adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Avqust 2021 10:58
12414
MARAQLI
A- A+

Lənkəran Regional Elmi Mərkəzində ən dəyərli tropik-subtropik meyvə - quayava bitkisi yetişdirilir

AMEA rəhbərliyinin elmi tədqiqat müəssisələri qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Lənkəran Regional Elmi Mərkəzində (REM) də innovasiya siyasətinin yeni əsaslarla qurulması, büdcədənkənar vəsaitlərin əldə edilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Belə ki, Mərkəzdə çay və sitrus bitkiləri ilə yanaşı, tropik-subtropik quayava (Psidium quayava) meyvə bitkisinin yerli şəraitə uyğunlaşdırılması, yetişdirilməsi və onun təsərrüfat əhəmiyyətinin öyrənilməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

Mərkəzin direktoru, Əməkdar aqronom, aqrar elmlər doktoru, professor Fərman Quliyevin təşəbbüsü ilə 2003-cü ildə İran İslam Respublikasından gətirilmiş quayava meyvə bitkisinin Azərbaycan Meyvəçilik və Bağçılıq İnstitutunun Lənkəran çay filialındakı və «Bioflora» MMC-də təcrübə bazasında daha dəqiq öyrənilməsi və çoxaldılması istiqamətində aparılan tədqiqatlar öz bəhrəsini verməkdədir. Vətəni Cənubi Amerika olan quayavanın bölgəmizdə açıq torpaq şəraitində becərilməsinə dair əhəmiyyətli nəticələrə imza atılıb.

Quayava qənnadı və tibb sənayesində geniş istifadə edilir. Kökü, qabığı, yarpaqları, çiçəkləri, meyvələrinin müalicəvi xüsusiyyətlərə malik olması bu həmişəyaşıl möcüzəvi ağacın təsərrüfat əhəmiyyətini qat-qat artırır. Bitkinin bütün hissələrində taninlər vardır, meyvələri vitaminlərlə zəngin, ətirli, turşaşirindir. Yarpaqlarından efir yağları alınır. Yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə olunur. Quayavada rekord miqdarda C vitamini olduğundan, meyvənin müxtəlif tənəffüs yolları xəstəlikləri və qrip zamanı tez-tez istifadə edilməsi tövsiyə olunur.

Kolunun yarpaqlarından hazırlanan şəfalı çay müxtəlif mədə-bağırsaq pozğunluqlarını aradan qaldırır, başgicəllənmə və dizenteriya üçün də məsləhət görülür. Onun yarpaqlarının həlimi güclü öskürəkəleyhinə vasitə hesab olunur. Bitki, həmçinin ağızda iltihabı götürmək, yaraları sağaltmaq və ağrıları azaltmaq üçün yaxalama kimi də təyin edilir. Xalq təbabətində yarpaqlarından əlavə, çiçəklərindən və bitki qabığından da istifadə olunur.

Tərkibində çox miqdarda lif və müxtəlif vitaminlərin olması ciddi xəstəliklərdən sonra sağlamlığı tez bir zamanda bərpa etməyə imkan verir. Meyvələri insan orqanizminin tonusunu yüksəltməklə yanaşı, həm də limfa sistemini gücləndirmək qabiliyyətinə malikdir. Quayavanın şirəli meyvələri bronxial astma, ishal, bronxit, həmçinin tonzillit və ciddi sətəlcəm zamanı məsləhət görülür. Bitkinin təzə yarpaqları çiban və hər cür dəri səpkilərindən qurtulmaq üçün geniş istifadə olunur. Həmçinin diş ağrısını tez bir zamanda aradan qaldırır.

Quayava bitkisinin yetişdirilməsi “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələrin icra edilməsinə, eləcə də 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, bitmə qabiliyyəti 90-95 faizdən yuxarı olan və qidalı dibçəklərdə yetişdirilən tropik quayava qələmlərini Lənkəran REM-ə müraciət etməklə almaq mümkündür.