adalet.az header logo
  • Bakı 20°C
29 Iyun 2021 11:54
71531
MÜSAHİBƏ
A- A+

Sevda İbrahimova: “Atam SSRİ-nin dağılması ilə heç cür barışa bilmirdi…”

İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır?

Bu gün "Ədalət" qəzetinin qonağı Azərbaycan ədəbiyyatının ünlü simalarından biri, xalq yazıçısı Mirzə İbrahimovun qızı tanınmış bəstəkar xalq artisti Sevda İbrahimovadır.

 

Yazı-pozuya nəsə maraq göstərmirdim, laqeyd idim...

 

- Atam 1911-ci ildə İranda anadan olub. Kiçik yaşlarında ailəsi Bakıya köçüb. Əmək fəaliyyətinə də kiçik yaşlarında mədənlərdə başlayıb, işləyə-işləyə təhsil alıb. Sənaye Texnikumunu bitirəndən sonra Leninqrad Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil alıb...

 

- Sevda xanım, Mirzə İbrahimovun ədəbiyyata gəlişi və bu yöndəki fəaliyyəti ictimaiyyətə məlumdur. Bizi isə onun yalnız kiçik dairəyə, yaxın ətrafına bəlli olan tərəfləri ilə tanış olmaq istərdik. Atanız ailədə necəydi?

 

- Atamın çox mülayim xasiyyəti vardı. Tanımadığı adamlara da çox isti münasibət göstərirdi.

 

- Kimlərlə dostluq edirdi?

 

- Ən yaxın dostları Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və Mehdi Hüseyn olub. Tez-tez Rəsul müəllimgilə gedib-gəlirdilər. Süleyman Rüstəm də qonşumuz idi deyə, hər gün bir yerdə olurdular.

 

- Mirzə İbrahimovun ən çox aludə olduğu məşğuliyyət hansıydı?

 

- Atamın hobbisi kitab oxumaq idi. Həmişə mütaliə edirdi.

 

- Bəs, istirahətlə arası necəydi?

 

- Atam ailəsi ilə bir yerdə olmağı xoşlayırdı. Xüsusi olaraq harasa gedib dincəlməklə arası yox idi. Ən çox bağda dincəlirdi. Hərdən ailəlikcə kurortlara gedirdik. Bir dəfə də Göygölə getmişdik. O zamanlar deyəsən, atam Ali Sovetin sədri idi. Sonra tanışları gəldilər, biryerdə Kəpəzə qalxdılar. Bir də gecə yarısı qayıtdılar...

 

- Sevda xanım, siz bəstəkar, qardaşınız rəhmətlik Aydın müəllim ixtisasca filoloq idi. Ümumiyyətlə, ixtisas seçəndə Mirzə müəllimin təsiri olubmu?

 

- Atam bizim sənət seçməyimizə müdaxilə etməyib.

 

Kaş həmin günlərə qayıda biləydim...

 

 

- Deyilər, ustad övladından şəyird olmaz, sizin yazı-pozu ilə aranız necədir?

 

- Yazı-pozuya nəsə maraq göstərmirdim, laqeyd idim... Bilirsinizmi, indi fikirləşirəm ki, kaş həmin günlərə qayıda biləydim...

 

- Sizcə, hər hansı bir sənətkarın sənətinin yaşaması üçün övladının onun sənətini davam etdirməsi vacibdirmi?

 

- Çox çətin sual oldu mənim üçün. Amma mən bu fikirlə razılaşmıram. Məgər Nizaminin, Füzulinin, Sabirin övladı atasının sənətini davam etdirmişdi?

 

- İstedadın qanla keçməsi fikrinə münasibətiniz necədir?

 

- Bu fikirlə razılaşmaq olar...

 

- Elə isə Mirzə İbrahimovun sənətini övladlarından hansısa davam etdirdimi?

 

- Xeyr, məcburən və ya hansısa məqsədlə yazıçı olmaq olmaz. Bu istedad adamın özündə olmalıdır. Bəlkə də vaxtilə mən özüm laqeyd yanaşmasaydım, yazıçı da ola bilərdim.

 

- Nə vaxtsa atanızdan incimisinizmi?

 

- Belə şeylər olmayıb. Çünki ondan nəyə görəsə inciməyə mənim haqqım yox idi. Bizi çox ərköyün böyütdü. Nə istəyirdik, onu da alırdı. Heç vaxt bizə "yox" deməyib. Tərifləmək üçün demirəm, atamla anam bizə çox əziz olublar.

 

- Ananız hansı sənətin sahibiydi?

 

- Anam musiqi müəlliməsiydi, konservatoriyanı bitirmişdi.

 

- Atanızla ananız necə tanış olmuşdular?

 

- Onları deyəsən, rəhmətlik Nigar xanım Rəfibəyli tanış etmişdi. Nigar xanım anamın rəfiqəsiydi və onun atamla evlənməsində də onun böyük rolu olub. Ona görə də Rəsul Rzanın ailəsi ilə biz bir evli kimiydik...

 

- Atanız xarici səfərlərə gedəndə, sizi də aparırdımı?

