adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyun 2021 19:27
71204
MÜSAHİBƏ
A- A+

Zəminə Orucova: “Səhnədə adi bir mismar boş yerə vurulmur…”

Bədii quruluş hissə müdiri teatrın hər gün birinci mərtəbəsində sonuncu mərtəbəsinədək 30-40 dəfə qalxıb- düşən birisidir...

 

Teatr dekorativ kütləvi sənət növüdür. Bir əsərin  səhnəyə qoyulması üçün 200 nəfərlik heyət bir neçə ay ay usanmadan çalışır və hər kəs tamaşanın keyfiyyətli alınması üçün əlindən gələni əsirgəmir. Adətən bilet alıb teatra gələn tamaşaçının diqqəti səhnədə baş verənlərə yönəlir. Onlar üçün maraqlı olan bircə şeydir: tamaşa və aktyorların oyunu.

Ancaq hər bir teatrda elə adamlar çalışır ki, onların zəhməti olmadan heç bir tamaşa ərsəyə gəlməz. Söhbət nə reyissorlar, nə aktyorlar, nə də müəlliflər haqqında deyil, səhnəarxasında min bir zəhmətlə çalışan, ancaq adları heç vaxt çəkilməyən insanlardan gedir. Onlar reyissor köməkçiləri,qrim ustaları, səhnə tərtibatçıları,  rekvizitorlar, səhnə maşinistləri, işıq ustaları və başqalarıdır. Belə olan surətdə, səhnədə pərdənin arxasında qalanların əməyinə nə üçün biganə qalaq ki? Pərdə arxasında qalan belə sənət fədailərindən biri də Gənc Tamaşaçılar Teatrının bədii quruluş hissə müdiri Zəminə Orucovadır.

 

Dosye:

Orucova Zəminə Yaşar qızı 1975-ci ildə Goranboy rayonunda anadan olub. Orta təhsilini Goranboy rayonunda başa vupduqdan sonpa 1992-95-ci illlərdə Əhməd Cavad adına Mədəni-Maarif Texnikumunda, 1995-2000-ci illərdə isə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsində təhsil alıb. Universiteti bitirdiyi ildə də Dövlət Gənc Tamaşaçılar Teatrına rejissor assisenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Zəminə xanımın işinə çox məsuliyyətlə yanaşması, ona tapşıpılan işin öhdəsində gəlməsi teatp pəhbəpliyinin ona etimadını arrıb və 2004-cü ildə teatrın bədii quruluş hissə müdiri təyin edilib.

 

İndiyə qədər ən çox razı qaldığım Nicat Kazımovdur...

 

- Zəminə xanım, bədii quruluş hissə müdiri teatrda kimdir?

 

 - Mən deyərdim ki, nəinki hər hansı tamaşanın texniki məsələləri, eləcə də bütün teatrın texniki sahəsi, o cümlədən repertuardakı tamaşaların gedişatından tutmuş, yeni tamaşaların hazırlanması prosesininin nəzarətinə cavabdeh səlahiyyət sahibi bədii quruluş hissə müdiridir. Bədii quruluş hissə müdiri həm tamaşanın quruluşçu rejissoru, həm quruluşçu rəssamı, həm aktyorlar, həm də texniki istehsalat heyətin işçiləri ilə çalışır. Yəni, obrazlı şəkildə desək, bədii quruluş hissə müdiri teatrın hər gün birinci mərtəbəsində sonuncu mərtəbəsinədək 30-40 dəfə qalxıb düşən birisidir. Tamaşaya xidmət edən həm xidməti, həm də istehsalat sexləri birbaşa bədii quruluş hissə müdirinə tabedir. Xidməti sahələrə işıq, geyim, qrim, sex, rekvizit və quraşdırma sexləri, istehsalat sahəsinə isə dülgər, butafor, tikiş və bədii  dekorativ sexləri aiddir. Bütün bu sexlərin fəaliyyətinə birbaşa cavabdeh şəxs bədii quruluş hissə müdiridir. Tamaşa və ya məşq zamanı adi bir rekvizitin yerində olmaması bəzən aktyoru çaşdıra bilər. Amma hamımıza məlumdur ki, səhnədəki bütün inventarlar aktyorun oyununa xidmət edir, onun bütün mizanları səhnədəki rekvizitlərə hesablanıb. Ona görə də, bədii quruluş hissə müdiri səhnənin tam hazır olduğuna əmin olandan sonra tamaşanın başlamasına icazə verir. Onun icazəsi olmadan tamaşa başlaya bilməz. Tamaşaçı gəlib tamaşaya baxıb gedirlər, amma səhnənin necə qurulmasına o qədər də diqqət vermirlər. Amma inanın ki, səhnədə adi bir mismar boş yerə vurulmur. Səhnədəki rekvizitə görə işıq qurulur, o rekvizitə görə aktyorun hərəkətləri, həmçinin bu mizana görə də musiqi hesablanır. Yəni səhnədəki hər şey bir-biri ilə harmoniya yaratmalıdır.

 

Tamaşa qoymaq fikrimdən keçib, amma müraciət etməmişəm...

 

- Siz televiziya rejissorluğu üzrə təhsil almısınız. Özünüz tamaşa haırlamaq barədə düşünmüsünüzmü, yoxsa elə "gözünüzün qurdunu" bədii hissə müdiri kimi öldürürsünüz?

