adalet.az header logo
  • Bakı 21°C
06 Sentyabr 2021 11:25
1202
ELM VƏ TƏHSİL
A- A+

Övladı tələbə adını qazananlar sevinir, amma və lakin... - Fərid Azəri yazır

Övladı tələbə adını qazananlar sevinir, mən də onlarla birlikdə. Amma və lakin...

100 faiz bildikləri həqiqətləri bir daha yazmağı borc bilirəm. Ən azından ona görə ki, bunu I kursa qədəm qoyacaq övladlarına aşılasınlar:

1. Azərbaycanda təhsil sistemi elə qurulub ki, universitet tələbəyə HEÇ NƏ öyrətmir. Bəziləri İngilis dilli dərs kitablarını, tədris metodikasını tətbiq etsə də, əksəriyyət müasir dövrün tələbəsinə hələ də SSRİ dövründən qalma dərslikləri elə o köhnə üsulla aşılayır.

2. Universitetlərin əksəriyyətində praktik dərslər belə auditoriyada, yəni nəzəri şəkildə keçirilir. Sonra o tələbə məzun olanda iş tapmağa çətinlik çəkir. Tələbələrin təcrübə keçməsi üçün müəssisə və şirkətlərlə əlaqə yaratmaq işi təşkil edilmir.

3. Ali təhsil müəssisələrindəki işini sevən müəllimlər fənnini də tələbəyə sevdirir və vicdanla öyrədir. Di gəl ki, oxuyan və öyrənmək istəyən tələbə bəzi hallarda imtahan zamanı sıxışdırılır.

4. Hər universitetdə N qədər oxumayan tələbə olur. Onlarda dərsə və öyrəndikləri ixtisasa maraq yaratmaq ali təhsil ocağının rəhbərliyinin və müəllimlərin üzərinə düşür.

5. Ölkəmizdə universitetlərin neçəsinin istehsalat-təcrübə sahəsi var? Bu da daha bir sualdır.

6. Hansı alim ali məktəblər üçün dərslik yazmağa təşviq edilib? Bu işi belə qurmaq olar ki, Təhsil Nazirliyi ali məktəblərdə çalışan alimlərə dərslik hazırlamağı sifariş eləyə, sonra o dərslikləri ekspertizadan keçirib, ala bilər...

7. Dövlət ali təhsil müəssisələrinin keçid ballarını daha da aşağı salmağa ehtiyac yoxdur. Bundansa hörmətli Təhsil naziri nəhayət vəzifə öhdəliklərini yada salıb, orta məktəblərdə tədrisin keyfiyyətinin ədalətli monitorinqini təşkil edib, vəziyyətə uyğun sərt tədbirlər görə bilər. Nazir vəzifəyə təyin olunandan ən sıx verdiyi açıqlamalar pandemiya şəraitində tədrisin təşkili ilə bağlı olub.