adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Iyul 2021 13:27
26124
İDMAN
A- A+

Avropa mükafatçısı 26 yaşında “patı”dan ölübmüş - Federasiyadan AÇIQLAMA

Ötən həftə ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü olmuş Allahyar Abışov dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, 26 yaşlı keçmiş idmançının qəflətən ölümü şübhələr doğurub. Ekspertizadan sonra müəyyən olunub ki, A.Abışov “patı” kimi tanınan metamfetamindən istifadə edirmiş.

Bu barədə idmançının bacısı Rəna Abışova sportfm.az-a açıqlamasında bildirib:

“Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın”.

Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevlə əlaqə saxladıq. O, bu barədə məlumatlı olmadıqlarını bildirib:

“Düzü, xəbəri eşitdik, çox üzüldük, başqa deyiləcək söz yoxdur. Çox yaxşı idmançı idi. Amma niyə, nədən ölüb, bu barədə məlumatımız yoxdur, düzü, heç doğru da saymamışıq bunu araşdırmağı. Bunun üçün müvafiq orqanlar var, onların işidir. Biz isə milli komandanın sabiq üzvünü itirdik. Əsas məqam budur. Allahyar Abışovun xatirəsini yad edir, Allahdan ona rəhmət diləyirik”.

Qeyd edək ki, Allahyar Abışov 2015-ci ildə 20 yaşadək ağırlıqqaldıranların Avropa çempionatında 62 kq çəki dərəcəsində bürünc medal qazanıb.