adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyun 2021 09:59
42688
ANALİZ
A- A+

"Üfunət iyi verdiyimə görə günahlandırırlar"- MÜSAHİBƏ

- Salam. Necəsən?

-Salam. Zibil kimiyəm, necə olacam?!

- Özünü təqdim elə zəhmət olmasa.

- Gördüyün kimi mən bir zibil qutusuyam. Şəhərin mərkəzində yerləşən bu balaca məhəllədə yaşayıram. Əvvəl başqa yerdə idim, amma sonradan gətiriblər bura. Özüm haqqında danışmağı çox da xoşlamıram. Amma onu deyim ki, xoşbəxt deyiləm. Hərdən istəyirəm ki, gecələr zibil maşını gələndə " niyə yığmırlar axı, zibil yığan adamlar, bu zibil adamları" deyim, amma maşın tez ağzımdan vurub məni udur deyə, qalıram belə. Heç nə deyə bilmirəm. Həm də, kimdi mənə qulaq asan?!

- İşinin nədən ibarət olduğunu bilirəm. Marağlıdır, ümumiyyətlə, gün ərzində özünü necə hiss edirsən, nə fikirləşirsən? nə etmək istəyirsən? Xəyalların, arzuların varmı?

-Yuxarıda dedim axı, zibil kimiyəm. Özümü də zibil kimi hiss edirəm hər gün. Bu gün səhər də mənə çoxlu zibillər atıblar. Elə kədərliyəm ki.... Ağzımın içi boş ola-ola zibillərdən bəzilərini üstümə atırlar, mən də uda bilmirəm deyə, ayaqlarımın altına düşür. Bəs, mən dəmir deyiləm? niyə başa düşmürlər məni? Arzularım, xəyallarım deyəndəki məsələn, daha yaxşı bir yerdə, başqa bir ölkədə zibilqabı olmaq istəyərdim. Başqa heç nə.


- Belə başa düşdüm ki, adamlarla yola getmirsən, hə?

- Mən adamları çox yaxşı tanıyıram, əslində. Keçən dəfə biri gəlib məni axtardı, axtardı, heç nə tapmayıb söydü. Mən nə edim ki? Nədənsə, insanlar axtardıqlarını tapmayanda kobud davranırlar.
Müşahidələrimə əsasən deyə bilərəm ki, siz insanlar öz aranızda da beləsiniz.  Dəfələrlə mənim yanımda bir-birinizi bıçaqlayıb qaçmısınız. Bəziləriniz ölüb, bəziləriniz də pis günə düşüb. Bir də ətrafda yaşayan insanlar hər gün söyür məni. Öz yediklərindən xəbərləri yoxdu, amma məni üfunət iyi verdiyimə görə günahlandırırlar.

- Dostun var heç?

-Var idi. Amma indi yoxdu. Dünyasını dəyişib. Əvvəllər tez-tez dostum olurdu. Amma bir neçə ildir ki, yalnız bir nəfərlə dostluq edirdim. Yanımda yatırdı hər gün. Adı da Kolya idi. Mən ona insanların mənə atdığı çörəkləri, boğazımdan kəsib xarab yeməkləri verirdim. Hərdən bir isti pal-paltar da olurdu hələ. O yazıq da hər gün içirdi. Deyə bilmirdim heç nə. Öz işidir, nəyimə lazımdır? Amma bir gün səhər oyandım ki, o oyanmayıb. Daha sonra da gəlib onu apardılar...

- Heç olurmu gün ərzində maraqlı hadisələrlə qarşılaşasan?

-Hə, əlbəttə. Bax, elə bu yaxınlarda maraqlı bir hadisə olmuşdu. Gecənin bir aləmi kimsə qaça-qaça, əlində qara çanta ilə gəlib, düz gizləndi arxamda. Yaman qorxurdu, nəfəsini güclə alıb verirdi. 10 dəqiqə gözləyəndən sonra da çıxdı. Bir az ətrafa göz gəzdirib, başladı ağzımın içini qarışdırmağa. Mənə atılan zibillərin arasında yer edib, əlindəki qara çantanı gizlətdi. Bir də səhər açılana yaxın gəlib götürdü. Pul idi çantadakı. Ilk dəfə idi bu qədər pul görürdüm. Özümü bir neçə saatlıq başqa cür hiss etdim. Lap insan kimi...

- Həyatda ən böyük istəyin nədir?

- Sən də qəribə adamsan e, nə olacaq? Zibilləri üstümə düzgün atsınlar, çörəkləri və yeməkləri israf etməsinlər. Evsiz insan olmasın ki, mənim yanımda da yatmasın. Bir də körpə, dilsiz-ağılsız uşaqları qoyub qaçmasınlar. Bax, buna dözə bilmirəm. Bir zibil qutusunun bundan başqa nə istəyi ola bilər ki?

- Zibil kimi dəqiqələrini mənə ayırdığın üçün çox sağ ol. Ümid edirəm, insanlar istədiyin kimi olar, səni incitməzlər.

-Sən də sağ ol, xoş idi. Xahiş edirəm, ətrafdakı zibilləri, siqaret kötüklərini götür, at mənə. Bayaq sən gəlməmişdən əvvəl atmışdılar yerə...

Söhbətləşdi və zibilləşdi; Orxan Saffari 

Digər Xəbərlər