adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyun 2021 11:19
135599
ƏDƏBİYYAT
A- A+

İlqar Rəsul - "PENCƏK" (Hekayə)

 

Darıxırdı şifonerdə. Xeyli vaxt idi, geyilmirdi. Özü də payızın ən uyğun çağında. Yanında çoxlu paltar var idi − əvvəldən alınanlar. Onlar da axır vaxtlar geyilmirdi:

− Geyilmirlər, yəqin, ona görə ki məndən əvvəl alınıblar. Hələ, bəlkə, bu gün-sabah götürüb kiməsə verəcəklər çoxunu. Onlar məndən əvvəl alınmışdılar axı. Bəs məni niyə geyinmir? Həm də havanın belə münasib vaxtı...

Onun əynində getdiyi məclisləri xatırladı. Hamı gəlib görüşür, ehtiram sərgiləyirdi sahibinə. Hələ “Nə qəşəng pencəyin var”, “Əla yaraşır”, “Rənginə düşür”, “Həmişəki kimi hamıdan fərqlisən” deyib çiyninə sığal çəkən, yaxalığını oxşayan gözəl xanımlar...

− Bəs niyə ta geyinmir məni? Axı hələ köhnəlməmişəm. Heç bir il də deyil məni aldığı. Keçən yaz alıb, vur-tut iki ay, yaya qədər geyinib. İndi də payızdır, əsl geyinilməli vaxtım...

Üşüdü. Tükcükləri biz-biz oldu. Astarından titrək bir xışıltı keçdi.

− Yəqin, başqasını geyinir. İmkanlı adamdır. Bir şifoneri olası deyil ki. Bu boyda evin hər mərtəbəsində azı bir şifoner olmalıdır. Hamısının da içində pal-paltar.

Öz düşündüyünə özü də inanmadı. Yaxşı bilirdi ki, əsas yaşayış bu şifoner olan mərtəbədədir. Böyüklər də, uşaqlar da burada olurlar həyətə düşməyəndə:

− Onda bəs məni niyə geyinmir? Görəsən, bu payız ta məni geyinməyəcək? Eybi yox. Hələ qarşıda qış da var. Bayırda paltonun altından geyinsə də, maşında, işdə yenə göz önündə mən olacağam. Kabinetinə çatan kimi palto şifonerdən asılacaq, amma mən əynində olacağam. Arada soyunub kreslonun başına keçirəcək, əlbəttə. Amma hər yerindən qalxıb başqa otaqlara keçəndə, müdirinin yanına gedəndə yenə geyinəcək...

Yığıncaqlarda çıxış edəndə onu necə düymələdiyini, nitqini bitirib yerinə qayıdanda rahat oturmaq üçün düyməsinin necə açıldığını xatırladı:

− Nə bilmək olar, bəlkə, hansısa böyük yığıncaq, ya məclis üçün saxlayır məni. İşə geyinmir ki, hamının gözü öyrəşməsin, o məclisdə maraqlı görünsün. Hə, yəqin ki, elədir. Gündəlik geyindiyi kostyumlarından biri burada yoxdur. Deməli, hələ ki məxsusi tədbir-filan yoxdur deyə onu geyinir.   

Bir dəfə yas mərasimində də olmuşdu. Orada da araya salıb: “Yaxşı görünürsən”, − pıçıldayan xanımlar olmuşdu sahibinin qulağına. Hamısı da mənim sayəmdə bəyənirlər onu daha çox. Düzdür, başqa pencək geyinəndə mən bilmirəm, onu tərifləyən, bəyənən nə qədər olur. Olur, əlbəttə. Amma yəqin ki, məni geyinəndəki qədər yox. Axı mən ona çox yaraşıram. Dərzi tanışı da demişdi də, bu pencəyə əl vurmaq günahdır, elə bil əyninizə biçilib.     

Qorxmuşdu sahibi dükandan çıxandan sonra onu dərziyə aparanda:

− Axı məndə qüsur yoxdur, haramı kəsdirəcək, görəsən?

Dərzi onu işığın altına çəkib diqqətlə baxaraq gülümsünəndə anlamışdı ki, yox, bu, işini yaxşı bilən adamdır, nahaqdan qayçı ələ alana oxşamır. Söhbətlərindən bilmişdi ki, heç sahibi də onu dərziyə kəsdirməyə, düzəltdirməyə aparmayıbmış. Sadəcə göstərməyə, yanlış seçim etmədiyindən bir daha əmin olmağa görə gedibmiş dərziyə.

− Kaş heç olmasa bircə dəfə yenə birlikdə güzgünün qabağına keçəydik. Eybi yox, sonra soyunub şifonerə asaydı, amma bir anlıq güzgüyə baxandan sonra. Çox xoşlayıram onunla birlikdə güzgü qabağında dayanmağı. Elə yaraşıqlı, şıq görünürük ki birlikdə.

Asılqanda dartındı.

− Əslində, mən ilk rastlaşdığımızda onu bəyənməmişdim. Xanımı ilə gəlmişdi dükana. Deyəsən, nəsə almağa həvəsi də yox idi. Könülsüz baxırdı kostyumlara. Birinin pencəyinin qolunu qaldırıb yerə atırmış kimi qəfil əlindən buraxır, o birinin yaxalığını çevirib arxasına baxır, buraxıb sığal çəkmədən aralanırdı. Məni təsadüfən gördü, dükandan çıxanda. Əslində, heç özü də görmədi. Xanımı aralıdan barmağını mənə tuşlayıb nəsə dedi, yaxınlaşdılar. Üz-gözündən zəhrimar yağırdı. Dedim, kaş ki məni bəyənməsin. Mən bunun əynində necə dözərəm. Sən demə, əslində, o cür deyilmiş. Həmin günlər səhhəti incidirmiş onu. Xanımı zorla məni ona geyindirdi ki, bu yaxşıdır, sənə yaraşacaq. Satıcı da təsdiqləmişdi o vaxt xanımın dediyini: “Cənab, alıb-almamaq öz işinizdir, əlbəttə, − demişdi, – amma elə bil doğrudan da, bu pencəyi fabrikdə məhz sizin üçün tikiblər...”

Belə gəlib çıxmışdı bu evə pencək. Həmin həftə şifonerdə toxunulmaz qalmışdı. Arayıb-axtaran, götürüb geyinən, güzgünün qabağına keçən olmamışdı. Heç həvəsi də yox idi geyilməyə. Adamın sifətini yadına salanda öz aqibətinə ağlayırdı. Növbəti həftənin ilk günü, səhər şifonerin qapısını tamam başqa adam açmışdı: üzündə həyat eşqi, gülərüz, baxışları aydın, hərəkətləri səlis. Güzgünün qabağında o necə də xoşbəxt idi məhz bu adama qismət olub bu evə gəldiyinə görə.

− Yox, narazı deyiləm, tez-tez geyinməsin heç məni. Daha mötəbər yerlərə geyinmək üçün saxlayırsa, nə gözəl, bu lap yaxşı. Amma ta heç geyinməmək yox də. Belə rəftara layiq deyiləm axı mən. Bircə yaz geyinib kənara qoymaq nə deməkdir? Həm də bu cür yaraşdığım halda. Yox, belə düz olmaz. Əminəm ki, geyinəcək məni. Axı biz bir birimizə çox yaraşırıq. Düzdür, məni belə gözəgəlimli edən odur, yəni onun əynində olmağım. Başqası geyinsə, bu qədər cəlbedici olmazdım, bəlkə də. Amma hər halda mən də onu daha yaraşıqlı göstərirəm axı... Geyinəcək, əlbəttə. Geci-tezi var. Səbirli olmaq lazımdır sadəcə...

Səhər işə gedərkən, qapıdan çıxanda xanımının gəlib onun əynində fırça ilə yüngülcə çiyinlərini, yaxalığını silməsini, cibinin içəri düşən qapağını çölə çıxarıb əli ilə sığal çəkərək yerinə oturtmasını xatırladı.

− Əslində, şifoner çox təmiz, rayihəlidir deyə heç tozlu olmuram. Saçı da kəpəkli deyil ki, üstümə tökülsün. Amma yenə də xanımı arada çiyinlərimi, yaxalığımı, kürəyimi yüngülcə fırçalayanda xoşuma gəlir. Toxumalarıma bir sərinlik çökür. Hələ kənardan üstümə onun çox sevdiyi ətri təkrar çiləməsi... Düzdür, onlar ayrılmazdan əvvəl sarılıb öpüşəndə aralarında qalıb bir az sıxılıram. Amma qırışmıram. Axı mən bahalı pencəyəm. Necə var, elə də qalıram, şıq yəni. Bəs niyə bu qədər vaxtdır yada düşmürəm?  

