adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyul 2021 18:11
44522
ƏDƏBİYYAT
A- A+

Elnur Uğur: Vətən düşünürük Ana deyəndə

Tovuz döyüşlərində dünyasını dəyişmiş Şəhid Cənab Mayor Anar Novruzovun əbədiyaşar xatirəsinə ehtiramla...

 

 Vətən düşünürük Ana deyəndə,

O bizə əbədi ana qucağı.

Vətəni heç nəyə dəyişməyəndə,

Onda müqəddəsdir Vətən torpağı.

 

Torpağa dammasa Şəhidin qanı,

Torpaqdan yoğrulmaz Vətən kündəsi.

Eşqin məbudumuz yoxsansa qanda,

Nə sən eşq Tanrısı,nə mən bəndəsi.

 

Bizi biz eyləyən məndəki məndi,

O bizə anadır,biz oğullarıq.

Dünyada əvvəl də,son da Vətəndi,

Vətən varsa varıq, onsuz olmarıq.

 

Vətən yoxsa quru can nəyə yarar?

Üstümüzdə gəzən bədənik, bədən.

Eşqinə baş qoyub dincələr ruhum,

Ən əziz doğmamsan, Vətən, can Vətən!

 

Oğullar getdi ki, yolunda sənin,

Oğullar yıxıldı hərəsi bir dağ.

Oğullar getdi ki, yaşayasan sən,

Vətənə dönəsən,ey ana torpaq.

 

 

Vətəndən de kimlər,kimlər keçmədi?

Əliflər,Samidlər,Camallar düşün!

Üzü ayrılıqdı şəhadətlərin,

Batini əbədi eşqin görüşü.

 

Bu eşqin görüşü ucalıq istər,

Nolsun qış soyuğu var bu çillədə.

Duruş gətirənlər qalxa bilənlər,

Eşqlə qol-boyundur ən son pillədə.

 

Bu pillə batini durularındır,

Bu pillə Tanrının durduğu pillə.

Bu pillə elə bir ucalıqdı ki,

Onun kölgəsində ən uca qüllə.

 

Mənə bu pillədə dayanan hər kəs,

Doğma qardaşımtək əzizdir inan.

Xəyalım dırmanır ilk pilləsinə,

Görürəm dünyanın son ucundayam.

 

Oradan o yana uçurum,qaya

Söz də çatmır şəhid mərtəbəsinə.

Hər şəhid gözüylə baxsan dünyaya,

Könlün oyanacaq eşqin səsinə.

 

Könlü diksindirir bir şəhid səsi,

Mayor Novruzovun Vətən səsi bu.

Can verir torpağa Vətən nəfəsi,

Ölümü ölümmü?-eşq nəğməsi bu.

 

 

Səngər Generalı Polad Paşanın,

Tovuz döyüşündə tərəfdaşıydı.

O Polad Paşanın, İlqar Paşanın,

Vətən məsləkdaşı, ruh yoldaşıydı.

 

 

 

O ruhlar daşıdı yolu yoluna,

O ruhlar son bəndi eşqtək qanunun.

Könüldən-könülə qapısı açıq,

Məsləki bir olan ruh qonşusunun.

 

O ruh qonşuları Vətən məzarlar,

Tovuz döyüşündə candan keçdilər.

Yaşarkən ölməkdən üstün tutaraq,

Ölüb yaşamağı məram seçdilər.

 

Tovuz döyüşləri xalq sevgisini,

Zərrəykən bir bütöv,bir küll elədi.

Millət yenilgini, uduzmağını,

O gün sevgisiylə tam güllələdi.

 

Poladtək Paşanın rəhbərliyində,

Vuruşmaq hər zabit üçün şərəfdi.

Odur çağırışa baş üstə deyib,

Mayor Novruzov da Tovuza gəldi.

 

 

 

“AQS 17 adlı silahın,

Deyirlər,atası deyirlər sənə”,-

Polad Paşa üzün tutdu Anara,

Göstər hünərini görüm düşmənə.

 

Açıldı AQS 17 dəhşət,

Düşməni oturtdu zərbələr geri.

Erməni təlaşa düşmüşdü o gün,

Akula ləqəbli döyüşçü gəlib.

 

 

 

Düşmən Qarabağda at oynadandan

Anarın adını çoxdan duymuşdu.

Anar kəşfiyyatda sulayıb meydan,

Çox dır-dığaların gözün oymuşdu.

 

Onun Ağdərədə şücaətini,

Heç zaman unutmaz o düşmən qarı.

2008-ci ildə Anarla,

Açdıq Ağdərəyə  Vətən yolların.

 

Aprel döyüşləri  yurda qayıdış,

Doğdu Anarların zəfərlərindən.

Millətin qanında böyük oyanış,

Güc alır Vətənin al səhərindən.

 

 

 

Anar Novruzovun xidməti birmi,

Saydıqca sayasan gəlməz ki saya.

O bir hərbiçitək, ruhunda mərdlik,

Doğulub gəlmişdi cani dünyaya.

