adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Avqust 2021 11:35
46781
MÜSAHİBƏ
A- A+

“Xəstəliklərin, intiharların, insan faciəsinin kökündə bu dayanır:sevgisizlik” - MÜSAHİBƏ

Həmsöhbətimiz şair Elnaz Eyvazdı.

- Adətən, ədiblərin bir çoxu yaradıcılıqdan kənar sahələrdə çalışdığına görə gileylənir. Azərbaycan dili və ədəbiyyat müəllimisiniz. Yaradıcılığınızı nəzərə alsaq, sizə daha doğma və yaxın sahədir. Bunun müsbət cəhətləri var?  

-    Yaradıcılıq elə qısqanc sahədir ki, uğur qazanmaq, ortaya yaxşı mənada barmaqla göstəriləcək əsər qoymaq üçün gərək özünü sırf ona həsr edəsən. Bölünməyəsən, enerjini, gücünü, zamanını ona verəsən. Bu da ki, mümkün deyil. Məsələn, özümdən danışsam, ara-sıra yazdığım şeirləri nəzərə almasaq, yaradıcılıqdan kənar düşmüşəm. Məlum durumla bağlı dərslərin distant keçirilməsi, saatlarla kompüter qarşısında oturmaq, cüzi zaman fasiləsindən sonra repititorluq etmək bütün zamanımı və enerjimi aldı. Bura evin kişi və qadın işlərini də əlavə etsək, hansı yaradıcılıqdan danışım?! Nə ürəyimcə mütaliə etməyə, nə yazmağa vaxt qalır. Arada elə dolurdum, yetişmiş çiban kimi az qalırdım partlayam, yazmaq istəyirsən, ancaq olmur. Amma müəllimliyin yaradıcılığa müsbət təsiri odur ki, daima axtarışdayam, bir də görürsən, uşaqlar elə suallar verir ki, günlərlə araşdırma edəsi oluram. Həm də dünyanın ən məsum varlıqları ilə işləmək insanın sanki enerjisini təzələyir.


Nə ürəyimcə mütaliə etməyə, nə yazmağa vaxt qalır

-  Ədəbiyyat adamları deyir ki, müasir dövrümüzün, müasir yazarların təbliği, tanıdılması üçün təhsil sahəsi önəmlidir. Elə ədəbiyyat adamları arasında bu sahədə çalışanlar var. Məsələn, siz. Özü də ədəbiyyat müəllimi. Bir yazar, müəllim kimi hansı təbliğ, tanıtmaqla bağlı ilə cəhdlər etmisiniz? Bəlkə özümüz etsək alınar, sadəcə cəhdlər etmirik? 

-    Müəyyən cəhdlər edirdim pandemiyadan öncə. Məktəbdə “Kitab klubu” yaratmışdım, müxtəlif siniflərin şagirdlərini cəlb etmişdim. Uşaqlar çox həvəslə kitabları alıb oxuyurdular, sonra qoyulan əsəri müzakirə edirdik. Yaxud ədəbiyyat dərslərində mövzudan asılı olaraq, müasir yazıçı, şairlərlə bağlı istiqamət verib, maraq yaradırdım. Sonra görürdüm ki, gedib axtarıb tapanlar olub, nəsə oxuyub. 


-    Şagirdləriniz şeirlərinizi, hekayələrinizi oxuyur? 

-    Oxuyurlar. Özümdən istəyəndə, çox istisna hallarda öz şeirimi oxuyuram. Ancaq özləri internetdən tapıb oxuyur. Bilirsiniz, mən heç vaxt özümlə bağlı şairəm, yazaram filan sözlər işlətmirəm. Ancaq valideynlər deyəndə ki, uşaq sizinlə fəxr edir, deyir, Elnaz Eyvaz bizim müəllimimizdir, evə gələn qonaqlara da açıb internetdən sizi göstərir, istər-istəməz adamın ürəyi böyüyür sanki köksündə. Lovğalanmıram, Yaradana, bu sevgini, statusu, qələmi, sözü mənə rəva görənə təşəkkür edirəm...Düşünürəm ki, qismətimə müəllimlik boş yerə düşməyib. Borcum elm verməklə yanaşı, hətta öncə, insan yetişdirməkdir. Mənəviyyatı zəngin, bəşəriyyətə yararlı, Vətənə ləyaqətli vətəndaşlar yetişdirmək. Bu yolda son nəfəsimə qədər əlimdən gələni etməyi özümə borc bilirəm. 

-   Sizinlə müzakirə edir, suallar verirlər? Adətən hansı suallardan qaçırsınız? 

