adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyul 2021 07:00
43108
ƏDƏBİYYAT
A- A+

ƏLLİ BEŞ İLLİK ROMANIN ON BEŞ İLLİK HEKAYƏLƏRİ

(Əli bəy Azərinin “Bizi Umudsuz qoyma” hekayələr kitabınının ədəbi təhlili)

Əli bəy Azəri ədəbi mühitdə ikiqat əziyyət çəkən iki-üç adamdan biridir: Tərəzinin sol gözünə müəllifi olduğu əsərləri, sağ gözünə "Xəzan" jurnalını qoysaq, eyni ağırlığı görərik. Hətta bəzi insanlar tərəzinin sağına daş zad yığacaq, həqiqətən belədir, oxuculara Əli bəy Azəri kimdir sualını versək, öncə "Xəzan"ın baş redaktoru deyəcəklər sonra nasir. Jurnalın bu səviyyəyə çatması gərgin zəhmətin, publisistik məsuliyyətin göstəricisidir, ancaq bu uğurun pərdəarxası çətinliyi maddiyyatdır ki, onu da Əli bəy hər dəfə sözə, sənətə qurban verir: Öz suyundan, çörəyindən kəsir ki, təki "Xəzan"ın nəfəsi kəsilməsin...

“Bizi Umudsuz qoyma” hekayələr kitabı müəllifin hekayə yazmaq bacarığının sübutudur. Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olan adamın savadı nə qədər çox universal olsa, bir o qədər çox uğura imza atar – bir sözlə, lazım gəlsə həkim olmalıdır, hərbçi olmalıdır, müəllim olmalıdır və s. Əgər obrazların peşəsinə, vəzifəsinə; vəzifə proseslərinə bələd deyilsə, əsərin keyfiyyətindən danışmağa dəyməz. Əli bəy Azəri bütün bu xırda detalları ustalıqla nəzərə alan yazıçıdır; nəinki yazıçı, “Böyrək daşı”nda həkimdir,

“Bizi Umudsuz qoyma”da (eyni zamanda “Sevgi və borc”, “Sərhədçi zabitin etirafı” və s.) sərhədçi zabitdir, “Doqquzuncu vaqon”da vaqon nəzarətçisidir, “Qapıçı” da (həmçinin “Əlimdən pul iyi gəlir”) yazıçıdır...

 

Cəmiyyətə tənqidi münasibət satirik və yumoristik tərzdə özünü göstərir. İkinci abzasda qeyd etdiyim kimi, peşənin, vəzifənin ağ-qara tərəflərini bilmədən düzgün analiz etmək qeyri-mümkündür – nasiri oxuculara sevdirən də məhz budur.

Hər şey Vətəndən başlayır, xüsusən də Vətənin sərhədindən; hərbçinin Vətənə saf sevgisi cəsarətinə bərabərdisə bu işin ağ tərəfidir (Umud, Osman, Əlixanov); gizir Dıbırov bu hərbçilərin üz qarasıdır (“Alış-veriş yardımçısı”) – vəzifəsindən sui-istifadə edir, alış-verişdən həm alır, həm verir. Kənd camaatının (kor Miseyib, Seymur) sərhədi pozması ilə Dıbırovun əliəyriliyinin heç bir fərqi yoxdur – pis elə pisdir...

Qafur, Elxas İlyaslı zamana adaptasiya olmuş, “ədəbi qanunauyğunluq”larla razılaşmağa vadar edilmiş yazıçıların prototipləridir – Qafur palkovnik dostuna kitabının çapı üçün ağız açır: üç yüz manatla açılan ağız yüz manatla yumulur, yaxşı ki, Nazim o yüzlüyü verdi e, yoxsa sözün həqiqi mənasında Qafurun ağzı açıq qalacaqdı; Qafur da bütün kitab sahibləri kimi “kitaba ac dövr”ə düşüb; Nazim zəmanə adamıdı, bilir ki, kitab oxuyan yoxdu dostuna çap pulu vermir, o bilsəydi ki, Qafur şəhərin mərkəzində beşulduzlu otel tikmək istəyir, hamıdan qabaq gəlib şərik olardı ona...

