adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Avqust 2021 13:51
17772
SAĞLAMLIQ
A- A+

SƏHİYYƏ NAZİRİ VƏ RƏMİŞİN ATASI ABDAL HÜSEYN

Səhiyyə naziri  vəzifəsi  neçə müddətdir ki, boşdur və büdcəmizə xeyli qənaət olunub. Ümumiyyətlə,  bizim səhiyyə nazirlərindən bəxtimiz  gətirməyib, səhiyyəmiz həmişə axsayıb.  Bəlkə heç bizə səhiyyə naziri lazım deyil, iş onsuz da gedir də.

Səhiyyə naziri  vəzifəsi  boşdur  dedim yadıma Ağdamda məşhur bir hadisə düşdü.

Rəmişin atası  Abdal Hüseyn ömrü boyu yüksək vəzifələrdə çalışmışdı. Prokurorluqdan  çıxandan sonra kolxoz direktoru  işləyirdi öz kəndlərində.

Direktorluqdan  çıxıb, bir müddətdi işsizdi. Eşidir ki, rayonun səhiyyə şöbəsinin müdirini, yəni baş həkimi işdən çıxarıblar. Durub gəlir birinci katibin yanına ki, demişdin hansı vəzifə boşalsa məni qoyassan, odur ey baş həkimi  işdən çıxarmısınız, yeri  boşdur, göndər gedim işləyim.

Birinci katib:

- Hüseyn kişi, axı sən həkim deyilsən, tibb təhsilin yoxdu, səni necə baş həkim qoya bilərik?

- Yoldaş katib, baş həkim  adam müalicə edir? Sənədə qol çəkib,  möhür  vurur da.  Mənim də işim qırx ildir sənədə qol çəkib  möhür vurmaqdı.

İndi səhiyyə  naziri mütləq həkim olmalıdır ki? O qədər Harvard universitetində 3-4 aylıq  kurslar  keçən gənclər var ki, getsin səhiyyəmizi düzəltsin.