-   Bəli, edirlər. Müxtəlif suallar verirlər. Demək olar ki, onların ədəbiyyatla, mənim yazdıqlarımla  bağlı heç bir sualından qaçmıram. Bir dəfə siniflərin birində ədəbiyyat dərsində hamısı bir ağızdan xahiş etdi ki, şeir oxuyum onlar üçün. Ruhsal məqamıma düşdü, oxudum. Alqışladılar, sonra da müxtəlif suallar verdilər. Sanki məni başqa yerdən dəvət edib görüş təşkil etmişdilər. Axırda zarafatla dedim ki, baxın, bu söhbəti başqa məktəbin şagirdləri ilə etsəydik, deyərdilər, şair qonağımız var. Səhəri gün sinfə daxil olanda gördüm stolun üstünə bir fincan çay, konfet qoyublar, konfetin üstünə məktub. Məktubda “Sizi çox sevirik!” yazılıb. Əvvəl çaşıb qaldım. Başımı qaldırıb soruşmaq istəyəndə gördüm hamısı ayaq üstə dayanıb və məni alqışladılar. Dedilər, dünən müəllim kimi yox, şair kimi qonağımız oldunuz. Çox kövrəldim. 

-    Borcum elm verməklə yanaşı, hətta öncə, insan yetişdirməkdir

-   Sanki şairlər faciələri sevir. Sanki bütün faciələr onların ilham mənbəyidir. Götürək, sevgi şeirləini. Əksərən, ayrılıq, kədər, “gəlməz oldunlar”, həsrət, yol gözləmək və.s. Elə sizin sevgi şeirlərinizdə də bu hal çoxdur. Siz də faciə, ayrılıq sevənlərdənsiniz? 


-   Elə ayrılıqlar var ki, zərurətdən irəli gəlir. Yaxşı ki, ayrılırsan və həyata davam edirsən. Əks halda, həyatdan ayrıla bilərdin, bəlkə. Getməli olan zamanında getməlidir, getmirsə, göndərməlisən. Belə ayırlıqlar sadəcə stres yaşadır adama. Ancaq elə ayrılıqlar var ki, ağlının ucundan keçirəndə ürəyin göyüm-göyüm göynəyir. Allah belə ayrılıqları uzaq etsin. Mənim ürəyim sevgilə o qədər doludur ki, ayrılığı, faciəni necə sevə bilərəm?! İlham mənbəyim də sevginin özüdür. Hər kəs öz yazdıqlarını da, yaşadıqlarını hamıdan yaxşı bilir, təbii. Və mən də görürəm ki, çox vaxt yaşadıqlarımı deyil, yaşayacaqlarımı yazmışammış. Elə şeirlərim var ki, onları yazanda ağlıma gəlməyib ki, bunu yaşaya bilərəm. Zaman keçəndən sonra özüm də dəhşətə gəlmişəm. Sanki olacaqları öncədən özümə yazdırıblar kimi. Hətta bir dəfə yuxudan ayılana qədər bir bənd şeiri əzbərlədim, oyanan kimi köçürdüm bloknota, sonra da ardını yazdım. Müəyyən müddət sonra həmin şeirin məhz yuxuda yazdığım bəndini həyatda yaşadım, inanırsınız?!

-  Xoşbəxt qadın olmaq, yoxsa ilham mənbəyinə çevrilən faciələr? Hansını  seçərdiniz əlinizdə olsaydı... 

-   Xoşbəxtlik zatən daimi və mütləq deyil. Anlarla ölçülür. Elə anlar var ki, o bir anın sayəsində günlərlə ayaqların yerdən üzülür xoşbəxtlikdən. Xoşbəxtlik mütləq deyil ona görə ki, məsələn, bir qadın övlad kimi xoşbəxt olar, ana kimi xoşbəxt olar, lap elə müəllim kimi xoşbəxt olar ki, sevilir. Qadın kimi xoşbəxt olmaq başqadır artıq. Birinin o birinə qarışacağı yoxdur bunların. Fərq etməz, qadın, ya kişi, şəxsi həyatında xoşbəxt olmayan adam digər xoşbəxtliklərinin dadını çıxara bilmir, elə hey bir tərəfi yel çəkir. O ki qaldı seçimə, faciələrdən ilham almaq deməzdim, faciələrin yanğısını söndürmək, içindəki közü dışarı atmaq üçün yazmaq var. Bilmirəm...seçə bilsəydim, yəqin ki, Qadın xoşbəxtliyini seçərdim. Çünki digər xoşbəxtliklər özləri məni seçib şükür. 

-   “Ərini öldürən qadın”. Belə bir hekayənizə rast gəlmişdim. Nə qədər acınacaqlı olsa da, düşünürəm ki, bir çox qadın, bəlkə də, içində bu arzu ilə yaşayır...

-   “Qadın” hekayəsini deyirsiniz, 2011-ci ildə Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin hekayə nominasiyasının qalibi olmuşdu o hekayə. Orda hər şey yaşandığı kimidir. Təkcə sondakı ərini öldürmək istəyindən başqa. Heç vaxt kimisə öldürməyi düşünməmişəm. Əsla! Söhbət bir qadından gedirsə və o qadın mənəmsə, mən uzaqbaşı gedə bilərəm, öldürə yox. Bəlkə, kimlərsə əsəbiləşəndə öldürmək istəyir ərini, ya da öldürür. Niyyət əməlin yarısıdır. Öldürmək mənlik deyil, mənim işim yaşatmaqdır, layiq olanı təbii ki. 

