olub?

- Onu dəqiq bilmirəm, amma bilirəm ki, ilk qadın kanon ifaçısı Asya Tağıyeva olub. O, "Bayatı Şiraz" muğamını dəstgah formasında kanonda ifa edib.

- Kanon görünüşcə gözə xoş gələn, spesifik şirin səsi olan alət olsa da, nədənsə ifaçılarıın sayı azdır. Bu nəylə bağlıdır?

- Çünki alət çox bahadır. Yəni çox adamın ürəyindən bu alətdə çalmaq istəyi keçsə də, almağa imkanı çatmır.

- Neçəyədir ki?

- Ən zəif alətin qiyməti 500 manatdan başlayır. Normal kanon hardasa 1000-1500 manatadır. İndi hansı valideyn 500 manatr verib uşağını kanon sinfinə qoymağa meyl edər? Şükürlər olsun ki, son illər kanona maraq göstərən uşaqların sayı artıb. Bu gün Bakının əksər musiqi məktəbində kanon sinfi fəaliyyət göstərir. Bu siniflərin də ən azı 2-3 şagirdi olur. Bu da sevindirici haldır. Ali musiqi məktəblərinin kanon şöbəsinin yetərincə tələbəsi var. Çünki kanonçuların sayının azlığı bir kanon ifaçısı kimi məni də narahat edirdi.

 

 

Kanon ifaçısı üçün pul qazanmaq çətin məsələdir...

- Məsələ burasındadır ki, kanona tələb də azdır. Bu uşaqlar kanon ifaçısı kimi yetişdilər, bəs sonra gedib harda işləsinlər? Bayaq özünüz də vurğuladınız ki, toylara kanon alətini sifariş etmirlər. Tanıdığımız ansambllarda da yetərincə kanonçu var...

 - Bəli, təəssüf ki, kanon alətində tələbat azdır. O ki qaldı kanoçuların iş probleminə gənclər bundan narahat olmasınlar. Ölkəmizdə ansambbların sayı artır. Bundan başqa gedib müəllim də işləyəcəklər. Yəni belə şeylərdən çəkinməsinlər.

 

- Bayaq dediniz ki, normal kanon 1000-1500 manatadır. Musiqi məktəbində müuəllimlər 200-250 manat maaş alırlar. Deyək ki, birdən sabah təsadüf nəticəsində bu müəllimin kanonu sındı. Təzə kanon almaq üçün o ən azı yemədən-içmədən bir il işləməlidir. Hələ bu azmış kimi dərslərdə də tələbəyə dərs keçmək üçün tələbəyə yalvarıb onun kanonundan istifadə etməlidir.

- Bəli, mən də sizinlə razıyam ki, kanon ifaçısı üçün pul qazanmaq çətin məsələdir. Amma yenə də deyirəm, hər şey pulla ölçülməməlidir. Yaxşı sənətkara hər yerdə pul var...

 

- Olmazmı ki, kanonçular birləşib bir ansambl yaratsınlar, repertuarlar hazırlayıb konsertlər versinlər?

- Mən sizə deyim ki, Milli Konservatoriyanın tələbələrindən ibarət belə bir ansambl var. Amma onları da çox konsertə dəvət etmirlər, çox nadir hallarda konsertlərdə iştirak edirlər.

 

Bizim alət ustaları yaxşı tar, kamança, dəf, nağara, tütək, balaban, zurna düzəldirlər, amma kanon düzəltməyi bacarmırlar…

 

 

- Azərbaycanda kanon düzəldən ustalar varmı?

- Azərbaycanda çox aşağı səviyyəli kanonlar düzəldilir. Bizdə hazırlanan kanonlar çox keyfiyyətsiz olurlar. Bizim alət ustaları yaxşı tar, kamança, dəf, nağara, tütək, balaban, zurna düzəldirlər, amma kanon düzəltməyi bacarmırlar. Bu gün kanon istehsalında Türkiyə çox irəli gedib. Türk kanon ifaçıları da çox mükəmməl sənətçidirlər. Onlarla bizim fərqimiz odur ki, türklər çərək notdan çox istifadə edirlər. Bu da onlarda təhsilin olmaması ilə bağlıdır. Təhsilsiz, özləri öyrənsələr də çox şirin çalırlar. Mənim özümdə də Türkiyə istehsalı olan alətdir, ondan dərsdə istifadə edə bilmirəm. Yalnız ansamblda onu çalıram.

 

- Heç olmasa, təmir edə bilən usta varmı?

- Sağ olsunlar, təmir etməyi bacarırlar… Ən yaxşı kanon köhnə- 30-40 ilin kanonudur.

- Kanonun özünə məxsus tembri olduğu üçün ansamblda ümumi səsin içində səsi batmır, seçilir. Amma konon ifaçısı bir çox məqamlarda arxa planda qalır, yaddan çıxır. Misal üçün, rəhmətlik Asya Tağıyeva ilk qadın kanon ifaçısı idi, amma "xalq artisti" fəxri  adını ona vermədilər. Bu sizi rəncidə etmir ki?

- Bəli, bütün zamanlarda tarla kamança bərkgedən alət olub. Həmişə ona xüsusi hörmət edilib. Məsələ burasındadır ki, kanonda da hər muğamı çalmaq olmur, axı. Olur, amma adamın ürəyi istədiyi kimi alınmır.

 

- Həmkarlarının arasında kimlərin ifasını bəyənirsiniz?

- Azərbaycanda elə bir kanonçalan yoxdur. Mən əsasən türk ifaçılarının çalğısını çox xoşlayıram.

 

- Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə xaricdən kanonçalanlar gəlirlər. Sizlər də xaricə bu kimi tədbirlərə dəvət alırsınızmı?

- Hələ belə təklif almamışam.

 

Elə məqamlarla rastlaşıram ki, əlimi qaldırıb "əşi" deməkdən başqa çarəm qalmır…

 

- Təklif almamısınız, özünüz təşəbbüs göstərin, axtarın, qatılın. İndi İnternet vasitəsilə hər yerdən xəbər tutmaq olur…

- Bilirsinizmi, Azərbaycan bu saat başqa vəziyyətdir. Hər kəs öz adamını irəli çəkir. Kiminsə qapısını döyürsən, açılmır… Həm də bütün ölkələrdə bu dəqiqə pandemiyadır. Konsert filan yada düşmür, hamı canının hayındadır…

 

- Kiminsə qapısını döymüsünüzmü?

- Şəxsən mən döyməmişəm, amma döyənlər olub, heç nə əldə etməyiblər…

 

- Hər kəs özü üçün iş görür. Bəlkə sizə düzgün məlumat verməyiblər, ki qapını döyəndə açmırlar… Tənbəllik etməyib, bir  özünüz də təşəbbüs göstərin, bəlkə nəticə əldə etdiniz.

- Elə şeylərlə qarşılaşırsan ki, istər-istəməz inciyirsən. Tənbəllikdən söhbət getməz. Amma elə məqamlarla rastlaşıram ki, əlimi qaldırıb "əşi" deməkdən başqa çarəm qalmır.

 

- Kanonu çimdikləməklə gözəl səslər çıxarmağa məcbur edirsiniz" Nə vaxtsa sizdən inciyib, artıq-əskik səs çıxarmır ki?..

- Xeyr, əslində onu çimdikləməyəndə səndən küsür, şıltaqlıq etməyə başlayır. Gərək kanondan çimdiyini əskik etməyəsən... Bəzi vaxtlarda kanon özü sözümə baxmayıb məni özündən incidib. Çünki nə qədər istedadlı, virtuoz ifaçı olursan-ol, əgər alət sözünə baxmırsa ifa alınmayacaq.  Hərdən Türkiyə telekanallarında konsertləri izləyirəm. Elə kanonları görürəm ki, qiyməti ən azı 3000 manatdır. Bu kanonu yuxumda da görürəm. Ən böyük arzum belə bir kanona malik olmaqdır. Kaş ki, bir nəfər tapılaydı mənə o kanondan birini hadiyyə edəydi. Elə gözəl ifalar meydana çıxarmaq olardı... Kaş ki…"

 

Söhbətləşdi: İltifat HACIXANOĞLU