“Qapıçı”da Elxas İlyaslı yuxuda kitabının çapına pul yığsa da, onun əsas dərdi başqadı: Qalaq-qalaq kitabın ola, kitab-kitab nüfuzun ola, nüfuzlu-nüfuzlu dərsliklərdə dərc olasan, axırda da gəlib adi restoran qapıçısının qarşısında susasan. Adama deyərlər: “Oturmuşdun da toyda...” Elə bilir ki, hamı onun əsərlərini oxumalıdır, day bilmir ki, müəllim tələbə yoldaşları Səməd Vurğunun kitablarını Allah-Allah deyə-deyə yadda saxlayırlar. Elxası o qədər yalandan tərif ediblər ki, yazıq özün “Ulduz”da çap olmamış ulduzlar kimi aparır, sonda özü də başa düşür ki, oxucu-qapıçı gözündə o sadəcə “siqaretli professor”dur. Elxasın və Qafurun (yazıçıların) ədəbiyyatı zənginləşdirmək istəkləri təqdirəlayiq addımdı, ancaq seçdikləri yol yolverilməzdir...

“Böyrək daşı”nda Firdovsi həkimin çirkin siyasəti Orxan vasitəsilə aydın olsa da, Şikar bu aydınlığa gözübağlı baxır; qardaşına inanmır və nəticədə avam obraz kimi gülüş hədəfinə çevrilir... Şikarla Orxan bir evin iki qütbüdür – Orxanın saqqalı yoxdu, sözü keçmir; Şikarın hiyləgərliyi yoxdu, pulu keçir. Firdovsi həkim Hippokratın andını cibində gəzdirən həkimlərin ümumiləşdirilmiş obrazıdır. Orxan adam tanımaqda pərgardı, Şikar aldadılmaqda...

“Halal ehsan”da Aslanla qardaşı oğlunun müftə halal ehsan yeməsi nazir Musa Səlimbəyli tərəfindən xoş qarşılanmır, halbuki özü kasıbın haqqın yeyir... Ehsan yeri deformasiyaya uğramış ölkədi – “ cənab nazir” ölkədə kasıblara yuxarıdan aşağı baxdığı kimi, yasda da onların çörəyinə göz dikir: Ölkədəki yoxsul təbəqənin çörəyin əlindən alan adam üçün iki nəfər nədi ki?!... Haramzadə nazirin halalzadələri tanıması utancverici hadisədir – haqqın yediyi adamlarla utanmaz-utanmaz bir süfrədə oturasan, hələ üstəlik kimisə müftə halal ehsanda görmək istəməyəsən: nazirin məclisdə yeri elə özü kimi adamlarla üz-üzə əyləşməkdi – o qarşısındakının gözlərində özünü görsün, qarşındakı da onun...

 

 

“Şər”də Sabir əmi Sənəmin böhtanına tuş gəlir. Əsəri tam bitirməmiş adam elə fikirləşir ki, bu işdə Sənəmlik və Sabir əmilik nəsə yoxdu, günah Sənəmin bacısındadı; ancaq tam oxuduqda düyün açılır: Sənəmin Sabir əmiylə erotik telefon danışığı Sənəmin heç də günahsız olduğunu göstərmir – Sabir əmi böyük kimi Sənəmin alnından öpür, o da gəlir bacısına öpüş səhnəsini karın könlündəki kimi danışır, qadasın aldığım da kəndlə bir edir, ondan sonra “Öpüş”camaatın dodağından yerə düşmür. Sabir əminin böyüklüyü ilə başlanan macəra Sənəmin başından böyük qələt etməyi ilə yekunlaşır...

“Yağlı bəhanə”də donuz qripi Telmanın dadına çatır. Telmanın qardaşı Qulam Ukraynada yaşayır, qızı Svetanın toyuna qardaşın da dəvət edir, Telman “Donuzdan tük də qənimətdir”deyib müxtəlif bəhanələr gətirir ki, pul xərcləməsin; elə tüklü donuz onun xilaskarı olur. Hekayə iki dostun (Telman-Hətəm) dialoqundan ibarətdir...

“Doqquzuncu vaqon”da vaqonların ardıcıllığı pozulur və səhlənkarlıq nəticəsində qatara iki doqquzuncu vaqon qoşulur. Bir vaqonun dolu, birinin boş getməsi öz həllini tapır: Doqquzlar qoşulduğu kimi də səhv ayrılır; heç kimsiz vaqon yoluna davam edir, sərnişinli vaqon yenidən Bakıya qayıdır...

 

Kitabda real məhəbbət yox dərəcəsindədir. Umud-Yulya, Osman-Sara cütlüyü epizodik planda verilir, məzmuna müdaxilə etmir – məncə, Yulya, Sara artıqlıqdı...