 

- Atam xarici səfərlərdə çox olub. Həm SSRİ-nin tanınmış yazıçısı idi, həm də ictimai xadim kimi tanınırdı. Ona görə də çox yerə gedirdi. Ancaq bizi özü ilə aparmayıb. Gedəndə, ancaq anamla gedirdi. Xarici səfərləri ilə bağlı çoxlu şəkilləri vardı, onları sonradan arxivlərə verdim.

 

Yerindən duran onun haqqında Moskvaya "donos" yazıb göndərirdi…

 

 

- Atanızın hansı xasiyyəti sizə keçib?

 

- Ola bilsin, insanlara münasibəti. Çünki atam həmişə mənə deyirdi ki, insan gərək ömrü boyu yaxşılıq etsin, heç kimi incitməsin.

 

- Ötən əsrin 40-cı illərində Sovet qoşunları İrana girəndə atanız da onlarla olub. İrandakı fəaliyyəti və ordakı qohum- əqrabası haqqında heç danışırdımı? Qohumları ilə əlaqəsi vardımı?

 

- Atam həmin illər haqda heç danışmırdı. Heç kimlə də əlaqəsi yox idi. Sərhədlər açılandan sonra isə İrandan atamın dayısı oğlu gəlmişdi. Bir-iki gün bizdə qalandan sonra getdi...

 

- Sərhədlər açılandan sonra Mirzə müəllim İrana getdimi?

 

- Xeyr.

 

- Niyə?

 

- Bilirsinizmi, atam SSRİ-nin dağılması ilə heç cür barışa bilmirdi. Çünki bu hökumət onu yetişdirmişdi. İnanmırdı ki, SSRİ dağıla bilər. Meydan hadisələri vaxtı mən tez-tez mitinqlərə gedirdim. Partbiletimi cıranda, o mənə dedi ki, "vaxt gələcək peşman olacaqsan..".

 

- Yeri gəlmişkən, peşman olmamısınız hələ?

- Vallah, bu suala cavab verməyə çətinlik çəkirəm...

 

- Atanız həm də bir neçə il Azərbaycan Ali Sovetinin sədri vəzifəsində çalışıb. Bəlkə bu barədə bir az danışasınız. Hansı çətinlikləri vardı o illərdə?

 

- Stalin öləndən sonra -1956-cı ildə atam Ali Sovetin sədri seçildi. O vaxt Azərbaycan dili məsələsini qabartdı. Məsələ qaldırdı ki, bütün təşkilatlarda rəsmi sənədlər Azərbaycan dilində hazırlansın. O zaman atamın düşmənlərinin sayı çoxalmışdı. Yerindən duran onun haqqında Moskvaya "donos" yazıb göndərirdi.

 

- Atanız neçə il Ali Sovetin sədri oldu?

 

- 1959-cu ilə qədər...

 

- Yəni siz yetkinlik yaşına çatıb sənət seçəndə, o, Azərbaycanın yüksək vəzifəli şəxslərindən biri idi. Bəs nə əcəb sizi sonradan siyasət işinə yönləndirmədi?

 

- Bayaq da dedim ki, atam bizim sənət seçməyimizə qarışmırdı. Heyləyək, hərənin bir xasiyyəti olur...

 

- Mirzə İbrahimovun musiqiyə münasibəti necəydi, müğənnilərdən kimlərə qulaq asmağı xoşlayırdı.

 

- O dövrdə ara oxuyanları çox az idi. Atam bütün tanınmış oxuyanların ifalarına qulaq asmağı xoşlayırdı...

 

- Sənət adamlarından kimlərlə dostluq edirdi?

 

- Tanınmışların hamısı ilə münasibətləri çox isti idi. Bülbül, Hiyazi, Rəşid Behbudov, Fikrət Əmirov, Qara Qarayev və başqaları evimizin əziz qonaqları olublar.

 

- Atanızın yeyib-içməklə arası necəydi?

- Atam anamın hazırladığı yeməkləri çox xoşlayırdı. Hadir hallarda çöldə yemək yeyərdi. Anamın bişirdiyi yeməklərdən başqasını yeməzdi. Ona görə də səfərə gedəndə də çox vaxt anamı da özü ilə aparırdı. İçkiyə də maraq göstərməzdi, məclis xətrinə bir rumka ola bilərdi. Həmişə deyirdi ki, mən bütün məclisləri bir rumka araqla yola vermişəm. Bir rumkadan artıq içməzdi.

 

- Siqaret çəkirdimi?

 

- Yox, heç vaxt siqaret çəkməyib.

 

- Atanızın son günlərini necə xatırlayırsınız?

 

- Bayaq da qeyd elədim, SSRİ-nin dağılması atama çox pis təsir etdi. Son vaxtlar yaman əsəbi olmuşdu... Süleyman Rüstəm də SSRİ-nin dağılmasını istəmirdi. Hərdən Süleyman əmi ilə söhbətləşirdi, yenidənqurmanı pisləyirdi...

1993-cü ildə atam yıxılıb bel sümüyünü qırmışdı. Ona görə də onu öz evimə gətirdim. Həmin il dekabr ayının 16-da atam gözlərini əbədi yumdu...

 

İLTİFAT