adalet.az header logo
  • Bakı 11°C

Aqil ABBAS: FRANSA MİLÇƏK KİMİ  ÜRƏK BULANDIRIR

AQİL ABBAS
64377 | 2021-06-03 18:20

Paşinyan məlum olduğu kimi, Avropa turuna çıxıb və ilk əvvəl də böyük bacıları Fransanın prezidenti Makronla görüşüb. Və Makron da böyük  bir ölkənin prezidenti ola-ola bilmədiyi, daha doğrusu, bilmədiyi  yox ey, bilib, özünü  bilməməzliyə qoyduğu məsələlərə toxunaraq  Ermənistanın  tərəfini saxlayıb. Özü də  guya ATƏT- in həmsədr  ölkəsidir və bitərəf olmalıdır.

Deyib ki, Azərbaycan ordusu  Ermənistanın ərazilərindən çıxmalıdır. Bir qarış da  Ermənistan  ərazisində  Azərbaycan əsgəri  yoxdur. Əksinə, Azərbaycanın  10-a qədər  kəndi hələ də  erməni silahlı qüvvələrinin  işğalı altındadı.  Ermənistanın özünün ərazisi bizə məxsus olsa da, biz  beynəlxalq qanunlara  riayət edərək bütün dünyanın  tanıdığı və qəbul etdiyi Ermənistan Respublikasının sərhədlərini pozmamışıq.  Amma hələ də Ermənistan  Silahlı Qüvvələri  Azərbaycanın ərazisindədir.

İkincisi,  Makron deyir ki, Azərbaycan əsirləri  qaytarmalıdır. Azərbaycan  müharibə vaxtı götürdüyü əsirləri qaytarıb. Bizdə qalanlar əsirlər deyil, terrorçulardır. Və artıq  onların  14-nün istintaqı  başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib. Digərlərinin  də cinayətləri hələ araşdırılır.

Biz Fransa deyilik ki, türk diplomatlarını öldürən, türk turistlərini güllələyən erməni terrorçularını  həbsdən açıb buraxaq və onları Qarabağa döyüşməyə göndərək.

Və Makron deyəsən, prezidentlərin  səlahiyyətindən də xəbərsizdir.  Və bizim  prezidentdən  tələb edir ki, sərəncam verib terrorçuları  buraxsın. Dünyanın  heç bir ölkəsinin  prezidentinin  belə bir  müstəsna  səlahiyyəti yoxdur ki, haqqında cinayət işi qaldırılmış kimisə  açıb həbsxanadan buraxsın. Bu yalnız məhkəmənin, daha  doğrusu, hakimin  səlahiyyətindədi.  Prezident məhkəmənin hökmü çıxandan sonra kimisə əfv edə bilər və təbii ki, terrorçuları yox.

Və həm də heç bir dövlətin Azərbaycanın  daxili işinə qarışmağa  nə hüququ çatar, nə də gücü. Azərbaycan qüdrətli bir dövlətdir, müdrik və dünyanın  qəbul etdiyi  prezidenti var.

Və Makron cavabını Möhtərəm Prezident İlham Əliyevin Ağdam səfərindəki  çıxışında aldı. Bildirdi ki, Avropa Parlamentinin Azərbaycanın əleyhinə  çıxartdığı məlum qərarı bir kağız kimi kənara atıb.

Fransa  da Avropa Parlamentinin  üzvlərindən biridi, deməli, Makronun  bəyanatı Avropa Parlamentinin çıxartdığı qərardan da  iki dəfə  o tərəfə  atılıb.

Makron onu da deyir ki, Fransa  Ermənistanın  yanındadır.  İstəyirsən yanında olma ey, lap Ermənistanı  qucağına al, xeyiri  yoxdu, sizin  minmək istədiyiniz  qatar çoxdan gedib.

Və sonda. Birinci Qarabağ savaşında Ermənistan Silahlı Qüvvələrinin şəhərlərimizi, kəndlərimizi darmadağın etməsini, 20 minə yaxın vətəndaşımızı şəhid  eləməsini, 1 milyona yaxın insanı yurdundan-yuvasından  didərgin salmasını  qoyaq bir  kənara. Həmin  müharibə zamanı 4 minə yaxın azərbaycanlını əsir götürmüşdü. Hələ də onlardan bir  xəbər-ətər yoxdu. Niyə bu barədə Fransa  dilini  dinməz yerinə qoyub?

TƏQVİM / ARXİV