Umud – Yulya xətti iki ayrı-ayrı dövlətin, millətin nümayəndəsinin sevgisi kimi nəzərdə tutulsa da, tutarlı alınmayıb. Buna oxşar sujet “Əsli və Kərəm”dastanında, “Şeyx Sənan” dramında, “Bahadur və Sona” romanında da var, hər üç əsərdə konkret din-sevgi məsələsi ortaya qoyulub və din sevgiyə məğlub olub.

• Umud-Yulya qarşılaşmasında dini ayrı-seçkiliklə bağlı bir söz deyilmir; hərəsi bir ölkənin vətəndaşıdı – rus vətəndaşı da müsəlman ola bilər, azərbaycanlı da xristian və s. Yəni, bunların məhəbbətində maneə yoxdu...

• Kərəm kafir qızına görə kül olur; şeyx Sənan müsəlman olsa da, donuz otarır; Sona xristian qızı olsa da, Bahaduru ailəsindən üstün tutur – çətin sınaqlar, əzab-əziyyət, ruha uyğun seçim etmək və s. gördüyümüz kimi, əsərə əlavə rəng qatıb; Umud-Yulyada ağ xalatlı Yulya Umudu müalicə edir, Ümidin ondan xoşu gəlir – sıradan bir bəsit təsadüflü eşq hadisəsidir, kəskin mübarizə səhnəsi yoxdu

 

“Zəncinin dərsi”ndəki sevgi köməkçi süjet kimi istifadə olsunsa da, ləyaqət faktoruna qalib gələ bilmir: Niger-Maya qoşalığı sevgini üstün tutsa da, Zərdüşt Cülyettanı yox, öz şərəfin seçir – şirkət rəhbəri Con Braunun katibəsi Maya onun məşuqəsi olduqdan sonra maddi imkanı artır, şirkət işçisi Niger onunla ailə qurub xaricə özünə biznes qurmağa gedir; köməkçisi Zərdüşt Nigerin yerinə keçir, Cülyetta da Mayanın. Zərdüşt Nigerin taleyini yaşamaq üçün işdən imtina edir. Zərdüştün və Nigerin addımı Azərbaycan-Afrika mədəniyyətini fərqləndirir. Hekayədə prorektorun biganəliyi təhsilimizdəki çatışmazlığı özündə əks etdirir...

 

“Qapıçı”da sevgi xəttinə geniş yer verilsə də, yenə də ümümi ideyaya təsir göstərmir. Professorun yoldaşı Nazlı xanım qısqanc qadındı, hətta Elxası yuxulara da qısqanır...

 

“Bizi Umudsuz qoyma” həm də folklor ənənələrinin daşıyıcısıdır. Əli bəy Azəri də bu adətə sadiq qalıb onu bacadığı qədər davam etdirir.

“Sonuncu dar ağacı”ndakı surətlər sistemi (padşah, vəzir, cəllad və s.) şifahi xalq ədəbiyyatından qaynaqlanır, elə əsərin mövzusu da də epik folklor janrlarını özündə ehtiva edir – adın çəkdiyim hekayə rəvayəti, nağılı xatırladır: Nə vaxtsa bir padşah olub, mahalı dar ağacında asıb və özü tək qalıb – Bu sujet xalq təfəkkürü ilə daha çox səsləşir...

“Möhlət” də obraz padşah, vəzir olmasa da, hadisələr nağılvaridir: Ölümünə az qalmış baş tacir insanlarla yanaşı heyvanlardan da halallıq almaq istəyir, at digər dördayaqlılardan fərqli olaraq, onu bağışlamır və buna görə də, Allahın ölüm mələyi can verə-verə zarıyanın canın almır...

“Qurd ağzı”nda qurd totemi yenə də müqəddəs hesab olunur: Nağı məsələyə tam əmin olmadan qurdun caduyla ağzını bağlamır ki, o da yeməyə nəsə tapsın. Çox şükür ki, itmiş erkək heyvan qurd tapmamış tapıldı, yoxsa Şaq-şaq Fatı kəndi lərzəyə gətirəcəkdi...

Əli bəy Azərinin bədii yaradıcılığı təkcə hekayə janrı ilə bitmir: povestlər, romanlar da öz aktuallığını qoruyub saxlayır. Yeri gəlmişkən, sonda Əli bəy Azərini 55-inci ad gününü öncədən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram...

 

Elvin İNTİQAMOĞLU

şair-filoloq