adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
24 Iyun 2021 11:28
55320
MƏDƏNİYYƏT
A- A+

Daş döşəmə, qədim evlər - Dövrlərin yadigarı Qalaiçi...

Bakıdakı İçərişəhərin “əkiz qardaşı”

Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bir qrup azərbaycanlı jurnalist turizm paytaxtı hesab olunan Antalyada səfərdədir. Səfər çərçivəsində baş çəkdiyimiz növbəti məkan Qalaiçi adlanan qədim şəhər oldu. 

Qalaiçi dar və dolambaclı küçələri, qədim evləri, qədimlikdən güc alan kiçik çaplı alış-veriş nöqtələri və turistləri razı salan kiçik, lakin ekzotik auraya malik restoranları ilə Bakıdakı İçərişəhəri xatırladır. Əslində, Qalaiçini bu özəlliklərinə görə Bakıdakı İçərişəhərin “əkiz qardaşı” da adlandırmaq olar.

 


 

İlin 365 gününü Qalaiçinin gəzmək mümükündür


Antalya Kemer, Belek, Alanya və Side kimi turizm bölgələri ilə məşhur, turistlərin daim istirahət üçün seçdiyi şəhərdir. Burada turist axınının daha çox qeydə alındığı bölgə isə məhz Qalaiçi adlanan qədim şəhərdir. Bu da səbəbsiz deyil. Əvvəla, səfər zamanı bələdçimiz Məltəm xanımın bizə bildirdiyi kimi, təkcə yay mövsümündə deyil, ilin 365 gününü Qalaiçinin gəzmək mümükündür. 

 

 

Yivli minarə Antalyanın simvolu


Antalyanın görməli yerlərinin əksəriyyəti də, demək olar ki, bu ərazidə yerləşir. Buradakı evlərin çoxu mehmanxana və restorana çevrilib. Yivli minarə isə Antalyanın simvolu hesab edilir. Hündürlüyü 39 metrə çatan abidə 1230-cu ildə Sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Binanın gövdəsi kərpic və firuzə rəngli plitələrdən ibarətdir. Gövdəsində olan 8 yarımsilindrik forma bu minarəni misilsiz edir.

 

 

Bir sözlə, 8 yivi var və yivlərinə görə Yivli minarə kimi populyarlaşmışdır. Səlcuqlu dekorativ sənətlərində böyük məna kəsb edən "səkkiz guşə" və ya "səkkiz nömrə"ni tez-tez görürük. Bu xüsusiyyəti Yivli minarədə də görürük.

 

Osmanlı imperiyasına qədərki dövrün tapıntıları...

 

 

Qalaiçində əsası XIX əsrdə qoyulan Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları şəhər sakinlərinin və qonaqların sevimli istirahət məkanlarıdır. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır. Burada Osmanlı imperiyasına qədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş edilir.

 

At nalı şəklində olan divarlarının 2000 illik yaşı var

 

Tarixin müxtəlif dönəmlərində müxtəlif imperatorluqların nəzdində sürətlə böyüyən Qalaiçi 1207-ci ildən etibarən türklərin nəzarətinə keçib. Anadolu Səlcuqlu dövlətinin hökmdarı I Qıyasəddin Keyxosrov tərəfindən ələ keçirilən Qalaiçi qısa müddət sonra itirilsə də, 1216-cı ildə Anadolu Selçuqlu Sultanı I İzzəddin Keykavus tərəfindən yenidən fəth edilib. Qalaiçinin həm daxildən həm də xaricdən at nalı şəklində olan divarlarının 2000 illik yaşı var. 

 

 

Qalaiçində fərqli din, dil və irqə məxsus insanlar dostcasına yaşayıb

 

Hər biri ayrı gözəlliyə sahib 3000-ə qədər ev Qalaiçinin inciləridir. Burada əksər evlər iki mərtəbəlidr. Lakin 3 mərtəbəli evlər də var. Antalyaya səfər edib, qədim şəhərdə qalmaq istəyənlər bu evlərdə kirayə qala bilərlər. Qalaiçi evləri rəngarəng boyaları və bir çox özəllikləri ilə minlərlə turistə xidmət edir. Qalaiçinin bir başqa özəlliyi isə etnik tərkibi ilə bağlıdır.Belə ki, əsrlərboyu Qalaiçində fərqli din, dil və irqə məxsus insanlar dostcasına yaşayıb, hazırda da yaşayırlar. 

 

 

Bələdçimiz Məltəm xanım deyir ki, Qalaiçinə gələn turistlər burada bir sıra maqarlı muzeylərə də baş çəkə bilərlər. Ən nəhayət, bu qədim şəhəri gəzdikdən sonra limana düşüb, yaxşı bir balıq yemək də məsləhətdir. 


Sübhan Mahmudov

Türkiyə, Antalya