 

Haqqı, ədaləti can bahasına,

Qorumaq onunçün böyük amaldı.

Elə haqq uğruna, zəfər uğruna,

Qalxdı şəhadətə qədər ucaldı.

 

Yaşı tamam oldu bütün yaxınlar,

Ona təqaüdə çıxsın dedilər.

Taorpağı işğalda olan zabitin,

Söylədi evi də səngərdir,səngər.

 

Ona ev tik dedi, istəyənləri,

O isə elə bir  ev tikəcəyəm,

Bütün doğmalarım, sevənlərimlə,

Kölgəsində hər gün dincələcəyəm.

 

Şəhadət evidi tikdiyi ev də,

Bu boyda xalq üçün kölgəsi yetər.

Bir məzarı var ki,tək  baş daşına

Baxanlar Vətəndə Vətən dedilər.

 

 

 

İki yadigarı qalıb dünyada,

Oğlu Nihad ilə qızı Füruzə.

Onları  özünüz kimi qoruyun,

Onlar Azadlıqdan yadigar bizə.

 

Anar Novruzovun gül balaları,

Ata hünəriylə fəxr eləyirlər.

Ölümün qırışıq əlini sıxıb,

“Vətən sağ olsun!”bax belə deyirlər.

 

Özü sağlığını düşünməyənlər,

Vətən sağlığına canını verdi.

Azadlıq toxumu eşqlə səpildi,

Şəhid qanlarıyla hər gün göyərdi.

 

Şəhidlər ruhuna borcluyuq hər an,

Bu boyda torpağın azadlığını.

Onların qanıyla hər gün bağlaram,

Könlümdə qırılmaz Vətən bağını.

 

Tovuz döyüşündən başlar zəfərim,

O döyüş millətin ruh döyüşüydü.

Orda Anarların, Polad,İlqarın,

Acı ayrılıqla son görüşüydü.

 

Orda Generalım sübut elədi,

Vəzifə sevgidən gücsüzdür hələ.

Vətən dediyimiz Müqəddəs Ana,

Ayaqdadır övlad sevgisi ilə.

 

Orda Anar odlu silahla o gün,

Azğın düşmənləri ot kimi biçdi.

Tovuz döyüşləri elə döyüş ki,

Zəfərə xalqımız bir körpü keçdi.

 

Bəli, Anarların şücaətiylə,

Tovuzda yerini aldı ədalət.

On iki imamın eşqinə orda,

On iki igidim daddı Şəhadət.

 

Həmin Şəhadətdən daman damla qan,

Kütləni döndərdi selə ölkədə.

Qarabağ hayqırdı, bu vaxta qədər-

Millət qalxmamışdı belə ölkədə.

 

Axdı Qarabağa axdı baxışlar,

Vətənə məhəbbət,düşmənə nifrət.

Yağdı Qarabağa yağdı baxışlar,

O Sevgi buludu gözlərə heyrət.

 

Tovuz döyüşləri əsrin savaşı,

O savaş bizlərdən kimlər almadı?

Səngər Generalı, Vətən İlqarı,

Bir də tarix oldu Anarın adı...

 

 

 

 

Cavan ömürlərin Şəhadətini,

Elə düşünürəm,elə yanıram.

Hər birin bağrıma basıb xəyalda,

Bir nəğmə eşqiylə alovlanıram.

 

Anarın taleyin vərəqlədikcə,

Səsimə hardansa bir səs hay verir.

Bu böyük şəhadət şəhdi çox şirin,

Yazdıqca dipdiri sözlər boy verir.

 

44 illik ömrünü,

Sərf elədin Vətənə.

Bu gün məzarın üstə,

Vətən deyirəm sənə.

 

44 il bundan öncə,

Bir sevdadan yoğruldun.

Tarixə döndü adın,

Vətəndə Vətən oldu.

 

Adını Anar qoyan-

Atanın eşqin andın.

Düşməni damğaladı,

Vətənə oğul andın.

 

44 illik yaşamı,

Bir sevgiylə yaşadın.

İndi adın tarixdə,

Azadlıqla qoşadı.

 

Səndən yazınca ünüm,

Yetir haqqın səsinə.

Sözüm an-an ucalır,

Şəhid mərtəbəsinə.

 

Ucalıqdan baxanda,

Ucalıqlar kiçilir.

Şəhid qəbri önündə,

Keçilməzlər keçilir.

 

Ey cismi cismən köçən,

Ey ruhu doğmam mənim.

Baş daşında dikəlir,

Ucalığı Vətənin.

 

Hər bir təzimdədir,

Şəhid adın önündə.

Tanrı məhəbbəti var,

Bu dipdiri ölümdə.

 

Ölüm intihar edir,

Hər gün bu baş daşında.

Dörd hərfli ad iz salıb,

Zamanın yaddaşında.

 

Ha qazısam yaddaşın,

Unutmaz zaman səni.

Əziz balasıtək oxşar,

Bu Vətən -Anan səni.