adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

General ola bilməsə də, şəhidlik zirvəsinə ucaldı... -   Həzi Həsənli yazır

50115 | 2021-07-26 15:34

Azərbaycan 44 günlük müharibədə işğalçı Ermənistana qalib gələrək, torpaqlarımızı işğaldan azad etdi. Bu ölüm – dirim savaşında minlərlə şəhid versək də, 44 günlük müharibə xalqımızın qürurunu, mənliyini və şərəfini özünə qaytardı.

Bu müharibədə təkcə Saatlı rayonundan 35 nəfər igid və cəsur Vətən öğulları şəhid  olub. Onların arasında şəhid Xalid Nəciyevin adı da həmyerliləri arasında xüsusi hörmət və məhəbbətlə çəkilir. İndi Saatlı rayonunda onu uşaqdan – böyüyə hamı tanıyır, xatirəsini ehtiramla yad edirlər. Mən isə ilk dəfə onun haqqında dostum, Sarıcalar tam orta məktəbinin informatika və riyaziyyat müəllimi Vəfadar Xəlilovdan eşitmişdim. Vəfadar müəllimin iç dünyasına, yerə - göyə sığmayan dost məhəbbətinə, bir sözlə, dostcanlı olduğuna yaxşı bələdəm. Adı kimi, özü də həmişə dosta qarşı vəfalı və sədaqətlidir. Mən bunun dəfələrlə şahidi olmuşam. Şəhid dostunun xatirəsini əziz tutur. Onu daim yad edir, ruhunu şad edir.

    Dostu – şəhid  Xalid Nəciyevin adı Vəfadarın dilinin əzbəridir. Onu doğma qardaşı kimi əzizləyir. Onunla birgə işlədiyi dövrdən qalan xatirələrini bölüşməkdən yorulmur. Deyir ki, Xalid böyük arzularla yaşayırdı. Cəmiyyətdə müəyyən mövqe qazanmaq üçün çox çalışırdı.

 ... Vəfadar mənim şəhidlər və qazilər haqqında yazdığım silsilə məqalələrimin demək olar ki, hamısını oxumuşdu. Çox istəyirdi ki, dostu, şəhid Xalid Nəciyevin haqqında da məqalə yazım. Sarıcalarda Vəfadarın qonağı olarkən, şəhid dostunun məzarını birlikdə ziyarət etməyimizi istədi. Dostumun təklifi ürəyimcə oldu. Onun öz maşınında Saatlı rayonunda şəhid Xalid Nəciyevin uyuduğu qəbristanlığa getdik. Yolboyu onun haqqında  yana – yana danışırdı:

  • Xalid hərbi qulluqdan yenicə qayıtmışdı. İşləmək üçün rayon hərbi komissarlığına və digər qurumlara  CV ilə müraciət etmişdi. Əvvəlcə Sabirabad Asan Xidmət səyyar 3 – də, Saatlı rayonunun Mədəniyyət sarayında  səyyar olaraq, bir aya yaxın qısamüddətli xidmət göstərdi.  Həmin müddət ərzində bir qrup Asan Xidmət könüllüləri ilə birgə təlimatlandırıldıq və müəyyən sənədləşdirmə işlərində fəaliyyət göstərdik. O, hərbdən təzə qayıtdığına görə, verilən tapşırıqları da hərbdəki kimi dəqiq vaxtında və yüksək keyfiyyətlə yerinə yetirir, vicdanla çalışırdı. Xalid heç kimlə ünsiyyət qurmaz, daha çox ona verilən tapşırıqları yerinə yetirməklə məşğul olardı. Çox sakit və səbrlə verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırdı. Mənsə bütün qrup üzvləri və rəhbər işçilərlə  ünsiyyət qurur, işlərimizin yaxşı getməsi üçün, fasilə vaxtlarında intellektual və əyləncəli proqramlar təşkil edirdim. Xalidin sakit təbiəti və savadlı olması diqqətimi daha çox cəlb etdi. Elə ilk günlərdən Xalidlə xoş ünsiyyətimiz alındı. Onunla daha yaxından tanışlığımız və dostluğumuz başlandı. Məlum oldu ki, Xalid hərbdə zabit kimi qulluq edib. Mən onu daha yaxşı tanıyandan sonra, “sən gələcəyin generalısan,” dedim. Bu istək və arzu ilə onun adını telefonumun kontaktına  elə belə də yazdım: Xalid –“ General”.

