adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyul 2021 13:59
80931
İQTİSADİYYAT
A- A+

İri dövlət şirkətləri  - Azərbaycan büdcəsini yeyənlər

Azərbaycanda iri dövlət şirkətlərinin borcları  hazırda ölkə qarşısında duran ən mühüm vəzifələrdən biridir. Belə ki, illər boyu demək olar ki, xərcləri dövlət tərəfindən qarşılanan bu şirkətlərin çox cüzi hissəsi gəlirlə işləməkdədir: əksəri ili böyük həcmli zərərlə başa vurur.

Ölkə başçısı Prezident İlham Əliyev də zaman-zaman iri dövlət şirkətlərinin fəaliyyətindəki səmərəsizlik barədə danışıb, vəziyyətin ən qısa müddətdə dəyişməsinin gərəkdiyini vurğulayıb. Məzh iri şirkətlərin gəlir və xərclərinin nizama salınması məqsədilə Prezident Azərbaycan İnvestisiya Holdinqi yaradılması barədə Fərman imzalayaraq bu  şirkətlərinin böyük əksəriyyətinin idarəçiliyi ona həvalə etdi.

Uzun illər boyu bütün infrastruktur layihələri dövlət tərəfindən maliyyələşdirilən, dövlət büdcəsindən irihəcmli subsidiyalar alan iri şirkətlər nəinki mənfəətə çıxmayıblar, həmçinin dövlət zəmanəti ilə aldıqları kreditləri belə qaytarmırlar. Nəticədə, illər üzrə yüz milyonlarla manat vəsait yenə də dövlət büdcəsindən ödənilir.Bu səbəbdən cəmiyyətin AİH-in fəaliyyətindən gözləntiləri kifayət qədər böyükdür.

Qeyd edək ki, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2021-ci ilin dövlət büdcəsi layihəsində 2 milyard 198,8 milyon manat məbləğində nəzərdə tutulub. Həmin məbləğ növbəti ilin proqnozlaşdırılmış dövlət büdcəsi gəlirlərinin təqribən 8,7 faizi, xərclərinin isə 7,7 faizi səviyyəsindədir. 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə növbəti il üçün dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 472,6 milyon manat çox olacaq.  2021-ci il üçün xarici dövlət borcu üzrə ödənişlər 2 milyard 31,7 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 92,4 faizinə, dövlət büdcəsi gəlirlərinin 8 faizinə, dövlət büdcəsi xərclərinin 7,1 faizinə bərabərdir

Xarici dövlət borcu üzrə nəzərdə tutulan vəsaitlərin 466,2 milyon manatı faiz borcunun, 1 milyard 565,5 milyon manatı isə əsas borcun ödənilməsinə yönəldiləcək. Yəni 2021-ci ildə xarici dövlət borcu üzrə ödənişlərin 22,9 faizi faiz ödənişlərinə, 77,1 faizi isə əsas borcun qaytarılmasına sərf olunacaq. Xarici dövlət borcuna xidmət xərclərinin 1 milyard 753 milyon manatı birbaşa cəlb edilmiş kreditlər üzrə xərclərə, 278,7 milyon manatı isə məhz dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərə xidmət xərclərinə yönəldiləcək.

Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsi sənədinə verdiyi rəydən aydın olur ki, 2020-2024-cü illərdə “Azəralüminium” ASC Təminat Fonduna dövlət zəmanəti ilə almış olduğu kreditlərin qaytarılmasına görə 175,5 milyon manat, “Azərbaycan Dəmir Yolları” QSC 281,9 milyon manat, “Azərbaycan Hava Yolları” QSC 1 milyard  383,8 milyon manat, “Azərenerji” ASC 290,5 milyon manat, “Azərişıq” ASC 26,9 milyon manat, “Azəristiliktəchizat” ASC 23,8 milyon manat, “Azərkosmos” ASC 142,8 milyon manat, “Azərsu” ASC 9,9 milyon manat, SOCAR 169,1 milyon manat, “Azİntelekom” MMC 322,6 milyon manat, Gənclər və İdman Nazirliyi 48 milyon manat vəsait ödəməlidir. 

SOCAR-ın qısamüddətli xarici borclar 5,91 milyard manat, cəmi borclar isə 11,219 milyard manata çatıb. Bununla yanaşı, ötən il SOCAR Azərbaycan Beynəlxalq Bankından 21 iyul 2022-ci ildən başlayaraq 23 avqust 2026-cı ilədək ödəmək şərti ilə illik 4,0-4,8 faizlə 559 milyon manat, Maliyyə Nazirliyindən 12 yanvar 2024-cü ildən başlayaraq 1 aprel 2039-cu ilədək qaytarmaq şərti ilə illik 0,1 -3,8 faizlə 354 milyon manat – cəmi 913 milyon manat borc götürüb. Bundan əlavə, ödənilməmiş istiqrazlar üzrə 175 milyon manat İnvestisiya Şirkətinə, 2 milyard 960 milyon manat isə Dövlət Neft Fonduna borcu yaranıb. Ölkədə ən gəlirli sahənin bu cür borclanması nə deməkdir? Bəs iri dövlət şirkətləri niyə ili zərərlə başa vururlar?