 

- Mənim işim sırf tamaşanın texniki tərəfi ilə bağlı olsa da, yaradıcılıqdan kənarda qalmıram. Bayaq da dedim ki, mən bir tamaşa üzərində quruluşçu rejissor, quruluşçu rəssam, aktyorlarla çiyin-çiyinə çalışıram. Böyük danışmaq kimi çıxmasın, istər teatrımızın öz rejissorları və ya rəssamları, istərsə də, kənardan dəvət edilənlər elə bir tamaşa yoxdur ki, onun hazırlanması prosesində mənim fikrimdən bəhrələnməsinlər, mənim məsləhətimdən istifadə etməsinlər…

 

- Bayaq dediniz ki, tamaşalar üzərində quruluşçu rejissoplapla birgə işləyirsiniz. Teatrda ən çox şıltaqlıq edən rejissor kimdir? İstərdim səmimi deyəsiniz, o hansı rejissordur ki, ona tamaşa həvalə olunanda, "ay da, 3-4 ay başımız xarab olar da yenə" deyirsiniz?..

 

-  Mən onu rejissor şıltaqlığı yox, tələbkarlığı adlandırardım. Mən özüm çox tələbkar olduğuma görə, ən sərt tələbkar rejissorla işləməkdən zövq alıram. Çünki hər bir rejissor istəyər ki, tamaşası əla alınsın. Mənim üçün fərq etməz, rejissor tələbkar olmasa belə, özümə qapşı çox tələbkaram. 3-4 ay məsələsinə qaldıqda isə, ən ağır tamaşaları 1 aya hazırlayıb təhvil vermişik. Mən bədii quruluş hissə müdiri təyin ediləndən bəri yadıma gəlmir ki, bir tamaşa o biri tamaşanın təhvil verilməsinə mane olsun. Bizdə hər bir tamaşanın təhvil verilmə planı var və özümüzə əziyyət olsa da, çalışırıq ki, vaxtında təhvi verilsin. Siz bayaq dediniz ki, səmimi olum. Mən deyərdim ki, indiyə qədər ən çox razı qaldığım Nicat Kazımovdur. Bu adam öz işinə çox məsuliyyətlidir. Adi bir geyimin krujevasının necə tikilməsinə də ciddi yanaşır. Söz ki, rejissorlardan düşdü, qoy düzünü deyim də. Nicat Kazımov tamaşalarına ürəyini verən adamdır. O, gecə-gündüz tamaşanın üzərində çalışır. Tamaşanın quruluşu bir yana, hətta səhnə fəhləsi ilə birlikdə səhnədə işləyir. Dekorasiyanın hazırlanmasından tutmuş, paltarlardakı krujevanın formasınadək hamısında iştirak edir. Mən Nicatla işləməkdən zövq alıram. Cənnət Səlimova, Bəhram Osmanov təcrübəli rejissorlardır. Onlar tamaşa hazırlamağa başlayanda nə istədiklərini aydın başa sala bilirər. Amma elə vaxt olur ki, bir-birimizi başa düşmürük. Amma Nicatla necə deyərər, bir işarədən bir-birimizi anlayırıq.

 

Bədii quruluş hissəi müdiri lazım olanda dərzi, dülgər, rəsam, işıqçı, tərtibaçı olmağı bacarmalıdır…

 

- Heç rejissorlarla mübahisələriniz düşürmü? Mübahisələr ən çox nəyə görə olur?

 

- "Romeo və Cülletta" tamaşasının rəssamı gürcüstandan dəvət edilmişdi. Onun verdiyi tərtibatın əksər hissəsini mən dəyişdim. Əvvəlcə razılaşmadı, bir az mübahisə etdik, amma sonunda razılaşdı. Əli Əmirlinin "Mən səni sevirəm" tamaşasında da dəyişiklik etmişəm. Quruluşçu rəssamı Tahir Tahirov idi. Bir sözlə elə bir tamaşa yoxdur ki, sözün yaxşı mənasında mən müdaxilə etməyim.

 

- Belə çıxır ki, siz rəssamın, dekorçu rəssamın, rekvizit ustasının, səhnə

tartibatçısının da işini bacarırsınız?

 

- Bəli, bədii quruluş hissə müdiri siz sadaladıqlarınızın hamısını bacarmalıdır, yəni teatrdakı bütün peşələrin yığcam formasıdır. Bədii quruluş hissəi müdiri lazım olanda dərzi, dülgər, rəsam, işıqçı, tərtibaçı olmağı bacarmalıdır.

 

- Onda özünüz tamaşa hazırlamaq istəsəniz, sizə rahat olar ki... Rejissor kimi tamaşa hazırlamaq istəmisinizmi?

 

- Fikrimdən keçib, amma müraciət etməmişəm...

 

- Hansı əsəri səhnələşdirmək istəmisiniz?

 

- Konkret bir əsər yox, ümumiyyətlə tamaşa hazırlamaq istəmişəm. Lakin bir dəqiqə vaxt tapmıram ki, bu barədə ciddi fikirləşim. Quruluşçu rəssam kimi tərtibat vermişəm. Yeni il və Novruz bayramı ilə əlaqədər hazırlanan tamaşaların tərtibatını etmişəm. Bundan başqa Cənnət xanımla "İtalyansayağı xoşbəxtlik" tamaşasını hazırladıq. Sözün düzü, rejissorlara direktorumuz mənim tərtibat verməyimi məsləhət görüb.

 

İltifat HACIXAHOĞLU