adalet.az header logo
  • Bakı 20°C

«Bir damla göz yaşı» - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
46265 | 2021-08-06 12:06

Bir neçə il öncə onunla qiyabi tanış oldum. Daha doğrusu, həftənin şənbə günü idi. Adətən «Ədalət» qəzeti beş günlük iş rejimində çalışır. Sadəcə mən şənbə günləri redaksiyaya gəlib, özəl yaradıcılığımla məşğul oluram. Həm mühit sakit və rahat olur, həm də əlimin altında istədiyim dəftər, kitabı tapa bildiyimdən uzun illərdir ki, şənbə-bazarı da iş otağında keçirirəm. Bax, həmin günlərin birində iş telefonuma zəng gəldi. Dəstəyi qaldırdım və tanımadığım, amma adamın diqqətini özünə çəkən bir oğlanın səsi dəstəyin o biri başından «salam» dedi. Təbii ki, Allahın salamını qəbul etmək hamının borcudur və mən də eyni səmimiyyətlə ona cavab verdim. Kimi istədiyini soruşdum. Zəng edən oğlan birbaşa mətləbə keçdi:

- Bura «Ədalət» qəzetidi? Mənə Əbülfət Mədətoğlu lazımdır.

- Eşidirəm, buyurun.

- Mən sizə türmədən zəng vururam. Barənizdə eşitmişəm, qəzetinizi də burada oxuyuruq. Sizdən bir xahişim var. Qardaşım sizin yanınıza mənim əlyazmalarımı gətirəcək. Ona baxın.

Təbii ki, bu zəng və onun sahibinin taleyi dərhal məni öz aurasına aldı. Fikirləşmədən dedim ki, həftənin birinci günü gətirsin əlyazmalarını. Beləcə sağollaşdıq. Deyilən zamanda əlyazmalar stolumun üstündə idi.

Arıq, cüssəli, amma dili-diavər qardaşı ilə söhbətləşdik. Onun nədən cəza çəkdiyini öyrəndim. Bu da bir təsirli fakt idi. Bir gəncin həyat hekayəsi məni həmin əlyazmasını qısa müddətdə oxuyub gözdən keçirməyə bütün mənalarda məcbur etdi.   Bir həftədən sonra əlyazmasını gətirib apardılar. Qardaşı mənə göstərdiyim xidmətə görə «xərcimiz nə qədər olacaq, müəllim?» - dedi. Sənin də, mənim də xərcim Kamilin tezliklə ailəsinə qovuşmasıdı. Allah qapısını açsın, dedim. Bir neçə aydan sonra həmin kitab işıq üzü gördü və Kamil o kitabla birlikdə mənə özünün əl işi olan bir nərd taxta da göndərdi. Çox gözəl şəkildə işlənmiş nərd taxtanın içərisində avtoqraf da vardı... «Əbülfət Mədətoğluna Kamil Fərəcdən dost hədiyyəsi».

İndi həmin kitabı təkrar gözdən keçirirəm və misalların arasından Kamilin boy göstərən sevgisini, sədaqətini, dürüstlüyünü, paklığını, mərhəmətini bir udum hava kimi, bir içim su kimi ruhuma köçürürəm, hopdururam. Yeri gəlmişkən, xatırladım ki, «Qanun» nəşriyyatında ötən ilin payızında işıq üzü görmüş bu kitab gənc şairin oxucuları ilə ilk baş-başa təmasıdı. Onun şeirlərini oxuduqca elə düşünməyin ki, böyük iddialar şairi ilə qarşılaşacaqsız. Yox, bu misralarda sadəcə həyat gerçəklikləri, gənc bir oğlanın yaşamı, dünyaya baxışı, münasibəti özəl bir formada ifadə olunubdur. Məsələn, onun «Yuxu» şeirində belə bir məqam var.

 

Baxırdım gözünə məzlumcasına,

Sanki o baxışlar nəsə deyirdi.

Bu gecə röyada süslü gözlərin,

Dustaq aşiqini seyr eləyirdi.

 

Süzürdüm mən də o baxışları,

Sinəmdə ürəyim gizildəyirdi.

Aşmaqla tikanlı sədləri əlim,

Sənə toxunmağı çox istəyirdim.

 

Zənnimcə burdakı yaşam, burdakı təsvir bir cavan oğlanın həbsxana divarları arasında yaşadıqlarını nakam sevgisinin bütövlüyündən bir cizgidir. Onu, yəni  o naxışı duymamaq, görməmək mümkünsüzdü. Və yaxud Kamil Fərəcin «Zindan» şeirinə diqqət yetirək.

 

Hayana baxırsan, hasar görürsən,

Çarəsiz-çarəsiz bəxtə gülürsən.

Cismən yaşasan da, ruhən ölürsən,

Arzular, ümidlər məhbəsi zindan.

 

Və yaxud «Peşmanam» şeirinə üz tutaq.

 

İndi mən çox peşmanam,

İndi gözüm gülməyir.

Çəkdiyim ağrı-acı,

Bir an belə dinməyir.

 

Uzun sürür gecələr,

Səhərlər açılmayır.

Günəş doğaraq məni,

Qəm əlindən almayır.

 

Ümumiyyətlə, həbsxana həyatının bütün yaşantılarını Kamil Fərəc şeirində özünü tapması, təbii olduğu qədər də müəllifin duyğusallığı, sözün vurğunluğu da diqqətçəkəndir. Onun şeirləri göstərir ki, canında, qanında olan istedad ətrafına biganə deyil. Ona görə qarşılaşdığı, gördüyü, eşitdiyi nə varsa, onun ürəyində, ruhunda əks-səda verir. Bu da sonda misralara, şeirə çevrilir. Düşünürəm ki, yaşadıqları onun yeni həyatında dünyabaxışının formalaşmasına və fərqli bir poetik nümunələr yaratmasına kömək edəcəkdir. Bax, bu arzu, istək ilə də gənc şair Kamil Fərəcə hər zaman yolun açıq olsun, deyirəm.

TƏQVİM / ARXİV