adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Gəncədəki halal KİŞİ Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
35747 | 2021-05-31 17:03

 Onun sözü də HALALdı

Söz adamlarının taleyi sözlərinə oxşayır. Elə ki, onların sözləri ilə üz-üzə qaldım özlərini görməyə, hətta o sözlə onların özlərini də oxumağa başlayırsan... Bir də onda ayılırsan ki, sözünü oxuduğun adamın özünü də sözü qədər tanıyırsan, sözü qədər özünü doğma bilirsən. Bax, bu bucaq altında baxanda mən Gəncədəki bir Halal söz adamını düşünürəm, xatırlayıram. Üstəlik, onu da xatırlayıram ki, bu Halal Söz Adamı göylərdən də xəbərdardır, yerlərdən də. Göylərin də dilini, sirrini bilir, yerlərin də. Hətta ona göylərdən də səda gəlir, yerlərdən də. Mən bunun canlı şahidiyəm. Çünki...

Tam səmimi, necə deyərlər əlim ürəyimin üstündə etiraf edim ki, onunla tanışlığımız sözdən başlayıb. Oxucusu olmuşam. Oxucusu ola-ola da onun tələbələrinin, yetirmələrinin dilindən düşməyən adının içində səmimi bir həsəd hissi yaranır. Belə ki, hələ müharibənin «Daş dövrü»ndə şair dostum Xosrov Natil Gəncədəkit təhsil illərindən danışanda onun adını xüsusi sevgi ilə çəkirdi. Sonra bu sevgini şair Qəşəm Nəcəfzadənin, Sərvaz Hüseynovun, xüsusilə Elçin İsgəndərzadənin dilindən eşitdim. Özdə təkrar-təkrar. Daha sonra bu çevrə genişləndi. Oraya İradə Aytel də, Elnur Baxış da, İnqilab İsaq da... və başqaları da daxil oldu. Adlarını çəkdiyim dostlarımla hər təmasımda ondan danışdıq. Onun səmimiyyətini, halallığını, ağayanalığını, eləcə də sözün şah damarına işləmək qabiliyyətini müzakirə etdik. Bax, beləcə tanıdım mən onu. Yəni sözünü tanıdığım Adamın. Sonra telefon bağlantılarımız yarandı. İlk dəfə telefonda duydum səsini. O səs də sözü kimi həlim idi. Çəkdi məni təkrar özünə. Və günlərin bir günü də ədalətin Gəncədəki təmsilçisi Yaşar Nəbiyevlə Füzuli Rüzgar onun salamlarını çatdırdı mənə, bir də yazılarını. Həmin andan ədalətin bir yazıları da, bir müəllifi də artdı. Yəqin ki, onun kimliyini səbirsizliklə gözləyirsiz bu yazını oxuduqca. Amma tələsməyin, bir az da gözləyin. Onda biləcəksiniz ki, Şeyx Nizami yurdunda sözün keşiyində duran, söz adamlarını öz ətrafında cəmləyən dünyanın ən təmənnasız, ən iddiasız, amma ən halal bir yazıçısı yaşayır. Maraqlıdır ki, onu görə-görə bəzən görməməzliyə vuranlar da olur. Hətta yubileylərinin keçirilməsini də bu istiqamətdə hansısa bir addımı atmağı da özlərinə rəva bilməyənlər az deyil. Olsun! Bu, heç nəyi dəyişmir. Çünki ortada söz var, bir də o sözü yaradan Kişi!

... Üç il bundan öncə Gəncədə görüşdüm onunla. Tiflisdən qayıdırdım. Yolda daha doğrusu, sübh tezdən sərhədi keçəndə Füzuli Rüzgara zəng vurdum. Axşamdan danışdığımızda ona zəng etməli idim. Füzulidən xahiş etmişdim ki, Gəncənin ən çox xoşladığı dovğasını almaqda mənə yardımçı olsun. Eşitmişdim ki, xüsusi yerlərdə həmin dovğanı bişirib satırlar. Təbii ki, Füzuli də sözümü qəribçiliyə salmadı. Dedi ki, sərhədi keçən kimi birbaşa Gəncəyə gəl. Onun dediyi ünvana gəldim. Çatanda gördüm ki, küçədə dayanıb gözləyir. Görüşdük, məni yaxınlıqdakı kafeyə dəvət etdi, səhər çayı içmək üçün. Elə gedə-gedə dedi ki, indi ustad da gələcək, axşam ona xəbər vermişəm gələcəyini.

Doğrusu, həm sevindim, həm də yaşlı bir adama əziyyət verdiyimizə görə rahatsız oldum. Amma artıq iş-işdən keçmişdi. Biz kafeyə daxil olub yenicə əyləşmişdik ki, qapı açıldı. Çöhrəsindəki nurla içəri bir Halal Kişi daxil oldu. Şəkillərdən çöhrəsini tanıdığım Qərib Mehdi idi gələn. Onda pandemiya olmadığından möhkəm qucaqlaşdıq. Köhnə dostlar kimi görüşdük. Hətta bir az ərklə məni danladıda ki, evə gəlmək lazımdı, kafeyə yox...

Mən bu təsadüfi görüşü elə belə xatırlatmıram. Bununla demək istəyirəm ki, hər gün gözünü mazol edən adamları görməkdənsə ruhuna doğma olan, halal sözün kənkanı, kişiləri, bütövlükdə yaradıcıları uzaqdan-uzağa görmək daha gözəldi, daha maraqlıdı. Onlarla hər gün görüş həyatda nəyəsə naxış vurur, ilmə atır və beləcə ömür də mənalanır. Biz o çay süfrəsi arxasında ədəbiyyatdan, sözdən, yaradıcılıqdan, sonra mətbuatdan danışdıq. Qərib müəllim «Ədalət» qəzetinin ədəbiyyat yolundakı missiyasında çox böyük sayqı və sevgi ifadə etdi. Xüsusi bir şəkildə vurğuladı ki, sağ olsun qəzetin rəhbərliyi, bölgələrdəki ədəbiyyatı, onların təmsilçilərini yaddan çıxarmır. Şəxsən biz Gəncədə ədalətin hər bir nömrəsini səbirsizliklə gözləyirdik. Elə ay, bəzən elə həftə olmur ki, bu qəzetin səhifəsində Gəncə yazarlarının imzası olmasın. Budur mətbuatın xidməti. Bunun üçün də biz Gəncə yazarları sizə həmişə minnətdarıq.

Təbii ki, bu xoş sözlər, bu qiymət mənim Gəncə səfərimdəki ən böyük qazancım idi. Haqqımızın etirafı məni də qürurlandırmışdı, mənə qol-qanad vermişdi. Ona görə də tam səmimi şəkildə müəyyən iradları da çözdük. Qərib müəllim dedi ki, onlar normal bir prosesdir. Hər yazar və hər yazı önəmli ola bilməz. Amma hər yazının içində mütləq bir söz, bir fikir var ki, o önəmlidir, ona istinad edib yazını çap etmək olar.

Bəli, bax bu təəssüratın içindən çıxıb gəlirəm mətləb üstünə. Demək istəyirəm ki, Qərib müəllimin kitablar, sözü barəsində mən də öz biliyim daxilində fikir söyləmişəm, oxucu münasibətimi bildirmişəm. Amma Qərib müəllimin mənim 60 illik yubileyimlə bağlı yazdığı məqalənin qarşısında təbii ki, mənim sözüm bir az boynu bükük olub. Axı, Qərib Mehdi sözü daha böyük, daha tutarlı, daha kəsərlidir. Bu gün ömrünün növbəti yubileyini qeyd edən Qərib müəllim barəsində oxucu, şair, mətbuat işçisi kimi nəsə demək istəyi ilə özümü köklədim. Yəni məramım, məqsədim Qərib Mehdi yaradıcılığına daha fərqli bir münasibət ifadə etmək idi. Amma gördüm ki, mən bu Halal Kişinin cızdığı çevrədən çıxa bilmirəm. Ona görə də sağ əlimi qaşımın üstünə qoyub gözümə günlük edərək Bakıdan Gəncəyə tərəf boylandım. Gördüm Qərib Mehdini. Elə necə görmüşdümsə o əzəmətdə, o təbəssümlü çöhrədə. Bu da mənə bəs etdi. Çünki Bakıdan baxanda görünən Qərib Mehdi dünyanın harasına baxsan görünəcək. Mənə də onun görünməsi, var olması lazımdı, gərəkdi. Həmin gərəkliyin, lazım olmanın içərisində möhkəm özül olan səmimiyyətin və halallığın yazan qələmi Qərib Mehdinin əlindədi. Bu gün belədir, inşallah sabah da belə olacaq. Bu gün yubileyiniz mübarək Qərib müəllim! – deyirəm. İnşallah sabahlarda da yəqin ki, belə olacaq.

P.S. Qərib müəllim, yəqin ki, ikimizin arasındakı məlum sehirli sözü unutmamısınız. Mən onu ömür boyu yaddaşımda yaşadacam. Bu söz sizin səmimiyyətinizin açarıdır. Baxın görün sizə nəsə deyirlər?..

 

TƏQVİM / ARXİV