adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Avqust 2021 18:01
16478
SAĞLAMLIQ
A- A+

Hamımız səfərbər olmalıyıq, əks halda məhdudiyyətlər sərtləşdirilə bilər - AÇIQLAMA

Bir ildən artıqdır ki, bəşəriyyəti cənginə almış koronavirus pandemiyası ilə mübarizə aparılmaqdadır. Bu bəla ilə mübarizədə Azərbaycan öndə gedən ölkələrdən biridir. Lakin son günlərin rəqəmləri bizi daha məsuliyyətli olmağa vadar edir. Hamımız maksimum dərəcədə səfərbər olmalı, bu bəlaya az itkilərlə qalib gəlməliyik.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, ölkəmizdə ilk gündən bu bəla ilə mübarizədə sistemli tədbirlər görülməyə başlanıldı, lazımi texniki-təşkilati işlər həyata keçirildi:

“Ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq aləmdə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan nəinki ölkə daxilində, beynəlxaq səviyyədə də bu mübarizədə töhfə verən az sayda ölkədən biri olub.

Ölkədə bu bəla ilə mübarizə üçün maddi-texniki bazanın yaxşılaşdırılması, o cümlədən yeni laboratoriyaların yaradılması, mövcud xəstəxanaların bu virusa qarşı mübarizəyə hazır vəziyyətə gətirilməsi, modul tipli xəstəxanaların tikilməsi, kadr təminatının yüksəldilməsi ölkəmizə bu virusa qarşı effektiv mübarizə aparmağa, epidemioloji vəziyyəti nəzarət altında saxlamağa imkan verdi, cəmiyyətimiz bu xəstəlikdən az itkilərlə çıxdı”.

S.Hüseynova vurğulayıb ki, Azərbaycan vaksinasiya prosesinə dünyanın qabaqcıl ölkələri ilə eyni vaxtda başladı:

“Bu il iyun ayının əvvəlində yoluxma sayı 50 nəfərə qədər idi. Görülən tədbirlər nəticəsində yoluxma sayındakı azalmalar karantin rejimində yumşalmalara imkan verdi, açıq havada maskasız gəzməyə, müəyyən kütləvi tədbirlərin, şənlik mərasimlərinin keçirilməsinə, idman zallarının açılmasına icazə verildi. Ancaq son günlər onu göstərir ki, bu yumşalmalar əhalidə bir qədər arxayınlıq yaratdı. Onlar sanki bu xəstəlik başa çatıb kimi davrandılar, 2 həftə əvvəl Azərbaycanda gündəlik yoluxma sayı 272 idisə, bu gün 2600-dən çoxdur. Nəzərə alsaq ki, bizi qarşıdan payız ayları gözləyir və payız ayları müəyyən infeksion xəstəliklərdə artım müşahidə olunur, biz daha da diqqətli olmalıyıq.

Digər tərəfdən dünyada, xüsusilə region ölkələrində COVİD-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur. Bu bir daha göstərir ki, biz maksimum dərəcədə səfərbər olmalıyıq, özümüzü və ətrafımızdakı insanları qorumaq üçün sosial məsafəyə, gigiyenik qaydalara riayət etməliyik, daha məsuliyyətli olmalıyıq. Xüsusilə hazırda virusa qalib gəlməyin yeganə yolu olan vaksinasiya prosesində fəal olmalıyıq və hər kəs özünün ətrafını, doğmalarını qorumaq üçün məsuliyyətli olmalıdır. Əks halda məhdudiyyətlər sərtləşdirilə bilər və yumşaldıcı tədbirlər aradan qalxa bilər. Ona görə də hamımız səfərbər olmalı, bu bəlaya az itkilərlə qalib gəlməliyik”.