adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyun 2021 19:07
61478
MƏDƏNİYYƏT
A- A+

Tarixə şahidlik etmiş antik şəhər Side - FOTOLAR

Türkiyənin turizm paytaxtı Antalyaya səfərimiz davam edir. Səfər çərçivəsində baş çəkdiyimiz növbəti məkan Side antik şəhəri oldu. 


Roma amfiteatrı, liman hamamları, bazilika xarabalıqları

Antalyada turistlər üçün gözəl məkanlardan biri Belekdən 44 km cənub-şərqdə yerləşən Side antik şəhər-muzeyidir. Burada bəzi binaların ən azı 2 min illik tarixi var. Apollon məbədinin xarabalıqları, böyük bir Roma amfiteatrı, liman hamamları, bazilika xarabalıqları və arxeoloji muzey bu yeri daha da maraqlı edir. 

Bələdçilərimiz Meltem xanım və Hasan bəyin məlumatlarına əsasən antik dönəmdə Pamfilyanın ən önəmli liman şəhəri olan Side, Antalyanın 80 kilometr şərqində, Manavgatın 7 kilometr cənub-qərbində yerləşən 350-400 metr genişliyində bir yarımada üzərində qurulub.

Qapılarını Makedonya kralına açan Side

Side eramızdan əvvəl VII əsrdə bir yaşayış mərkəzi olub. Eramızdan əvvəl VI əsrdə bütün Pamfilya ilə birlikdə Lidya Krallığının hakimiyyəti altına, Lidya Krallığının çöküşündən sonra isə Farsların hakimiyyəti altına girib. Həmin dövrdə müstəqilliyi bir formada qoruyan şəhərin adına qızıl sikkə buraxılıb.

Böyük İsgəndərin Anadolu səfərində heç bir dirəniş göstərmədən qapılarını Makedonya kralına açan Side, daha sonralar İsgəndərin qurduğu böyük sikkebasım mərkəzlərindən biri olub. 

Uzun zaman Roma imperiyasının tərkibində olan, ticarət və liman şəhəri

Uzun zaman Roma imperiyasının tərkibində olan, ticarət və liman şəhəri olaraq tanınan Sidenin qalıqları üzərində  XX əsrin əvvəllərində Giritli köçmənlər tərəfindən Selimiye kəndi qurulub. Bir yarımadada tikilən Side digər Pamfiliya şəhərlərində olduğu kimi, şəhərin əsas qapısından başlayan qədim küçə boyunca uzanır. Şimal-şərqdə "Böyük Qapı" dan başlayan əsas küçə, Teatrın qarşısındakı döngə xaricində, demək olar ki, düz bir xətt üzrə yarımada boyunca davam edir və məbədlərin yaxınlığında böyük bir meydançada sona çatır.  

Şəhərin ikinci ən böyük küçəsi isə "Böyük Qapı" dan şəhərin cənubuna qədər uzanır. Hər iki küçə sütunludur. Hər iki tərəfində Korint başlığı olan sütunlu portikolar və arxalarında bir sıra mağazalar var.

Qeyd edək ki, tarixi kompleksdə bir çox restoran və mağaza var. Bura gələn turistlərə həmçinin yaxta turları və paraşütlə tullanma təklif olunur.

Sübhan Mahmudov

Türkiyə, Antalya