adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Avqust 2021 10:56
42845
MÜSAHİBƏ
A- A+

İncə sənətin fədailəri: Rəssamlığı sevən  və sevdirən İsgəndərova bacıları- MÜSAHİBƏ

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, sərgi-tədbir təşkilatçısı, bir çox ölkədaxili və ölkələrarası uğurlu layihələrin rəhbəri Elnurə xanım  və bacısı Aygün İsgəndərova  Ağdam rayonunun Qiyaslı kəndindəndirlər.

Ömürlərini həsr etdikləri  rəssamlıq sənəti ilə nəinki Ağdamın , eləcə də Azərbaycanın adını bütün yarış, müsabiqə və sərgilərdə ucaldan peşəkar rəssamlardandı. Bu gün onlarla söhbətləşəcəyik, sizə də maraqlı olan mövzuları onlarla birgə çözəcəyik.

 - Aygün  xanım, düzünü deyim mən sizin ötən ilin may ayında bir yarışmada qalib olarkən tanımışdım. Yadınıza gəlirmi?

- Bəli, ugurlar insan yaddaşından silinməyən ən şirin  xatirələrdi. Ağdam Rayon Heydər Əliyev Mərkəzi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Vətənə həsr olunmuş ömür" adlı video görüntülərdən ibarət onlayn rəsm müsabiqəsini siz dediyiniz kimi ötən ilin may ayında baş tutmuşdu. 70×80 ölçüdə, kətan yağlı boya ilə  çəkdiyim, mövzusu ” Ulu Öndər Yolu"  adlı rəsm əsərim, münsiflər heyəti tərəfindən  birinci yerin qalibi oldu.

 

 

 - Elnurə xanım, həyata keçirdiyiniz layihələrin demək olar ki, hamısı uğurlu alınıb, Azərbaycan əcnəbilər tərəfindən daha dərindən araşdırılıb, tanınıb.Necə deyərlər, Azərbaycana qərəzli münasibətdə olan dünyanın fonunda siz öz sənətinizlə  bu münasibətə al-əlvan boyalar qatmağı bacarmısınız.

- Bəli, kifayət qədər tədbirlərimiz, layihə və sərgilərimiz olub ki burda sizin dediyiniz fikirlərə haqq qazandırmaq olar. Bu tədbirlərdən biri bu ilin may ayında baş tutdu. “Azərkitab” Kitab Təbliğatı Mərkəzində 28 May – Respublika Gününə həsr olunan rəsm sərgisi keçirldi. Sərginin layihə rəhbəri mən idim. “Meksika Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi Meksikanın Azərbaycandakı səfirliyinin koordinasiyası ilə, mən  və  rəssam Aygün  İsgəndərova tərəfindən təşkil olundu. Sərgi Meksika mədəniyyəti və təbiətinin zəngin müxtəlifliyinə aid azərbaycanlı rəssamların baxışını əks etdirən 30-dək əsərdən ibarət idi. Mənim üçün mükafat isə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardinin çıxışı oldu. O, iki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdiyini bildirdi. Səfir bu xüsusda mədəniyyət və incəsənətin rolunu qeyd edib: “Hər iki ölkənin bədii ifadələri bu dostluğu daha da möhkəmləndirməyə imkan verdi, danışdığımız dil və ya mənsub olduğumuz milliyyətdən asılı olmayaraq ünsiyyətimizi asanlaşdıran və canlandıran universal dəyər incəsənətdir”  

 

 

- Elnurə xanım,  sizin təşkilatçılığınızla 2019 –cu ilədə  gənclərlə bağlı bir tədbirolmuşdu. Yadımdadır, uzun müddət həmin tədbir gündəmdən düşmədi...

-Bakıda 2019-cu ildə - 2 Fevral gənclər gününə həsr olunmuş "Gənclərin gələcəyə baxışı" adlı sərgi keçirildi. Tədbir bizim və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçdi. Sərgidə 150-dən çox rəssamın iştirakı ilə 200-dən çox əsər nümayiş edilmişdi.

- Məqsəd nə idi?

- Bu sərgi bizim üçün çox vacib idi, çünki mövzu çox aktualdır. Daha yetkin nəslin nümayəndələri rəssamlıq sənətini çox yaxşı anlayır, bizim əsas məqsədimiz isə gənclərin diqqətini çəkmək və onlar arasında rəssamlığı inkişaf etdirməkdir. Ümid edirik, cəhdimiz boşa çıxmadı və biz gənclərin düşüncəsinə təsir etməyi bacardıq. Ümid edirik ki, bu sərgidə biz onlara demək istədiklərimizi göstərə, gəncləri düşünməyə, rəssamların öz əsərlərində nə demək istədiklərini, əsərlərə hansı mənəvi impuls verildiklərini göstərə bildik.

 

-...və nəhayət “Zəfərin mübarək Azərbaycan” adlı sərgi... 

 

Bu sərgimiz Qurtuluş gününə həsr olunmuşdu. Qurtuluş Günümüzün memarı ulu öndərimiz Heydər Əliyevin və zəfərimizin banisi Ali Baş Komandan İlham Əliyevin fəaliyyətindən və uğurlu siyasətin təqdirəlayiq olduğunu kətan üzərində də olsa bildirmək borcumuzdur. Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında layihə rəhbəri və təşkilatçısı mən və Aygün xanımın  olduğu Qurtuluş Gününə həsr olunmuş Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Məlik Məmmədxanovun “Zəfərin mübarək Azərbaycan” adlı fərdi yaradıcılıq sərgisi açıldı. Sərgidə rəssamın zəfərimizə həsr olunmuş iki qardaş ölkənin liderlərinin portretinin təqdimatı ilə yanaşı, Azərbaycan motivləri əks olunan 25 əsəri də nümayiş olundu.

- Elnurə xanım, yeni planlar, layihələr olacaqmı? 

- Əlbəttə, durğunluq bizə uygun deyil. Biz daim axtarışda, yeniliklər hazırlayıb, ictimaiyyətə  təqdim etməkdə olmalıyıq . İnsanları adi baxdıqları, hər gün gördükləri ən sadə insanları, əşyaları, ağacı, budağı, yarpağı fərqli şəkildə, daha gözəl ampulada  göstərmək, eyni zamanda sevdirmək, missiyamız var. Əslində bu incəsənətin, incəsənt adamlarının  missiyasıdır. Tədbirlərimizdə mütləq sizi də dəvət edəcəyik!

- Müəllifi olduğunuz bütün layihə, sərgi, müsabiqə və yarışların sizə və Azərbaycanımıza xeyirli-uğurlu olmasını diləyirik. Müsahibəyə görə,  hər ikinizə  təşəkkür edirəm.

Söhbətləşdi Əntiqə Rəşid