Payız gələni iki həftədən çox idi onun geyilmədiyi. Əslində, bilirdi ki, qarderobu böyük və zəngin olan biri üçün bir paltara iki həftə toxunmamaq elə də təəccüblü bir şey deyil. İki ay da ola bilər bu müddət. Amma yenə də bu halı ilə razılaşa bilmirdi. O da başqa kostyumlar, pencəklər, gödəkcələr kimi geyilmək, güzgü qabağına keçmək, havaya çıxmaq istəyirdi.

− Payız çıxacaq, belə getsə. Bilirəm ey, qarşıda hələ qış da var. Amma nə olsun? Mən də sığallanıb, ətirlənib sərin havada onun əynində əvvəl maşında, sonra küçədə getsəm, iş yoldaşlarının təbəssümlü baxışları altında şirkətə girsəm, kişilərin, xanımların ətirli pencəklərinə toxuna-toxuna liftlə qalxsam, kabinetə girsəm, olmaz ki? Bildim də, gündəlik işə geyinib korlamaq istəmir məni. Amma heçmi bir mötəbər yığıncaq, şənlik, lap elə hüzr yeri olmadı bu vaxtadək?  

Şifonerin qapısı açıldı, içəri günəş işığı soxuldu.

− Axır ki, yada düşdüm. Bilirdim ki, bu qədər uzun çəkməz geyilməməyim. Axı mən hələ təzəyəm. Həm də çox yaraşıram ona!

Qulluqçu qadın bütün köynəkləri, qalstukları asılqandan götürüb qolunun üstündə dəstələdi, qapını örtüb uzaqlaşdı. Axşama doğru qapı bir də açıldı. Günəş işığı içəri soxulmadı deyə bildi axşam olduğunu. Yenə qulluqçu idi. Bu dəfə kostyumları, pencəkləri bir-bir asılqandan alıb qolunu üstündə dəstələdi, apardı. Şifonerin qapısını yüngülcə itələyib getdi deyə kip örtülmədi. Səhər qapının arasından sızan gün işığında gördü ki, içəridə özündən, ağ köynəkdən və çəhrayı qalstukdan başqa, heç nə qalmayıb. Sevindi:

− Mənə uyğun olanları saxlayıblar, mənimlə geyilənləri yəni. Demək ki, tezliklə geyiləcəyəm. Bəs o biri paltarları hara apardılar? Çirkli də deyildilər, yuyulmağa aparıldıqlarını düşünəm. Köhnə də deyillər, kiməsə bağışlanacaqlarını güman etmək olsun. Bir də axı hamısını bağışlamaq olmaz. Özü də yerinə başqalarını, daha təzələrini asmadan. Kasıb da deyillər, satılmağa yollayırlar gəlsin ağlıma. Gözləyirəm də, bəlkə, yeniləri gəlib şifonerdən asılacaq tezliklə.

Birdən düşündü ki, bəlkə, sahibi çox kökəlib deyə, paltarları əyninə olmur. Elə özü də ona görə bunca müddətdir, şifonerdən asılı qalıb. Amma sonra da düşündü ki, axı o cür kübar, şux qamətli, yeməyinə nəzarət edən, özünə fikir verən cavan adam bir yayın içində paltarları əyninə gəlməyəcək dərəcədə kökəlməz. Bəlkə, xəstələnib, arıqlayıb deyə düşündüyü də oldu arada:

− Yaxşı, tutaq ki, arıqlayıb, ona görə paltarları həmin o tanış dərziyə daraltmağa göndərib. Mənə də toxunmur, ümid edir, tezliklə əvvəlki halına qayıdacaq, yenə geyinəcək. Bəs onda daralmış, ya da kiçik ölçülü yeni paltarlar niyə gətirilib asılmır şifonerdən?..

Artıq qışdır. Çoxdandır, günəş qapının arasından şifonerə soxulmur. Heç soxulsa da, ürəkaçan bir şey gözə dəyəsi deyil. O vaxt qulluqçu qapını kip örtmədiyi üçün içərini toz basıb. Arada gəlib təmizləyən olmadığından toz tozun üstünə yığılıb. İndi şifonerin içində nə ağ köynək, nə çəhrayı qalstuk, nə də tünd-göy rəngli pencək var. Hər şey boz rəngdədir − toz rəngində.

− Niyə bu qapını açıb baxan yoxdur ki, görsün, içəri nə haldadır? Bayırdan səs-səmir də gəlmir, uzun müddətdir. Hara getdi bu adamlar? Hara çəkildi bu gözəl evdəki doğma səslər, xoş zarafatlar, incə gülüşlər, uşaq şıltaqlıqları, musiqi sədaları? − Bütün qışı ancaq bunu düşünməklə keçirdi.

