adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Bizi çox bölmək istəyiblər - Zaur Əhməd yazır

15172 | 2021-07-22 12:03

Mən, Vətənim Azərbaycanı çox sevirəm. Yəqin ki, kimi dindirsən, belə deyər. Qarabağın ən dilbər guşəsi Kürdəmirin ilan mələşən, adam qovuran quraq kəndləri mənim üçün eynidir. Yəni, Vətən daş-qaya, dərə-təpə, meşə, şır-şır bulaqlar, yaylaqlar demək deyil. Vətən insanı ilə bütövdür, əzizdir, müqəddəsdir. Bu Vətəni necə sevməyəsən?... Polad Həşimov, Raquf Orucov, Mübariz İbrahimov qəhrəmanlar, minlərlə atam kimi qəhrəmanlar yetirib ki, o torpaq uğrunda canlarını fəda ediblər, qanlarını bu torpağa qarışdıraraq müqəddəs Vətən ediblər.

Azərbaycan böyük bir vətəndir. Buranı özünə Vətən bilənlər arasında milliyətcə türk də, rus da, talış da, ləzgi də, udin də, avar da, çaxur da, yəhudi də var. Görün, nə boyda Vətəndir ki, az qala hər millətdən olanlar üçün doğma Vətən ola bilir. İndi kim bu Vətəni bölə bilər, kim öz yedəyinə bağlaya bilər?

Bizi tarix boyu çox bölmək istəyiblər. Usdadımız Cəlil Məmmədquluzadə "Anamın kitabı" əsərində bu acı bölücülüyü çox məharətlə ifadə etmişdi. Bu məmləkətdə hər zaman Rusiyaya, İrana, Türkiyəyə tərəf gedənlərimiz olub, yüz il əvvəl də, indi də, bəlkə yüz il sonra da. Şükr ki, biz bütöv qala bilmişik. Rusbaşlar, İranpərəstlər, Türkiyəsevərlər o vaxt da var idi, bu gün də var, sabah da olacaq. Amma əminəm ki, bu üç ölkə ilə lazımi məsafədə qalaraq Vətənim Azərbaycanı daha güclü, daha müstəqil görmək istəyənlər olacaq. Rusiya dost olmağa məhkum olduğumuz qonşudur. İran birgə mədəni, mənəvi, dini keçmişimiz olan ölkədir. Türkiyə soyumuz, ruhumuz bir olan ölkədir. Təbii ki, soyumuz bir, dilimiz bir olan ölkə bizə daha yaxın olmalıdır. Amma bir ata-anadan olan qardaşların da evi ayrı, köçü ayrı olur. Dövlət nə qədər böyük yaxud kiçik olsun, heç bir iqtidar kölgəni sevmir. Türkiyəni kimsə İranla, Rusiya ilə bir tərəziyə qoya bilməz, qardaş ölkə kimi şükran borcumuz var və bizə olan dəstəyi heç vaxt unutmamalıyıq. Dost dar gündə tanınar, Türkiyə dar günümüzdə yanımızda olub. Amma hər şeyin bir həddi olmalıdır. Dostluğun da, düşmənçiliyin də...

Biz çox həssas məkanda yaşayırıq, diqqətli olmaqda fayda var. Dosta da, düşmənə də ölçülü məsafədə dayanmağı bacarmaq lazımdır. Heç kim inciməsin, Azərbaycanı heç bir böyük dövlətin kölgəsində görmək istəmirəm. Şəxsi fikrim Rusiya ilə qonşu, İranla yoldaş, Türkiyə ilə qardaş olaq, amma məsafə çox önəmlidir. Qonşuyla qonşu, dostla dost, qardaşla qardaş olmağı bacarmalıyıq.

Mənim üçün Azərbaycandan başqa üstün, önəmli dövlət yoxdur. Müstəqilliyimizin üzərinə düşən heç bir kölgəni sevmirəm, qəbul eləmirəm.

Münki kölgə sərin olsa da, sahibi başqasıdır. Başqasının kölgəsində yatmaqdansa, gün altın da qovrulmaq daha üstündür.

TƏQVİM / ARXİV