adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Avqust 2021 10:29
34421
MÜSAHİBƏ
A- A+

Ölümlə müsahibə

 Mən: Qapı bağlı idi. Hardan gəldin. Özü də çağrılmamış.

Ölüm: Mən külək kimiyəm. Gözə görünmədiyim kimi, gəlməyimə də xüsusi yer lazım deyil. Və bir də, axı mənim nə vücudum, çəkim var ki ?! Bağlı qapılar məndən ötrü həmişə açıqdır. Mən kənardan gəlmirəm. Elə insan dünyaya gələndə, onunla bir doğuluram. Mənim heç yaşım da yoxdur, olmur da.Mən həmişə adamların başı üzərində oluram.

 

Mən: Yaxşı də! Mənimlə fəlsəfədən danışma. Artıq gəlmisən, daha nə etmək olar. Qonağı qapıdan qovmazlar ki!

 

Ölüm: Mən evə yox, dəqiq olaraq, sənin yanına, taleyinə hakim kəsilməyə gəlmişəm. Burada başa düşülməyən nə var ki! Ömür boyu şəstlə gəzdirdiyin vücudun, bu boy-buxun, hamısı mənim qismətimdir, mənimdir. Təkcə ruhundan başqa. O, mənlik deyil, mənim onunla işim yoxdur. Ruh da mənim təki gözəgörünməzdir. Siz insanlar da onu çox əzizləyir, müqəddəsləşdirir, əbədiləşdirirsiniz. Amma öz aramızdır, ruh da məndən çəkinir. Gözümə görünmək istəmir. Mən gələn kimi harasa yoxa çıxır...

 

Mən: Ölüm qardaş, gəl mətləbdən uzaqlaşmayaq. De görüm xeyirdirmi, gecənin bu vaxtı, zil qaranlıqda gəlmisən.

 

Ölüm: Qəribə, məntiqsiz suallar verirsən. Nəyə gəldiyimi də yaxşı bilirsən. Məndən ötrü bu elə xeyirdir. Adamları əzab-əziyyətdən, çətinliklərdən, birdəfəlik qurtarmaq. Yəni canını almaq. Mənə görə qaranlıq yoxdur. Mən qaranlıqda da görürəm. Bütün gecələr məndən ötrü aylı, işıqlıdır. Qarşımda da həmişə yaşıl işıq yanır. Gəlişimin məqsədi də səni aparmaqdır. O, boyda 65 illik yol gəlmişəm. Əliboş qayıtmayacam ki!

 

Mən: İlahi, bu 65 il nə tez gəlib keçdi. Ömür bir göz qırpımı imiş. Vallah bəlkə də, bu cür daha məntiqlidir. Dünya min illərdir mövcuddur deyə, 60-70 il bizim üçün bir ana, bir göz qırpımına bənzəyir.

 

Ölüm: Hazırlaş, yır-yığış et, gedək. Mənim gedəcək yerlərim çoxdur. İş başında vaxt itirə bilmərəm. İşim həddən artıq çoxdur.

 

Mən: Hara tələsirsən,qaçaqaç deyil  ha. Qoy üst-başımı düzəldim, səliqəyə salım. Gələn, görən olar.

 

Ölüm: Qorxma! Məni görən olmur. Mən gözlə görünmürəm. Mən özüm isə hamını, hər şeyi görür, heç bir şeyi bir an belə gözümdən qaçırmıram. Üst-başının dərdini çəkmə. Mənə sənin ömrün, həyatın, aldığın nəfəs lazımdır.

 

Mən: Yaxşı, sən deyən olsun. Razıyam. Başla görək, neyləyirsən...Yox, sən Allah, bir az aman ver. Qoy bir vəsiyyət edim. Adamlara bəzi tövsiyələrim var.

 

Ölüm: Eh, sadəlövh insan. Səninki bir Allaha qalıb. Vəsiyyət nədi, onu yazmağa vaxtı hardan alım. Bəs sən bu altmış beş ildə harda idin?! Ömür boyu gördüyün işlər, əməllər elə vəsiyyətdir də. Səndən sonra, səni xatırlayanlar, ömür yoluna nəzər salıb, kimliyinə qiymət verəcəklər. Xeyirxah əməllər etmisənsə, adın hörmətlə çəkiləcək. Pis işlərə qulluq göstərmisənsə hamı səni söyəcək. Bəs eşitməmisən, yaxşı-insanlıq, pis-nadanlıq mənasın verir. Sən 65 ildə etdiklərini, gördüklərini bir kağız parçasına yazmaq istəyirsən. Bu doğru hal deyil. Qoy xudbinlik olmasın, mən hərdən düşünürəm ki, nə yaxşı ki mən varam. Ölüm adlı mən. Adamlar məndən qorxmasalar, ölüm barəsində düşünməsələr, Allah bilir nə qədər pisliklər edərdilər. Mən elə buna görə də heç kimə güzəştə gedə bilmərəm. Yaxşı,pis hamını aparmalıyam. Mən heç kimə fərq qoya bilmərəm. Mənim hamını eyni nizamla ölçən bir tərəzim var. Hamıya eyni gözlə baxıram mən. Məndən ötrü yaxşısı, pisi, vəzifəlisi,fəhləsi əhəmiyyət kəsb etmir. Hamı getməlidir. Bir gün dünyaya qədəm qoyan insan, bir gün də mütləq şəkildə onu tərk etməlidir. Dünyanın qanunları da, adamların xasiyyətləri də qəribədir. Özündən razı, lovğalananlar mən gələndə quzuya dönürlər. Elə yalvarırlar ki, gəl görəsən. Ancaq mən heç də insanların təsəvvür etdikləri qədər əzazil, insafsız deyiləm. Çoxlarına şanslar verirəm ki, həyata nə üçün gəldiklərini dərindən anlasınlar. Bəzən mən onlardan vaz keçəndə deyirlər ki, Allah  saxladı.  Amma əslində bu bir təsadüfdir.

