adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ZƏKAT

FƏRİDƏ RƏHİMLİ
37751 | 2013-08-03 04:53
İmam Cəfər Sadiq(ə) buyurub: "Hər bir şeyin zəkatı vardır. Vücudların zəkatı da oruc tutmaqdır".
Artıq Ramazan ayının iyirmi beşinci günüdür. Bu ayın huzur, güvən, dostluq, paylaşma, yardımlaşma, ağlın nəfsə qalib gəlməsi ayı olduğu hər kəsə məlumdur. Amma təəssüf ki, biz bu haqda yalnız xəbərlərdə eşidir, kitablarda oxuyuruq. Real fakta müraciət etmək istəyəndə isə, ay boyu bu barədə heç bir məlumata rast gəlmədim. Doğrudu, "sağ əlin verdiyini sol əl bilməməlidi" kimi peyğəmbər hədisi var. Amma mənim bilgisizliyim peyğəmbərin hədisinə əməl edilməsindən deyil, belə yardımların az olmasından, yaxud heç olmamasından irəli gəlir.
Özünü reklam etdirmək istəyən bəzi "sənət adamları"mız var ki, bir-iki bağlama ərzaq alaraq televiziya işçilərini də özü ilə aparıb, ictimaiyyətə necə "müsəlman" olduğunu sübut etmək istəyirlər. Amma əsl müsəlmanlığın reklama ehtiyacı yoxdu, o, imanda, ruhda, ağılda, qəlbdə olmalıdı.
Varlı bir ölkədə yaşadığımızdan yoxsulların, ata-ana himayəsindən məhrum olanların, xəstələrin, kimsəsiz qocaların təkcə bu ayda deyil, hər zaman yad edilməsi savabdan əlavə həm də borcdu - müsəlman ölkəsi kimi, dövlətin vətəndaşı qarşısındakı borcu. Bir də Qafqaz Müsəlmanları İdarəsi var. Açığı, o idarənin fəaliyyəti haqda müfəssəl heç nə bilmirəm, amma məscidlərdə oluram, gündə dolub-boşalan nəzir qutularından xəbərim var. Bakıda yaşadığım otuz il ərzində nəzir qutularına mən də nəzir atmışam, atanları izləmişəm, ancaq o qutulardan "yığışdırılanlardan" kimlərəsə yardım məqsədi ilə istifadə olunmasına rast gəlməmişəm. Bunu əminliklə deyə bilirəm ki, çünki ətrafım qaçqınlar, məcburi köçkünlər, yetim uşaqlar, yoxsul və işsiz adamlarla doludu. Və onların hansınasa QMİ tərəfindən yardım olunduğunun şahidi olmamışam.
Bu müqəddəs ayda xidməti borcdan əlavə, imkanı olan hər kəsin də vicdan borcu var - şəriətin, kitabın buyurduğu insanlıq borcu.
Aydın məsələdir ki, orta təbəqə yaşayışına nail ola bilməyən dövlətdə yalnız varlılar və kasıblar yaşayır. Bu yaxınlarda imkanlılarımızın ofşor zona açıqlanmasında sərmayələri haqda eşidəndə insan övladının dünya malına bu qədər düşkünlüyü məndə sonsuz təəccüb və təəssüf doğurdu. Bir tərəfdə xəstə, ac, səfalət içində yaşayanlar varkən, digərlərinin milyonlardan gözünün doymaması insanlığın çox qorxunc bir mərhələyə vardığını göstərir. Bir tərəfdə pulsuzluqdan yeganə xəstə övladını itirən kasıb valideyn, digər tərəfdə dostlarının yanında qürrələnsin deyə, oğluna tez-tez milyonlarla qiyməti olan maşın, ada, villa, yaxta, helikopter hədiyyə edən valideyn. Nədən pulu artdıqca vicdanı, imanı azalır insanın? O milyonlara rəğmən heç olmasa, bu müqəddəs ayda kimisə sevindirmək onlar üçün dəryada damla dəyərindədi. Onsuz da tanrının bəxş etdiyi hər şey - ad-san da, mal-mülk də, kasıblıq, əzab-əziyyət də insanın bu dünyadakı sınağı üçündü. Birini, o mal-mülkü hansı məqsədə xərcləycəyi ilə, digərini bu əzablara dözərək səbir göstərmək, asi düşməməklə sınayır.
Türkiyənin Trabzon vilayətində yaşayan muxtar Əhməd bəyin söhbətləri məndə bir az qibtə hissi yaratdı. Muxtarı olduğu sahənin inkişafı, yol çəkilişi, ictimai-iaşə obyektləri, məscid tikintisi və təmiri və sair xeyirxah işləri ilə yanaşı, Ramazanda yardımlaşmanı da, bu əməlisaleh insan, hər il etdiyi işlərin ən vaciblərindən hesab edir. Doğrudur, o, təvazökarlıq edərək, təkrar-təkrar, bu işi təkbaşına etmədiyini, bu işdə ona bələdiyyənin nəzdində yaradılmış sosial yardımlaşma dərnəyinin, valiliyin, imkanlı dostlarının, ayrı-ayrı adamların kömək etdiyini, yalnız bir miqdar özünün qatqısı olduğunu söyləsə də, bu işdən necə sevinib məmnun qaldığını, rahatlandığını hiss etməmək mümkün deyil. Allah hər kəsə bu sevinci nəsib etsin və insanı rahat edən o məmnunluğu hər bir müsəlmana yaşatsın! Təsəvvür edin, orada yardım etmək istəyən adam heç bir reklam olmadan verdiyi zəkatı "Yardımlaşma dərnəyi"nə təqdim edir və son qəpyinə qədər sənədlərdə qeyd olunaraq, ehtiyacı olanlara çatdırılır. Onu da bildirim ki, Əhməd bəyin yardım etdikləri içərisində azərbaycanlı tələbələr də var.
Bizdə isə, milyonçularımız da çox, təəssüf ki, ən cüzi yaşayış ehtiyaclarına möhtac olanlarımız da. Amma yardımlaşma dərnəklərimiz yoxdu...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV