Bütün gəncliyim Kəlbəcərdə , İstisuda,Taxtada, Yüzbulaqda, Dəlidağda keçib. Və həmişə yaylağa gedəndə qarşımıza köç çıxardı və o köç ki üzü Kəlbəcərə gedir. Onda maşınlar, indi Bakıda tıxac olan kimi, tıxaca düşürdü. Eləcə də qayıdanda. Köçlə üzbəüz düşmək yorucu və dilxorçu deyildi. Maşını saxlayırdın, onlar gəlib keçirdi, amma köçlə üzbəüz düşməyəndə hətta birdən atam çobanlarla dalaşırdı ki, yolu açın.
Amma bizə ləzzət edirdi.
Dünən Kəlbəcərə gedən köçləri gördüm. Uşaqlığımı, gəncliyimi yaşadım. Kaş o köçlərin arxasınca düşüb düz o yaylaqlara qədər gedəydik dedim və gedəcəyik də.
Və sonda. Olmuş bir hadisədi. Ağdamın milis rəisi, prokuroru, hərbi komissarı Urus bulağında yeyib-içəndən sonra geri qayıdarkən köçlə rastlaşırlar.
Prokuror deyir:
- Ə, əlinizi atın, bir dənə qoyun götürün.
Qapını açırlar və əl atıb bir qoyun götürürlər. Və «qoyun» bunları parçalayır. Və məlum olur ki, milis rəisinin götürdüyü qoyun yox, çoban iti imiş. Və bir müddət də xəstəxanada müalicə olundular.
O qədər arzulayıram ki, mənim də başıma gəlsin...