adalet.az header logo
  • Bakı 20°C
06 Iyul 2021 10:10
15471
İQTİSADİYYAT
A- A+

Altı ayda qeyri-neft ixracı 27 % artıb

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ixracı 8,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 mln. dollar və ya 27,1% artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Adalet.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun ərzində meyvə-tərəvəz ixracı 306,4 mln. dollar, pambıq lifi ixracı 123 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 61 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53 mln. dollar, pambıq ipliyi ixracı 23 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 36 mln. dollar, şəkər ixracı 19 mln. dollar, bitki heyvan mənşəli piylər və yağlar ixracı 16 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 6,8 mln. dollar və çay ixracı 4,2 mln. dollar təşkil edib.

Bu ilin iyun ayı Azərbaycanın ümumi ixracı 1,3 mlrd. dollar, qeyri-neft sektoru üzrə ixrac 255 mln. dollar təşkil edib. İyun ayında ticarət saldosu müsbət 400,5 mln ABŞ dolları təşkil etmişdir ki, ötən ilin eyni ayında mənfi göstəriciyə malik idi. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin iyun ayı ilə müqayisədə 33.7% və ya 64.2 mln. dollar daha çoxdur. Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 112,2 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 142,7 mln. dollar təşkil edib.

2021-ci ilin iyun ayında yeyinti və qeyri-yeyinti məhsullarının ixracında artım müşahidə edilib. Yeyinti məhsullarında 11,8%, qeyri-yeyinti məhsullarının ixracında isə ötən ilin eyni ayı ilə müqayisədə 58,1% artım müşahidə edilib. Yeyinti məhsullarının iyun ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr tərəvəz, meyvə, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları, heyvan və bitki mənşəli piylər, yağlar və onlardan alınan məhsullar, hazır yeyinti piyləri, heyvan və bitki mənşəli mumlar, yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrin qabıqları və ya qovun qabıqcıları və s. təşkil etmişdir.

Qeyri-yeyinti məhsullarının tərkib hissəsində əsas drayver rolunu isə filizlər, şlaklar və kül, gübrələr, pambıq, qara metallar, plastmassa və onlardan hazırlanan məmulatlar, mis və ondan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa onların hissələri və ləvazimatları şərtləndirmişdir.