adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Qələm, fırça və silah - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
46505 | 2021-08-12 10:01

Bir ömrün qısa səlnaməsi

 

Adətən döyüş yolu keçmiş, barıt qoxusu duymuş hər bir vətən övladı barəsində yazı yazmaq istəyərkən, öncə onunla bağlı xatirələrimi vərəqləyirəm. Çünki mən daha çox tanıdığım, təmasda olduğum, gözlərimin önündə şəhidlik zirvəsinə yüksələn və yaxud sağlamlığını itirən insanlardan yazı yazıram. Ona görə də bu yazılar mənim bir növü xatirələrim olur. Bu dəfə isə əksinədir, mən onu tanıyanların xatirələrinə söykənirəm...

Ötən həftənin cümə günü idi. Telefonuma zəng gəldi. Məni bir anım tədbirinə dəvət etdilər. Təbii ki, söhbət şəhiddən gedirdi və üstəlik də dəvət edən qələm, ürək dostum idi. Mən tərəddüd etmədən deyilən saatda deyilən ünvana gəldim. Qarşısında dayandığım əzəmətli bina adamda rəsmi bir özünütoparla hissi yaratsa da, amma binanın qarşısındakı qara paltarlı bir ananın çöhrəsi məni o rəsmiyyətdən çəkib çıxardı. Həmin qara paltarlı anaya yaxınlaşdım. Bu, anım günü keçirilən Elçin Müzəffər oğlunun anası Validə xanım idi. Onun gözlərinin içində kök salmış qürur hissinin üstünü bir kölgə almışdı, özü də qalın bir kölgə. Mənə elə gəldi ki, bu təkcə oğul itkisinin ağrı-acısı deyildi. Burda başqa səbəb də var idi. Ona görə də bir az ehtiyatla yaxınlaşıb Validə xanımla görüşürəm. Əvvəldən tanıdığım və mənə doğma olan kürəkəni Adilin uşaqlarıyla, ömür-gün yoldaşı Şəhla xanımla hal-xoş edirəm. Birdən hardansa elə bil içimdə qəribə bir hiss baş qaldırır. Adil, onun uşaqları (Elgiz və Nərgiz), ailəsi, o cümlədən mənimlə qonşu olan insanlar bu binanın qarşısında nəyə görə dayanıblar? Sanki içimdəki sualı Adilin oğlu Elgiz üzümdən oxuyur və yavaş səslə pıçıldayır:

- Əbülfət əmi, anım gününə gəldiyiniz Elçin mənim dayımdı!

Bəli, məhz həmin o söz, həmin o sakit, amma qətiyyətli təqdimat məni sanki yuxudan ayıltdı. Ozümü toparlayıb Şəhla xanıma, şəhidin doğmaları Qəzənfər kişiyə, Rəfaelə, Zeynəb xanıma da başsağlığı verdim, Allahdan səbr dilədim və deyilən vaxtda Respublika Hərbi Prokurorluğunun binasında yerləşən Memorial muzeyin qapıları açılır. Bizi içəri dəvət edən polis mayoru, DİN-nin istintaq qrupunun əməliyyatçısı Tahir Kazımov məlumat verməyə başlayır. Onun söylədiklərindən aydın olur ki, bu muzey Respublika Hərbi prokuroru Xanlar Vəliyevin təşəbbüsü ilə yaradılıb. Muzeyin tərtibat işləri isə millət vəkili Rəfael Hüseynovun fikirləri əsasında reallaşıb. Məhz Xanlar müəllimin və Rəfael müəilimin bilavasitə yaxından iştirakları ilə burada möhəşəm bir muzey yaradılıb. Muzeyin ayrı-ayrı guşələrinə baş çəkirik. Arxivimizin müxtəlif zamanları fotolarla, rəsmi sənədlərin çıxarışı ilə, həmçinin maddi-mədəni sübutlarla bəzədilib. Burada Gülüstan, Türkmənçay müqavilələrinin, 1905-ci il, həmçinin 1918-ci il erməni fitnəkarlıqları ilə bağlı, 1937-ci il repressiyaları ilə əlaqəli və nəhayət, Qarabağ savaşı ilə bağlı bir-birindən maraqlı stendlər və təbii ki, maddi nümunələr nümayiş etdirilir.

Onu da vurğulayım ki, burada Xocalı ilə bağlı xüsusi guşə, Xocalının maketi və torpaqlarımızın işğalı ilə əlaqədar yazılmış çoxlu sayda kitablar da tamaşaçılara təqdim olunur. Həmin kitablar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın «Xocalıya ədalət» kitabının hər bir cildi diqqətimizi xüsusi çəkdi.