İqtisadıçı ekspert Natiq Cəfərli Adalet.az-a açıqlamasında ölkədəki iri dövlət şirkətlərinin əsasən də, SOCAR-ın ciddi şəkildə xərclərini şişirtməsi barədə məlumatların çoxdan hamıya məlumduğunu dedi:

“İri dövlət şirkətləri xərclərin şişirdilməsi yolu ilə və müxtəlif satınalmalardakı qeyri şəffaf əmliyyatlarla, şirkətin vəsaitinin qeyri-rasional xərclənməsi ilə məşğuldurlar. Uzun illərdir ki, bu hal həm SOCAR-da, həm də digər iri dövlət şirkətlərində özünü biruzə verir. SOCAR daxili bazarda inhisarçı olmasına baxmayaraq, xaricdə də böyük aktivləri var. Neftin çıxarılması, “Premium” markalı benzinin satışı Beynəlxalq Əməliyyatlar Şirkətindən kənar bütün layəhlər SOCAR-ın iştirakı ilə baş verir. Buna baxmayaraq SOCAR həm xaricdən, həm də daxildən borclanır. Bununla yanaşı SOCAR tez-tez dotasiyalar daalır. Yəni dövlət büdcəsindən bu illər ərzində bu şirkətlər milyonlarla dotasiyalar alıblar. Bu borclanmanın qeyri-şəfaff idarəetmə, korrupsiya mexanizmlərinin və sxemlərinin olması ehtimalıdır. Qeyri-şəffaf idarəetmə xərclərin şişirdilməsi ilə müşayət olunur ki, bu da iri dövlət şirkətlərinin rentabelliyini aşağı salan məsələdir. Heç də təsadüfi deyil ki, ötən il avqustun 6-da Azərbaycan İnvestisiya Holdinqinin yaradılması SOCAR-ın və digər iri dövlət şirkətlərinin qənaətbaxş idarə olunmamasının nəticəsi idi. SOCAR-ın Müşahidə Şurası artıq bu şirkətin idarəsini tam ələ almaq istiqamıtində addımlayır. Bu günlərdə SOCAR-ın 4 vitse-prezidenti işdən xaric edildilər.  Yaxın zamanda digər dəyişikliklərin də şahidi olacağıq.Bununla yanaşı o biri iri dövlət şirkətlərinin də rəhbərlikləri də son illərdə dəyişdirildi. Ümid edək ki, yeni kadrların qarşısında rentabellik məsələsi qəti şəkildə qoyulub və bunun nəıticələrini yazın zamanlarda hiss edəcəyik”.

Əhaliyə xidmət göstərən iri dövlət şirkətlərinin dövlət büdcəsindəki yükünün azaldılması məqsədilə bir çox ekspertlər kommunal xidmətlərin özəlləşdirilməsini təklif edir.

“Azərbaycanın kommunal sektorunda aparılan islahatlar çərçivəsində bəzi xidmətlər özəlləşdirilə bilər. Lakin bu sahədə əsas problemlər özünümaliyyələşdirmə, özünüidarəetmə və struktur dəyişiklikləri ilə bağlıdır. Çünki indi dövlətin imkanları, vəsaitləri var və onlara çox böyük vəsaitlər verilir. Amma bu həmişə davam edə bilməz. Zənnimcə, artıq özünümaliyyələşdirmə, özünüidarəetmə və özünüinkişaf prosesinə keçilməlidir. Bu sahədə islahatlar isə təbii ki mütləq lazımdır. O cümlədən, yeni mexanizmlər elə olmalıdır ki, özünüinkişaf və özünüidarəetmə sistemi yaransın. Xüsusilə özəlləşdirmə nəticəsində rəqabətin yaradılması və özünümaliyyələşdirmə sisteminə keçid təmin ediləcək. Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Digər tərəfdən də dövlətin bu sahəyə yatırdığı vəsaitlər özəlləşdirmə vasitəsilə geri qayıtmalıdır və dövlət bu vəsaitləri yeni sahələrə yönəltməlidir.”

Bu fikirləri  Milli Məclisin deputatı Anar Məmmədov dedi.

A.Məmmədov qeyd edib ki, indiki vəziyyətdə xidmət sahələrinin özəlləşdirilməsi də açıq qalan məsələlərdəndir və bu məsələyə tezliklə baxmaq lazımdır: “Planlı şəkildə hissə-hissə özəlləşdirməyə getmək lazımdır. Çünki kommunal xidmətlər birdən-birə özəlləşdirməyə verilsə, sonra bu sahələrdə vəziyyət daha da pisləşər. Özəlləşdirmənin ən mühüm tərəfi keyfiyyətdə dəyişikliyi hiss etmək ola bilər. Məsələn, iri şirkətlərin bir neçə hissəyə ayrılaraq özəlləşdirilməsi onlar arasında rəqabətin yaranmasına, bu isə öz növbəsində daha yüksək xidmətlərin təklif edilməsinə gətirib çıxara bilər. Bu eyni zamanda dövlət büdcəsinin yükünün azaldılması, büdcə vəsaitlərinin səmərəsiz istifadəsinin qarşısının alınması ilə nəticələnəcək. Bununla ilk növbədə xidmətin keyfiyyəti yüksələcək, eyni zamanda kommunal sahələrin özəl əllərdə olması nəticəsində həmin sahəyə baxanlar elə xidmət etməyə çalışacaqlar ki, əhalidən alınan haqqın cavabını verə bilsinlər. Qısaca, kommunal xidmətlərin özəlləşdirilməsi, bu sahədə xidmət keyfiyyətinin artması ilə yanaşı şəffaflığın yaranmasına gətirib çıxaracaq. Kommunal xidmətlər özəlləşdirilərsə, xidmətlərin yüksək səviyyəyə gəlməsi ilə yanaşı, həm də bu sahədə özəl investisiyanın artımı müşahidə olunacaq. İkincisi də, elə sahələr var ki, onların yatırım və investisiyalara ehtiyacı var, o sahələrə maddi yatırımlar qoymaqla vəziyyət düzələ bilər.”

 

İLTİFAT