Bir səhər günəş yenə qapının arasından içəri soxuldu.

− Demək yazdır, – düşündü, – mənim geyinilən vaxtım.

Amma sevinmədi. Ondan bir az aralı asılmış köynəyin və qalstukun halını görüb: “Demək, mən də o haldayam”, – düşündü, üşüdü. Qorxdu ki, birdən onu kimsə geyinib güzgünün qabağına keçər. Hiss edirdi ki, daha nə çiyinləri asılqanda əvvəlki kimi şax dayanır, nə də yaxalığı, ətəkləri dümdüzdür. Qapının arasından içəri dolan xəfif mehdə boşalıb-süzülmüş sapdan sallanan düymələrinin necə yırğalandığını hiss edirdi. Kif astarını saraltmışdı, saplarını çürüdüb yumşaltmışdı. Sağ cibinin qapağını və sol qolunun ağzını siçan gəmirmişdi. Şifonerin içinin üfunəti ona da hopmuşdu.

− Yox, belə halda güzgünün qabağına keçmək dəhşət olar. Geyinməsin ta o məni. Yəqin ki, bundan sonra ta məni heç əyninə alan da olmaz.                 

İki gün əvvəl evə kimlərsə gəlmişdi. Otağın ortasında dayanıb divar kağızlarının yenilənməsindən, mebellərin, çilçıraqların, pərdələrin dəyişdirilməsindən, həyətdə abadlıq işləri aparılmasından danışmışdılar. Gələnlərin səsi evə doğma deyildi...

− Ayaq səsləri gəlir. Kimsə pilləkənləri qalxır. Deyəsən, bir nəfər deyil gələn. Hə, çoxdurlar. İçəridədirlər artıq. Söyüş niyə söyürlər ki? Nə pis gülürlər. Görəsən, kimdir bunlar? Bəs ev yiyəsi haradadır? Niyə icazə verib bu tərbiyəsizlərin evə girməsinə? Deyəsən, əşyaları sürüyürlər. Divanın cırıltısı gəlir. Pərdələri də qopardırlar. Deyəsən, kimsə şifonerdən danışır... 

Birisi şifonerin qapısını açdı:

− Püfff, bura nə gündədir, ay usta. Min ildir təmizlənmir sanki. İçəri siçan poxudur tamam, – deyib geri çəkildi.

− Otaqda lazımsız nə var, hamısını pərdənin arasına yığın, aparıb atın küçədəki zibil qutusuna, − kimsə amiranə səslə dilləndi...

Narın yağış yağır. Yaz yağışı. O bunu zibil qutusunun içində hiss edir. Damcılar astadan zibil qutusunun qapağını döyəcləyir. Kimsə qapağı açır. Eşələyir, onu dartıb zibillərin arasından çıxarır.  

− Doğrudanmı, bu halımda məni geyinən kimsə olar? Hə, deyəsən, geyinir. Nə çirkli adamdır bu. Məndən betər üfunət qoxuyur. Bir insan niyə belə qoxusun ki? Əynindəyəm artıq. Harasa gedirik. Görəsən, hara?..

Bir aydır, o üfunət qoxuyan, səfil adamın əynində şəhərin küçələrini, bazarlarını, vağzallarını gəzir, istixanalarda, zirzəmilərdə yatır. Bu gün səhərdən qəbiristanlığı gəzib-dolaşır. Səfilin yanında bir nəfər də var. Məzarların üzərindən şirniyat, qoğal, boyanmış yumurta yığıb ciblərini doldurur, öz aralarında varlı adamların qəbirlərinin bərəkətli olmağından danışırlar. Yenə yağış yağır.

− O qədər yağışın altında gəzmişəm ki, tozum tamam yuyulub. Rəngim, az da olsa, bilinir. Ətrafı da görürəm. Yaxşı ki, bu adam güzgüyə baxan deyil. Heç istəmərəm onunla birlikdə güzgü qabağına keçim. İstəyirəm, yaddaşımda o adam qalsın. Gerçək sahibim... Bu nədir belə? Bu qara daşın üstündəki şəkil niyə belə tanış gəlir mənə? Hə, mənəm. Mən haradan gəlib bura çıxmışam? Axı mən... Hə, onun əynindəyəm! İlahi, daşın üstündəki onun şəklidir! Xanımı, uşaqları da yanında!  

Narın yağış dik dayanmış iri qara mərmər daşı yuyur. Onun üzərindəki şəkildə pencək əvvəlki kimi təzə və şıqdır...

 

Bakı-25 ‎sentyabr ‎2020