     Mənim tətəfimdən ona verilən ləqəb digər iş yoldaşlarımızın da xoşuna gəldi. Onlar da Xalidə “general” deyə müraciət etməyə başladılar. Mən Xalidlə birlikdə nahar edir, bir – birimizi daha yaxından kəşf etməyə başlayırdıq. Dost kimi məsləhətləşirdik, bölüşürdük. Gələcək arzularımızdan danışırdıq. Beləliklə, dostluğumuz möhkəmlənirdi. Bir müddət sonra Xalid Saatlı rayon təhsil şöbəsində fəaliyyət göstərməyə başladı. Mən isə müəllim kimi fəaliyyətimi davam etdirirdim. Həmin vaxtlarda da iş əsnasında vaxtaşırı görüşüb söhbət edir, bəzi məsələləri birgə müzakirə edir, fikir mübadiləsi aparırdıq.

    Xalidlə  sözümüz – söhbətimiz yaxşı tuturdu. Onun bacarığı, qabiliyyəti, sağlam düşüncəsi məni özünə cəlb etmişdi. Birgə işlədiyimiz günlərlə bağlı haqqında saatlarla xatirələr danışsam da, bəs etməz... Mən bilirdim ki, Xalidin xarakterindəki uca keyfiyyətlər onun taleyində ciddi dəyişikliklər etməliydi və etdi də... Vətən müharibəsinin başlanması ilə əlaqədar 2020 – ci il, oktyabrın 29 – da qısmən səfərbərlik üzrə hərbi xidmətə çağırıldı, motoatıcı taqım komandiri vəzifəsində döyüşlərdə fəal iştirak edərək, qəhrəmancasına şəhid oldu. General ola bilməsə də, adını ən uca zirvəyə yazdı.  Şəhidlik zirvəsinə! İndi Xalidin adı ürəklərdədir. Mənim ürəyimdə Xalidin xüsusi yeri var. Onunla birgə çalışdığımız, dostluq etdiyimiz günlər, anlar heç vaxt yaddaşımdan silinməyəcək.

    Vəfadarın sözü – söhbəti məni əfsunlamışdı. O, söhbətini yekunlaşdırdı. Yolboyu ikimiz də susmuşduq.  Onun söhbətindən aldığım təəssürat məni bu yazını yazmağa vadar etdi.

 ...Maşını qəbristanlığın girəcəyində saxladı. Şəhid Xalid Nəciyevin qəbri qəbristanlığın ən görkəmli yerlərindən birindədir. Onun qəbrini ziyarət edərkən qəlbimi kədərqarışıq, qürurverici hisslər bürüdü. Doğrudan da torpağın üzü soyuqdur. Elə bu məzarlar həm də yanğılı ürəkləri soyutmaq üçündür, Böyük Qələbə ilə başa vurduğumuz hərbin yaralarını uyutmaq üçündür.

  Gül üzlü şəhidimiz Xalid burada uyusa da,  heç vaxt öldü deyilməyəcək adına. Ürəklərdə yeri olduğu üçün onu sevənlərin qəlbində əbədi ölməzlik qazanıb. Elə bir şirin yuxuya gedib ki, heç bir səsə, hənirə də oyanmaz. O, Vətən yolunda ürək yandırıb, sənin üçün , mənim üçün  - hamımız üçün qələbə qazandırıb.

   Vəfadar dostunun qəbrininin üstünə gül qoydu. Sonra başdaşındakı şəklinə baxıb bir xeyli üz – üzə, göz – gözə qaldı. Sanki pıçıltıyabənzər səslə dedi:

  • Dostum, necəsən? Bir vaxtlar biz görüşəndə qucaqlaşardıq. İndi səni uğrunda şəhid olduğun Vətən torpağı qucaqlayıb, sən behiştin, cənnətin qoynunda, qucağındasan...

    Xalidin özündən sonra gözlərini yollarda qoyub getdiyi ata - anası qəm, kədər, ağrı içində olsa da, valideynlərini ziyarət etmək də onlar üçün  ani toxdaqlıq, təsəlli və rahatlıq deməkdir.

    Vəfadar maşını qəbristanlıqdan birbaşa Xalidin ata ocağına sürdü. Bu evin bağlı – bağatlı həyətində hər cığırda, hər izdə Xalidin qırılan səsini, könül dağlayan nəfəsini duymaq olur. Ata evində Xalidin şəkilləri, hərbi geyimləri, diplomları, Fəxri fərmanları, təltifləri və xatirə əşyaları ilə bəzədilmiş bir otaq var. Bu otağa Xalidin ev muzeyi də demək olar. Bu evdə bizi Xalidin atası və qardaşı qarşıladı. Atası Xalidin uşaqlıq illərindən şəhid olanadək keçdiyi həyat yolundan könül göynədən epizodlar danışırdı. Şəhid olduqdan sonra isə insanların ona olan sevgisindən danışdı. Dedi:

