adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Iyun 2021 17:45
37308
MARAQLI
A- A+

Söhbət hərləndi, fırlandı gəldi jurnalistikaya- Səxavət Məmməd

Söhbət hərləndi, fırlandı gəldi jurnalistikaya.

"Azərbaycanda jurnalist yoxdur", "Azərbaycanda hərbi jurnalist yoxdur".

Bəlkə də, dünyada yeganə ölkə Azərbaycandır ki, vətəndaşları jurnalistlərini kamikadze kimi görmək istəyir. Ölkədə bir hadisə baş verir, səsi çıxmayan, üç meymunu oynayan yazır ki, jurnalist yoxdur. Adama sual verərlər, nə vaxt etiraz etdin? Sən nə vaxt yaxşı vətəndaş oldun ki, yaxşı jurnalistə də layiq görüləsən? Pis dedikləriniz sizin evinizdən, məhlənizdən çıxır. Yaltaq jurnalist? Ölkədə heç yaltaq vətəndaş yoxdur ha. Güzgüdə özünə bax, saçını darama, gözünə bax, gözünə. Sən yaxşı vətəndaşsan? Nəyə etiraz etmisən? Haqqın yeyilir, nəyə dillənmisən?

30 il Qarabağ işğalda idi, neçə nəfər etiraz edirdi? Nə vaxt mitinq keçirdin, nə vaxt ayağa qalxdın? Paşinyan Şuşada yallı gedəndə Müdafiə Nazirliyinin qarşsına 3 nəfər getmişdik. Sosial şəbəkəyə qan qusduğunu niyə hesab sormurdun? İcra başçıları milyonçu, nazirləri milyarder. Prezidenti, deputatı demirəm, bələdiyyə sədrini seçə bilirsən? Gözünü yayındırma. Seçə bilirsən? Yoxsan axı. Vətəndaşdan yalnız daş hissəsi səndə var.

Hərbi jurnalistika? Başqa ölkəyə getməyəcəm, Türkiyə deyək. 80 milyondan çox əhalisi olan ölkədə neçə hərbi jurnalisti var? Hərbi jurnalist kartof-soğandır ki, əhali sayına uyğun olsun? Ümumiyyətlə, hərbi jurnalistika deyə bir anlayış yoxdur. Bunu da bilmirsiniz. Hərbi jurnalist yalnız müdafiə nazirliklərində olur. Konflikt jurnaslistikası var. İstər müharibədə, istər təbii fəlakətlərdə, istər mitinqlərdə...

Yenə başlayıblar, bəs Müdafiə nazirliyi deyirdi ki, çəkməyin, paylaşmayın. Çox gülməlisiniz. Ermənistan xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı işdən ayrılandan sonra Mingəçeviri görən kadrlar yaymışdı. Hələ cəbhə xəttini demirəm. Jurnalistin şəklinə qalmışdılar? 2017-ci ilin fevralın axırı 5 kəşfiyyatçımız şəhid olmuşdu. Yadınıza gəlir o kadrlar? Bir dənə kazarmanın içi görsənmirdi düzmü? Jurnalist şəklinə qalmışdılar? Yaxşı, bu müharibədə konkret iki nöqtə sırf canlı yayıma görə vurulub, onu da Azərbaycan jurnalistləri etmişdi?

Əvvəlinə və ya sonuna "istisnalar var" əlavə edim, Azərbaycanda həkim, müəllim, alim, hərbçi yoxdur deyim. Nə qədər adil yanaşmadır?

Bunu da yazım, davamını da başqa vaxta saxlayım - "Müharibəni Azərbaycan qazanmayıb". Niyə təəccüblənirsən ki? TV-lərimiz ancaq PUA göstərib. Türkiyəli bloggerlər də açıqdan-açığa, adlarını çəkərək "3 generalımız getdi, onlar sayəsində Azərbaycan qazandı" deyir. Çəkən və dünyaya yayan da ancaq Türkiyə mediası olub. Türkiyə mediasının da dünya adlandırılması ayrı bir komediyadır. Bura qədər yaxşı gəlirsiniz, bir şey xaric. Əsgərin batinkası dəyməyən yer sənin deyil. Bəs əsgər? 3 minə yaxın şəhid? 10 mindən çox yaralı?

Özünə dəyər verməyən toplumların sonu boyunduruq altıdır.