adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

«Atamın xatirələri» - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
38988 | 2021-08-06 10:30

May ayının əvvəllərində «Qarabağa aparan yol» qəzetinin əməkdaşı, dəyərli həmkarım Fariz Çobanoğlu mənə içərisinə avtoqraf yazılmış kitab bağışladı. Daha doğrusu, kitabı təqdim edəndə bildirdi ki, bunu qardaşım sizin üçün göndərib. Vaxtınız, imkanınız olanda bir diqqət yetirərsiniz...

Təbii ki, təşəkkürümü bildirdim və kitabı elə onun yanındaca açıb böyük sayqı ilə yazılmış avtoqrafı oxuyub təkrar Fariz bəydən xahiş etdim ki, mənim təşəkkürümü qardaşına çatdırsın və elə həmin gün də masanın üstündə, gözümün önündə olan kitabı aradabir vərəqləməyə, ayrı-ayrı bölmələrini mütaliə etməyə vaxt ayırdım. Açığını deyim ki, bu kitab mənə böyük oxucu kütləsindən daha çox bir nəsil üçün, bir el-oba üçün qələmə alınmış xatirə toplusu təsiri bağışladı. Elə kitabın anatasiyasında da qeyd olunub ki, buradakı hekayələr Qarabağın, Zəngəzurun, Dərələyəzin yaylaqlarında, qışda isə Mildə, Muğanda yaşamış bir ömrün sevgi, qayğı, sevinc dolu anlarının yazıya köçürülmüş formasıdı. Yəni, kitabı oxucu önünə çıxaran Əli Zalov atası ilə bağlı eşitdiklərini, bildiklərini və təbii ki, yaddaşına yazdıqlarını qələmə alıbdır. Bu xatirə xarakterli hekayələri oxuduqca Əli Zalovun atası Zal Əziz oğlu ilə bağlı düşüncələrini səmimiyyətinə, yaşam gerçəkliyinə iynə ucu boyda da olsa şübhə yeri qalmır. Hətta kitabın ilk səhifəsindəki Sədi Şirazidən gətirilmiş ixtibasın özündə də bu dediklərim təsdiqi tapır. Sədi Şirazi vurğulayıb ki, mərdlik qolun gücü və qılıncla ölçülmür. Mərd adam ədalətli və öz hislərinə hakim olmağı bacarandır. Zənnimcə, bu fikirlər həyatın hər üzünü görüb, yaşayıb və haqq dünyasına köçəndə də əməlləri ilə yaşayan ağır taxtalı, dizi bərk insanların ən böyük qazancıdır. Çünki onların adı rəhmət sözü ilə yanaşı dayanır. Bax, bu mənada kitabın məsləhətçisi Əlibala Zal oğlunun kitaba yazdığı ön söz əvəzi fikirlərində bir həqiqət də öz təsdiqi tapmışdır. Məsləhətçi vurğulamışdı ki, «Zal Əziz oğlunun əməyi hədərə getməyib. Halal zəhmətlə özünün dediyi kimi yağışa, qara sinə gərərək, gecələr vətən daşlarının başının altına yastıq edərək böyütdüyü doqquz övladın altısı ali təhsil alıb». Valideyn üçün bundan böyük missiya, bundan uğurlu nəticə ola bilməz. Çünki həmin təsirli övladlar bu millətin, bu torpağın ağrıyan yarasını da, gül açan çəmənini də  daha fərqli bir sevgi ilə, sayqı ilə dəyərləndirir və şərəfləndirirlər. Deməli, Zal Əziz oğlu Azərbaycana bir valideyn olaraq, bir vətəndaş olaraq qiymətini hədiyyə olan təsirli övladlar bəxş edib.

Hekayələrin birində ata-oğlu dialoqu xüsusilə mənə arxada qalan illərimi xatırlatdı. Həmin dialoqu sizə təqdim edirəm.

«Atam bir dəfə mənim ağladığımı gördü.

- Əli, oğlum neçə yaşın var? – dedi.

- 42 yaşım var – astadan dedim.

- Mən atamı itirəndə heç 8 yaşım yox idi. Ürəkli ol, özünü kişi kimi apar. Yas məclisini yaxşı təşkil edin. Məni hündür bir yerdə dəfn edin, qətiyyən kədərlənib ağlamayın».

Bu bir ata-oğul söhbətindən daha çox dünyanın namərdliyini yaxşı bilən, ömrün faniliyini qəbul edən, amma bu faniliyin, bu namərdliyin qarşısına üzüağ çıxan bir atanın oğluna həm məsləhətidi, həm vəsiyyəti. Ona görə də qaçqınçılığın əziyyətini çəkib, elindən-obasından uzaqda torpağa tapşırılan Zal Əziz oğlu öncədən oğluna nəyi necə etməyi, necə ayaqda durmağı həm qətiyyətlə, həm də düşündürücü, inandırıcı bir şəkildə söyləyib. Bu deyilənləri qəbul etməmək, ona tabe olmamaq, yəni bu istəkdən yayınmaq ən böyük yanlışlıq olar. Elə Əli Zalov da bu yalnışlığa gedən yolu birdəfəlik yaddaşından silib, ata nəsihətini önə çəkib.

Ümumiyyətlə, kitabı oxuduqca bir insanın düşüncələrini hüdudsuzluğuna, həyat sevərliyinə daxilən vurulursan. Adi bir kənd adamının, sıravi bir əliqabarlı bir insanın müdrikliyinə heyrət edirsən. Düşünürsən ki, xalq ona görə hər kəslə vuruşmağa, döyüşməyə sona qədər  hazır olur ki, onun zəkası aydındı, yolu məlumdu. Əqidəsi dəyişməzdi və bir də bu xalq soyuna, kökünə, torpağına son dərəcə  qırılmaz tellərlə bağlıdı.

Bəli, mən Cəbrayıl rayonunda doğulub dünyaya gəlmiş, son mənzili Lökbatanda olan Zal Əziz oğlu ilə bağlı oğlu Əli Zalovun yazdığı «Atamın xatirələri» kitabını hər kəsin oxumasını tövsiyə edərdim. Çünki bu kitab bir ailənin timsalında bütün ailələr barəsində hekayələr  toplusudu. O ki, qaldı müəllifin Cəbrayıl rayonunun Xəlifəli kəndinə doğma yurduna olan sevgisinin ifadəsinə... şükürlər olsun ki, artıq o yerlərin həsrəti sona çatıb. 44 günlük Böyük Vətən Müharibəmiz bizi Cəbrayıla, Diridağa qovuşdurub. Və düşünürəm ki, bundan sonra Əli Zalov atasının ruhu ilə etdiyi söhbətləri zamanı gələndə öz nəvələrinə yurda dönüşün işığında danışacaqdır.

TƏQVİM / ARXİV