  • Gələn ayaqlarınız var olsun! Demək olar ki, burda hər gün ziyarət edənlər olur. Çox sağ olsunlar. Hamısına hörmətlə yanaşırıq, təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Amma Bakıdan kiçik yaşlı qızı ilə Xalidi ziyarət etməyə gələn atanın söhbəti heç qulaqlarımdan getmir. Atası deyirdi ki, bu balaca qızcığaz Xalidin şəklini bağrına basıb hər gün ağlayırmış. Atasına deyirmiş ki, məni onun ziyarətinə apar. Atası ilə birlikdə ziyarətə gəlmişdi. Ürəkdağlayan mənzərə idi.  Uşaq onu heç həyatda görməmişdi. Amma televizorda onun qəhrəmancasına şəhid olması ilə bağlı verilişlər gedəndə heyranlıqla baxırmış. Bax, bu heyranlıq  həmin balaca qız uşağını bir vaxtlar Xalidin uşaqlığı keçən ata ocağına ziyarətə gətirmişdi. O qızcığazın adını da soruşmadım, amma səsi qulaqlarımdan hələ də getməyib. Sanki o səs ilahidən gəlirdi. Sanki Tanrının səsiydi... O uşağın şəhid ruhuna olan sevgisinin həddi – hüdudu yox idi. Mələk kimi uçub gəlmişdi, mələk kimi də uçub getdi.

  Xalidin ata ocağından ayrılarkən, atası və qardaşı bizi həyət qapısına kimi müşayət etdilər. Bu həyətdə gözoxşayan yaşıllıq, müxtəlif meyvə ağacları bir anlıq diqqətimi cəlb etdi. Bu mənzərədən gözlərimi çəkə bilmədim,  seyrinə daldım. Sanki hər ağacın yarpaqları arasından Xalidin ruhu baylanırdı. Bu ağacların arasında bir göyəm kolu diqqətimi çəkdi. Nə sirdisə, göyəm ağacını həmişə, hansı yerdə görmüşəmsə qəlbimdə qəribə duyğular baş qaldırıb. Burada da eyni duyğu, düşüncə məni öz ağuşuna aldı.   Mən Xalidin atasını üzücü hisslərdən ayırmaq üçün dedim:

  • Yazda bu göyəm kolunun pöhrənlərindən Vəfadara verərsiniz, o da öz həyətlərində əksin. Vəfadar öz həyətlərindəki bağçanın ağaclarına, güllərinə çox yaxşı qulluq edir. Hər ağacın, hər gülün nazını çəkir. Qoy, sizin həyətin ağaclarından Xalidlə dostluqlarının rəmzi kim Vəfadargilin bağçasında da bir yadıgar ağac qalsın...

   Xalidin atası bu sözlərimdən çox məmnun oldu. Dedi ki, inşəAllah, yazda   Vəfadara bağlarındakı ağaclardan əkmək üçün pöhrənlər verər.

    Mən isə onu ağır düşüncələrindən ayıra bildiyim üçün biraz rahat oldum. Çünki burada eşitdiyim hər söz ürəyimdə ağrıya çevrilirdi. Şəhidin qəmi, şəhid anasının gözünün nəmi ürəyimizi sızladırdı... Hələ də  Xalidin anasının qəmli çöhrəsi, dağların zirvə qarı kimi ağappaq saçları  gözlərim önündən getmir. Göz yaşlarını saxlaya bilmədiyi üçün yan otağa keçmişdi. Ürək dağlayan hıçqırtıları hönkürtüyə çevrilmişdi. İstər -  istəməz bu qəmli bayatını xatırladım:

Analar yanar ağlar,

Dərdini sanar ağlar.

Dönər göy göyərçinə,

Zirvəyə qonar ağlar.

***

    Tanıtım: Şəhid Xalid Nəciyev 1992 – ilin 3 iyul tarixində  Saatlı rayonunda anadan olub. 2013  - cü ildə Gəncə Dövlət Universitetini və  Azərbaycan Silahlı  Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Ehtiyat  zabit hazırlığı” kursunu bitirib və leytenant rütbəsi almışdır.

    2013 – 2015 – ci illərdə Azərbaycan Ordusunda motoatıcı taqım komandiri vəzifəsində xidmət etdikdən sonra ehtiyata buraxılıb.

  Vətən müharibəsinin başlanması ilə əlaqədar 2020 –ci il, oktyabrın 29 – da qismən səfərbərlik üzrə yenidən hərbi xidmətə çağrılıb və motoatıcı taqım komandiri vəzifəsində döyüşlərdə fəal iştirak edərək şəhidlik zirvəsinə ucalıb.

   Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş  əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında  qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), “Laçının azad olunmasına görə ( ölümündən sonra) medalları ilə təltif olunub.

TƏQVİM / ARXİV