-   Elə bir məqam olubmu ki, ürəyinizin ayaqlarınızdan yapışdığını hiss edəsiniz?

-    Getmək- 

dünyanın ən asan işidir:
nə var ki: bir kəndir, bir masa.
Əlbəttə,ürəyin ayaqlarından sallaşmasa...

O qədər olub ki...Ürəyə nə var e, qırılan da özü, ayaqlarından sallaşan da. 

Xoşbəxtlik zatən daimi və mütləq deyil

-  Bir zaman AYB-dən çıxmışdınız. Bütün bunların nəticəsi siz tərəfdən necə oldu? Bu illər ərzində düşündükləriniz özünü hansı baxımdan doğrultdu? Peşmanlıq hissi var? 

-   Çıxdım və heç nə dəyişmədi. Dəyişmədisə, demək düz və zamanında verilmiş qərar idi. Nə ora, nə ordan getməklə xüsusi bir hədəfim, gözləntim yox idi. Mənim işim yazmaqdır. Həyat şəraitim, məişət qayğılarım imkan verdikcə yazıb, ürəyim istəyəndə publikaya təqdim etmək. Nə yazdıqlarım üçün kimsədən nəsə umuram, nə kiməsə minnət qoyuram. Və birlikdən çıxdığım üçün də əsla peşman deyiləm. Ümumiyyətlə, daha güclü, yeni bir təşkilat olsa belə, üzvü olduğum üçün mənə maaş da versələr, desələr ki, al bu pulu, işləmə, get otur yaz, qəbul etmərəm. Əgər sən tutarlı mətn qoyursansa ortaya, yaxud da heç istedadın yoxdursa, haranınsa vəsiqəsini formal olaraq daşıyıb-daşımamağının fərqi yoxdur. Deyən olar ki, bəs onda niyə üzv olmuşdun? Həə...insan doğru addımlarını atmaq üçün öncə  müəyyən səhvlər edir, dərslər alır həyatdan. Birbaşa bütün qərarlarımız doğru, addımlarımız yolunda olsaydı, bəlkə, maraqlı olmazdı. Adına “həyat” deyilməzdi. Təcrübəmiz olmazdı.

-  Səhv etmirəmsə, ərizə ilə çıxan yeganə adam da siz idiniz...

-   Bəli. Elə vəsiqəmi də ərizəmlə bir yerdə təqdim etdim. Çünki məqsədim şou yaratmaq, gündəm olmaq deyildi. Uzun zaman düşünüb verdiyim qərar idi. Hərçən bu mözvu ilə bağlı danışmağı sevmirəm, ona görə də detallara getmirəm. Çünki zamanında çox ağır keçirdim o mərhələni, haqsızlıqlarla üzləşdim, açıqlamalar vermək zorunda qaldım. Səhhətimə pis təsir etdi...AYB-nin üzvü olan dostlarım var, aramızda qarşılıqlı və səmimi xətir-hörmətimiz var. Sevgilərini, diqqətlərini hiss etmişəm hər zaman. Ordan çıxandan sonra neçə dəfə müxtəlif mətbu orqanlarında şerilərimi çap ediblər, hətta özümdən xəbərsiz. Üzv olanda heç bu qədər etməmişdilər. Bilsəydim, daha əvvəl çıxardım...

-   Və son olaraq:  sizi kənardan görünəcək qədər narahat edən nədir? 

-  İnsanlığın üzləşdiyi faciələr, insanların bir-birini “yeməyi”, bir-birinə etdikləri pisliklər, haqsızlıqlar. Ən xırda haqsızlığa, yalana dözmürəm, özümə edilməsə belə. İnsanlığın sevgiyə ehtiyacı var. İnsanlar sevgisizlikdən zülüm çəkir, inanın. Bütün xəstəliklərin, intiharların: insan faciəsinin kökündə bu dayanır. Axı adamlar onları sevənlərə, onlar üçün fədakarlıq edənlərə niyə nankorluq etsinlər ki?! Heyvanlar belə onlara edilən yaxşılığı unutmur, aldığı sevginin qarşılığında sədaqət göstərir. Axı BİZ niyə beləyik? Ancaq qərarlıyam: kim nə qədər üzür üzsün, insanları sevməkdən, sevdiklərim uğruna yaşamaqdan, yaşatmaqdan vaz keçməyəcəm, həyatım, canım bahasına olsa da. İnanıram ki, buna layiq olanlar var! Sevgiyə, İnsana dəyər verənləri güdaza vermək, qurunun odunu yaşı yandırmaq olmaz...

Söhbətləşdi: Emin Piri