   Mən: Yaxşı, ölüm qardaş. Görürəm çox şeylərdən başın çıxır. Onda mənə bir məsələni başa sal. Dünyaya insan gəlir. Yəni, doğulur insan. Bu dünyanın havasının qoxusunu udduqdan sonra, görürsən nədənsə boğulur. Və başlayır aramsız, hönkür-hönkür ağlamağa. Bu nədir?! Dünyaya təzəcə qədəm qoyan insan hamının udduğu hava ilə nəfəs almaq istəmirmi?! Yoxsa bu hava təmiz deyil. Onu ondan qabaq alanlar artıq bu havanı da zəhərləyiblər. Havanın mənəviyyatı saflıqdan çıxıbmı?!...Və sonra yaşamağa başlayır insan. Cabalayır, iməkləyir. Daha sonra böyüyür və ölür insan. Və öləndə qəribə də olsa gülür insan. Bax bunları mən başa düşə bilmirəm.

  Ölüm: Qardaş, bu dediklərinlə mənim əlaqəm yoxdur. Həyatda hər kəs öz bildiyi, qavradığı, bacardığı işlərlə məşğul olmalıdır. Sənin dediklərin isə Yaradanın yaratdıqlarıdır. Sizin dillə desək, alın yazısıdır. Ondan nə qaçmaq, nə də onu pozmaq mümkün deyil, mətləbin üstünə qayıdaq. Vaxtdır artıq, siz çoxsunuz, mənsə təkəm. Çatdıra bilmirəm. Gəl başlayaq, sənin dediyin kimi, gül bir az...

 

 

Mən: Ay ölüm, gəlmişkən qoy səndən bir şey də soruşum. Allah bilir səni bir də harda və nə vaxt görəcəyəm. Bax məni həyatda narahat edən, yaxından maraqlandıran şeylərdən biri də bu ruh məsələsidir. Bilirsən, biz insanlar belə deyirik ki, adam səninlə görüşəndən sonra vücuddan güclü olan ruh göylərə, ərşə çəkilir. Yəni ölmür, yaşayır ruh. Axı biz deyirik ki, ruh vucuddan güclüdür. Əgər belədirsə, o, niyə vücudu da özü ilə göylərə aparmır. Onun ölümünün qarşısını almır.

Ölüm: ( Xəfifcə gülümsəyir). Vallah siz insanlar həqiqətən də çox qəribə məxluqlarsınız. Mənən xudbin, özündən razı olduğunuz kimi, fikirləriniz, düşüncələriniz də xudbin və bəsitdir. O, güclü ruhun mən gələndə gücü bəs hara gedir? Güclüdürsə niyə qaçır, isti yuvasından didərgin düşür. Elə illər, əsrlər boyu yaşadığı yerdə yaşasın də. Məndən güclüdürsə,qoy gücünü mənə göstərsin. Qaçmasın. Yəni siz insanların çox zaman arzu və istəkləriniz utopik olaraq həqiqətdən irəlidə gedir. Bu ruhun göylərə gedib yaşaması da insanın özünə verdiyi təsəllinin kölgəsidir. İnsan bu dünyaya gəldimi, bir gün də torpağın altına da getməlidir və gedir də. Uydurma olan elə ruhu da,hec göylərdə görən olmayıb axı...

 

  ...Ölümün acığına olaraq, güldüm. Rişxəndlə, istehza ilə ucadan güldüm ki, rahat ölüm. Ani olaraq gözlərimə qaranlıq çökdü, müvazinətimi itirdim. Bunun ölüm, son olduğunu başa düşdüyümdən ölərkən gözlərimi özüm sığamaq istədim. Həm başqalarına əziyyət olmasın, həm də orada ölümün əksi görünməsin deyə. Ancaq ölüm o qədər tez, bir göz qırpımının yarısında oldu ki, əlim havada qaldı, sonra da sinəmə düşdü. Ölümə gücüm çatmadı, oldum onun növbəti qurbanlarından biri. Bax  beləcə, ömür yolum kəsildi, saplağından qırılıb düşdü. Mən də oldum təzə dünyanın yeni sakinlərindən biri...

                                                                                                                      

Adil Misirli