Bu da Elçin Müzəffər oğlu Baxşəliyevin guşəsi... Əvvəldə dediyi kimi, mən onun barəsində həmin ana qədər heç bir bilgiyə malik olmamışam. Məhz həmin guşədə olanda Elçini gec tanıdığım üçün daxilən sıxıldım və burada nümayiş etdirilən əşyalara, yəni Elçinə aid maqintofona, qələmə, fırçaya, onun çəkdiyi rəsmlərə, onun yazdığı şeirlərə uzun bir sükut içərisində tamaşa etdim yə öyrəndim ki...

Elçin Ağdam rayonunun Boyəhmədli kəndində doğulmuşdu. Bütün yaşıdları kimi, o da orta məktəbi bitirdikdən sonra sovet ordusunda hərbi xidmət keçmiş, yalnız ordudan təxris edildikdən

sonra Gəncə şəhərindəki İnşaat texnikumunda təhsil alaraq Ağdama qayıdıb, rayonun Qarabağ adına sovxozunda əmək fəaliyyətinə başlamışdı. Amma buna qədər kənddə də, oxuduğu məktəbdə də hamı Elçini rəssam kimi, şair kimi tanıyırdı. Onun çəkdiyi təbiət lövhələri, portretlər böyük ürəyindən, duyumundan xəbər verirdi. İçindəki vətən sevgisi və bir də Allahın bəxş etdiyi istedad fırça ilə deyə bilmədiklərini qələmlə pıçıldamağa imkan vermişdi. O, həm də gözəl şeirlər yazırdı.

Mən onun çəkdiyi şəkillərin, yazdığı şeirlərin hər birində təkcə ürək yox, duyum yox, həm də sonsuz bir sevgi gördüm. Yəqin elə bu sevgi də onu silaha sarılmağa məcbur edib. Çünki erməni işğalı başlayandan Elçin Baxşəliyev də doğulduğu kəndin müdafiəsinə qalxıb. O da Boyəhmədlidə yaradılmış özünümüdafiə batalyonunun əsgəri olub. Döyüşdə heç kimdən geri qalmayan Elçin Müzəffər oğlu 1993-cü ilin sentyabr aynının 11 -də rayonun Papravəndə kəndi ətrafında gedən döyüşlərdə yaralanıb, müalicə üçün Topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunda müalicə olunaraq 3-cü qrup əlil kimi ailəsinin yanına qayıtdı. Amma...

Ailəsinə, doğmalarına baş çəkən Elçin yenicə doğulmuş oğlu Altunbəyi bağrına basıb öpdü. Sanki onunla vidalaşırdı. Sonra anası ilə, həyat yoldaşı ilə sağollaşıb döyüş dostlarının yanına tələsdi. Onu nə qədər dilə tutsalar da, o, inadından dönmədi. Qisas almaq, düşmənin Ağdama doğru irəliləməsinə imkan verməmək üçün qanlı döyüşlərə atılan Elçin Baxşəliyev 1993-cü ilin iyul ayının 20-də Boyəhmədli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. Həmin gün Validə xanım, eləcə də qızları Şəhla, Aytəkin, Şəfəq, oğul, qardaş deyib öz ahlarıyla yeri-göyü yandırsalar da, bütün bu baş verənlərə bir südəmər körpə gözləriylə baxan Altunbəy nələr baş verdiyni dərk etmirdi. Amma onun baxışlarında ayrılığın izi də görünmürdü. Bu, doğmalarının diqqətindən yayınmamışdı. Adil də, Şəhla da bu baxışlarda qəribə nələrsə duymuşdular. Görünür, Altunbəy atasına qovuşacağını bilirmiş. Ağdamın işğalından sonra qaçqın həyatı yaşayan ailə bir təsadüf nəticəsində Altunbəyi də itirdi. 2 yaş 6 aylıq olan oğul nişanəsi də ruha çevrildi, atasının ruhuna qovuşmağa getdi.

Bəli, Hərbi Prokurorluğun Memorial muzeyində sükuta daldığım anlarda mənə elə gəldi ki, Elçin oğlu Altunbəyin əlindən tutub burdakı ziyarətçilərin görüşünə gəlib. Ağlayıb nalə çəkən anasına təsəlli vermək istəyir, amma danışa bilmir. Sadəcə bizlərin hər birimizi süzür. O baxışlarda "Ağdama nə vaxt qayıdacaqsınız?" sualı oxunur...

Mən həmin o muzeydən Elçinin şeirlərindən nümunələrin üzünü götürdüm. Onu sizin diqqətinizə təqdim edirəm.

 

VƏTƏN

 

Vətən,

Üz qoydum

Vüqarlı torpağına mən.

Bu qarlı,

şaxtalı qış günü

ilıq,

mehriban nəfəsin

İsindirdi könlümü

Yazda öpdüm

gülündən,

çiçəyindən.

Torpağının ətrini

Çəkdim ciyərlərimə.

Böyüdü ürəyim -

çiçək-çiçək,

yarpaq-yarpaq.

Böyüdü,

böyüdü

Böyüyüb dağ-dağ oldu.

Keçdim mavi vadilərindən,

Vətən

İçilməz

bulaqlarından içdim.

Keçilməz

keçidlərindən keçdim.

 

Pərişan-pərişan

 

Ömrümün yolayrıcından,

Baxar pərişan-pərişan.

Doğma həyət-bacasına

Çıxar pərişan-pərişan.

 

Qurtulammaz qəm yaşından,

Kədər yağar simasından,

Geniş sevgi səmasında,

Çıxar pərişan-pərişan.

 

Eşitmərəm sözlərini,

Yağış yuyub izlərini.

İri qara gözlərini,

Sıxar pərişan-pərişan.

 

Daha çıxmaz oylaqlara,

Payız qonub yarpaqlara.

Üzükləri barmaqlara,

Taxar pərişan-pərişan.

 

Səhəngi almaz əlinə,

Qıfıl vurubdu dilinə.

Düşüb zamanın selinə,

Axar pərişan-pərişan.

 

TANIŞDI MƏNƏ

 

Bilirəm səhərlər nə olacaqdı,

Görürəm üstümə gələn qəmi də.

Görürəm ömrümün üstə köklənən

Həsrətlə çalınan sarı simi də.

 

Görürəm çiçəklər necə açılır,

Bülbüllər eşqindən gülə danışdı.

Yarpaqlar torpağa nə pıçıldayır? –

Bu gizli sevgilər mənə tanışdı.

 

Duyuram şimşəklər nə yazır göyə,

Buludlar hayandan-hayana köçür.

Üçtelli, beştelli qərib duranlar

Nə üçün Şimaldan Cənuba uçur.

 

Bulaqlar nə üçün çaya qovuşur,

Buludlar nə üçün göz yaşı tökür.

Niyə ürəklərin dərinliyinə

Sevinclə birlikdə kədər də çökür.

 

Böyük səadətlə, kiçik sevinclə

Görürəm gözlərdən axan yaşı da

Nə vaxtsa arxamca atılıb qalan

Üstü mamırlayan qara daşı da.

 

 

Duyuram həmişə yaşadacaqdı

Məni ürəklərdə gözəl kainat

Dünyanın hər üzü tanışdı, mənə

Tanışdı sirriylə, sehriylə həyat.

 

Bakı-Ağdam qatarı

 

Bu gecə,

bu qatar

Məni aparacaq.

Fit verəcək

uzun-uzun

haray-həşir qoparacaq.

Ayrılacam Bakıdan,

Ayrılacam limandan

Ayrılacam

Nazlı-nazlı gözlərdən

Gözlərimdən

Məhəbbətlər umandan.

Gecənin qaranlığı

Udacaqdı qatarı.

Düzəcəyəm yollarıma

Ulduzları qoparıb.

Bu gecə,

bu qatar

Bakıdan-Ağdamacan

Həsrəti gödəldəcək

Uzanacaq qollarım, -

Relslərə dönəcək.

Keçib gedəcək qatar

Qollarımın üstündən

Bu gecə,

bu qatar

Qoparacaq Bakıdan,

aparacaqdı məni –

Atacaqdı Ağdama.

Bir dəstə çiçək kimi

Qollarımm üstünə.

 

OĞLUM ALTUNBƏYƏ

 

Körpə təbəssümündən,

Gözəl nə var dünyada.

Əgər körpə görürsənsə

Gecələr röyada,

Xoşbəxtlik gözləyir

Deməli səni.

 

Körpə göz yaşlarından

Gözəl nə var dünyada.

Üstünə çilənir,

Sonsuzluq adlı

Həsrətin, kədərin.

 

Körpə qığıltısından

Gözəl nə var dünyada

Ən gözəl müğənni də

Oxuya bilməz elə.

 

Hər səfərə çıxanda

Bilirəm qayıdanda.

Evdə gözləyir məni

Təbəssüm,

göz yaşları.

Həzin nəğmə andıran,

Bir oğul baxışları.

Görəsən bundan daha

Gözəl nə var dünyada?!

TƏQVİM / ARXİV