… Ulu Öndər Heydər Əliyev Məmməd Arazla görüşü zamanı təxminən belə demişdi ki, Azərbaycanı müstəqilliyə gətirən onun şairləri, sənətkarları olub. Düzdür, sərkərdələrin də rolu olub, amma şairlərinin, sənətkarlarının rolu daha çoxdu…
… Yəni biz bu gün müstəqiliksə, borclu olduqlarımızdan biri də Bəxtiyar Vahabzadədir. İndi Nizami ilidir, gün gələcək Səməd Vurğun ili, Rəsul Rza ili, Bəxtiyar Vahabzadə ili, Məmməd Araz ili, Söhrab Tahir ili, Xəlil Rza ili keçiriləcək. Mən keçmiş şairləri yazmadım, mən İstiqlal şairlərini yazdım. Və bura Nəriman Həsənzadəni də əlavə edirəm. Bilirsiniz də, bizdə ölməyənə qədər şairlərin böyüklüyü bilinmir. Cabir Novruzun ruhu bağışlasın ki, onu yadımdan çıxarmışdım…
Avqustun 16-sı Azərbaycanın dahi şairi…
… Bəxtiyar Vahabzadənin anadan olmasının 96-cı ildönümüdür.
Bəxtiyar müəllim şəxsən mənə iki il dərs deyib, özü də Azərbaycan Sovet ədəbiyyatından. Heç vaxt bizə Azərbaycan Sovet ədəbiyyatından mühazirə oxumadı. Deyirdi ki, kitabları da çap olunub, haqlarında məqalələr də yazılıb, namizədlik, doktorluq da müdafiə olunub, gedin tapın, oxuyun.
Bəxtiyar müəllim bizə XX əsrin 20-ci illərinə qədər və daha ondan əvvəl yazarlardan mühazirə oxuyurdu: Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, Ömər Faiq Nemanzadədən, Ziya Göyalpdan (hərçənd ki o, Osmanlı Türkiyəsinə aid idi), Üzeyir Hacıbəyovun çap olunmamış əsərlərindən…
… sonradan Şirməmməd Hüseynov Üzeyir bəyin həmin əsərlərini tapıb «525-ci qəzet»də nəşr etdirdi…
… Hüseyn Cavidi (bizim bilmədiyimiz Hüseyn Cavidi), Cəfər Cabbarlını (bizim bilmədiyimiz Cəfər Cabbarlını, məsələn, «Ədirnənin fəthi», «Trablis müharibəsi»)…
… bunlardan mühazirə oxuyardı.
Bir tələbə dostumuz Müslüm kurs işi yazır və müdafiə edir. Kurs işi də Müsavat və sonrakı dövrlə bağlıdır. Təbii ki, Müslüm (indi professordu və həqiqətən çox savadlı və ağıllı oğlandı) Müsavat hökumətini söyür. Söydü, söydü… Bəxtiyar müəllim də siqaret çəkə-çəkə auditoriyada gərdiş eləyir. Birdən dayandı və Müslümdən soruşdu:
- Oğlum, sən harda oxuyursan?
- Başa düşmədim, Bəxtiyar müəllim?
- Niyə başa düşmədin, soruşuram harda oxuyursan?
- Azərbaycan Dövlət Universitetində.
- Oğlum, bu universiteti min doqquz yüz on doqquzuncu ildə sənin o söydüyün Müsavat hökuməti yaratmışdı ki, sənin kimi yetim-yesir övladları gəlib oxusunlar. Söy oğlum, söy, yaxşı edirsən.
Bu, auditoriyada bomba effekti yaratdı. Müslümü yendirdi aşağı, özü keçdi önə və Müsavat hökumətinin necə bir hökumət olduğunu biz Müsavatsöyərlərə anlatdı. Düzdür, anlayan anladı, anlamayan yenə indi də Müsavatı söyür.
Bəxtiyar müəllim «baba» demirdi, «boba» deyirdi: «Bizim bobalarımız…» sonradan bizim «boba»larımızdan danışardı. Və bizi həmin babaların üstündə kökləməyə çalışardı. Hərdən də belə bir sözü vardı:
- Bir kərə yüksələn bayraq bir daha enməz!
Sonra da deyərdi ki, gedin bunun «çortuna», gör nə görərsiz?
«Gedin bunun çortuna, gör nə görərsiz?» bu ifadəni tez-tez işlədərdi.
Deməli, avqustun 14-də durdum xanımımı da vurdum qoltuğuma, getdik Şəkiyə. Dostumuz Murad Nəbibəyovu da götürdük və dahi şairimiz Bəxtiyar Vahabzadənin Şəkidəki ev muzeyini ziyarət etməyə yollandıq.
Muzeyin direktoru Elşən müəllimlə birlikdə qeyri-adi bir gün yaşadıq.
Onu da qeyd edim ki, biz orda olanda muzeyin bir neçə ailəvi qonağı vardı. Muzeyin yolu Kəlbəcər yolundan daha ağırdı. Doğrudanmı bu böyük dahi şairin ev müzeyinə gedən yolu səliqəyə salmaq mümkün deyil?
Nə isə, çox çətinliklə getdik ev muzeyinə, Bəxtiyar müəllimin doğulduğu bu evin həyətində bir çay içdik, muzeyin direktoru Elşən müəllimlə xeyli dərdləşdik. Həmin vaxt muzeydə olan qonaqlar «jivoy» deputat görüb şəkil çəkdirmək istədilər və şəkil də çəkdirdik.
Bizdə uzun yazıları oxumurlar. Ona görə də vəziyyət uruscadı. Trolların şərhlərini oxuyurlar və sair və ilaxır. Deyəsən, mənim də bu yazım uzun çıxdı, oxumayacaqlar. Amma biz, Mirzə Cəlil demiş, hamamda yatanlar üçün yazmırıq, oxuyan oxuyacaq.
Mən də bu həftəni Bəxtiyar Vahabzadəyə hərs edirəm. Çalışacam ki, mənim Aqil Abbas olmağımda xüsusi rolu olmuş Bəxtiyar Vahabzadə haqqında xatirələrimi oxuculara çatdırım.
Bunun İsfəndiyar Vahabzadənin Jirinovskiyə söyməyinin heç bir dəxli yoxdur. Jirinovski bizə söymüşdü, İsfəndiyar da cavabını verib. Açıqlamalarımda demişəm, «söymə mənim rəiyyət dədəmi, söyməyim sənin bəy dədəni».
Saytımızı və qəzetimizi izləyin.