adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Iyul 2021 02:10
44792
İDMAN
A- A+

İtaliya yığması Avropa çempionu oldu - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatında final oyunu keçirilib.

Adalet.az-ın məlumatına görə, həlledici qarşılaşmada İngiltərə və İtaliya yığmaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda təşkil olunmuş qarşılaşmanı 67 173 nəfər izləyib.

Hesab isə erkən açılıb. 1 dəqiqə 57-ci saniyədə Lük Şou İngiltərə millisini hesabda önə çıxarmaqla yanaşı, Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, meydan sahiblərinin ilk yarı ərzində yeganə təhlükəli epizodu olub.

İtaliya yığması isə bərabərlik qolunu vurmaq üçün hücuma atılıb və istəyinə 67-ci dəqiqədə çatıb. Leonardo Bonuççi rəqib qapısı qarşısındakı qarışıqlıqdan sonra topu tora göndərib - 1:1. Beləliklə, "Yuventus"un müdafiəçisi Avropa çempionatlarının finalları tarixində qol vuran ən yaşlı oyunçu olub. O, 34 yaş 71 günündə fərqlənib.

Görüşün əsas vaxtı elə bu hesabla başa çatıb. Bu, 90 dəqiqə ərzində taleyi həll olunmayan 7-ci final qarşılaşması olub. 1960, 1976, 1996, 2000 və 2016-cı il Avropa çempionatlarında qalib əlavə vaxtda müəyyənləşib. AVRO-1968-də də eyni hal baş verib. Amma reqlamentə əsasən, iki gün sonra yenidən həlledici qarşılaşma keçirilib.

AVRO-2020-də isə əlavə vaxtda da qalib müəyyənləşməyib və nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib - 3:2. Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub.

Daha əvvəl "Skuadra Adzurra" AVRO-1968-in qalibi olub.

***

00:35

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyununda növbəti qol vurulub.

Adalet.az xəbər verir ki, 67-ci dəqiqədə İtaliya millisinin futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir. İlk qol 2-ci dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib. Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.

***00:17

Bu gün AVRO-2020-yə yekun vurulacaq. 

Adalet.az xəbər verir ki, finalda İtaliya və İngiltərə milliləri üz-üzə gələcək.

Londondakı "Uembli” stadionunda baş tutacaq həlledici görüşü Niderlanddan olan FİFA referisi Byörn Kuypers idarə edəcək.

Qeyd edək ki, İngiltərə yığması tarixində ilk dəfə Avropa çempionatında final həyəcanı yaşayacaq. İtaliya yığması isə ikinci dəfə qitə çempionu ola bilər. İlk dəfə 1968-ci ildə Avropanın ən güclüsü olmuş italyanlar, 53 illik həsrətə son qoymağa köklənib. Əslində italyanlar 21-ci əsrdə uzun sürən həsrətə son qoymağa daha iki dəfə çox yaxın olub. AÇ-2000 və AÇ-2012-də də finala çıxan apenninlilər hər iki həlledici matçda məğlubiyyətlə barışıb.

***23:06

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. 

Adalet.az xəbər verir ki, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir.

İlk qol 3-cü dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib. İngiltərə 1 - 0 İtaliya.

Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.