adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Sentyabr 2021 18:42
1889
SAĞLAMLIQ
A- A+

Ərəblərin “bəzəkli tərəvəz”i, yeməli "alaq otu" - Can dərmanı PƏRPƏTÖYÜN

Yay mövsümündə sərinlik verən doydurucu, zəngin vitamini olan bitkilərdən , tərəvəzlərdən yeməklər, salatlar hazırlıyıb yedik.  Artıq yay bitmək üzrədir. Amma mütləq payızda da vitamini bol olan bitkilərdən yemək menyünüzə salmağa dəyər. Belə bitkilərdən biri də bütün dünyada qəbul edilmiş pərpətöyündü.

 

Adalet.az xəbər verir ki, alaq otu deyib keçməyin!Bu bitkinin qovurması, buğlaması, qatıqlaşı yaz, yay, payız ayları üçün vazkeçilməz bir menyüdür. Qışda isə onun nazik gövdələrindən qoyulmuş şoraba(turşu) bütün şorabalardan fərqlənir. Əvvəlcə bu bitkinin vətəni, yayılması, istifadəsi haqqında danışaq:  


 
Qədim pərpətöyün

 


Araşdırmalara görə, pərpətöyünün tarixi 4 min il bundan əvvələ gedib çıxır. XIX əsrdə Avropaya gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Qədim Misirdə şəfalı bitki kimi pərpətöyünün yarpaqları və gövdəsini xörəyə əlavə edirdilər.


Orta əsrlərdə Ərəblər pərpətöyünü yüksək qiymətləndirərək onu “bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda daha çox dərman bitkisi kimi tanınması öz ifadəsini Hipokratın əsərlərində tapıb. Pərpətöyünlə ilan sancmasını, müxtəlif yaraları, hətta yuxusuzluğu müalicə edirdilər. Məşhur təbib Böyük Plini bitkilər arasında məhz pərpətöyünü “istifadəyə məcbur” hesab etmişdi. Məşhur şərq loğmanı İbn Sina da onu ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Hindistan və Fransada, Qafqaz və Aralıq dənizi ölkələrində yetişdirilir.
Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Bir çox bölgələrdə ona pərpərəng də deyirlər.

 

 Faydası: zoğları, yarpaqları, çiçəkləri və toxumları...

 

Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur. Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur. Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir. Enterokolit və hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin qankəsici təsir göstərir. Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.
Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır. Gövdəsinin və yarpaqlarının tərkibində olan selikli maddələr dəri və selikli qişaların regenerasiyasını artırır, dərialtı kollagenin parçalanmasını ləngidir, tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir.


Əks göstərişləri - Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar. Uşaqlığın tonusunu artırdığına görə hamilə qadınların istifadə etməsi məsləhət deyil.


Süfrənizdə pərpətöyün

 


Pərpətöyün turşusu -1 kq iri, ətli pərpətöyün zoğları yarpaqları ilə birlikdə axar su altında təmiz yuyulur. Hərəsində 10-12 ədəd olmaqla dəstə-dəstə bağlanır, sıra ilə 2 litrlik şüşə bankaya yığılır, hər sıranın arasına 1-2 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı, quru şüyüd toxumları, kərəviz yarpaqları, 3-4 ədəd qara istiot dənəsi əlavə edilir. 3 xörək qaşığı iri xörək duzu, 4 fincan üzüm sirkəsi və 2 fincan suyun qarışığı üzərinə çıxana qədər əlavə edilir, qapağı bağlanır. Sərin yerdə saxlanır.
Qatıqlaş - qarabağlıların, xüsusən ağdamlıların sevdiyi "yüngülvari” yeməklərdən biridə qatıqlaşdı. Qatıqlaşı duru hala gətirib içki kimi də istifadə etmək olur. Dadı. Ləzzəti bütün yay yeməklərini kölgədə qoyacağınıza əmin olun və tərkibini dəftərçənizdə qeyd edin.

 

 

Tər-təravətli pərpətöyün bitkisini (çoxunuz ona "alaq”deyib keçirsiniz) yığıb-yuyub xırda-xırda doğrayırsınız. Doğranmış pərpətöyünün üzərinə bir ovuc düyü, xırda doğranmış soğan və su əlavə edib vam odda bişirirsiniz. Düyünün və pərpətöyünün həlimi düşəndən sonra onu ocaqdan götürüb soyumağa buraxırıq. Sonra isə hərəsindən 1dəstə keşniş, göy soğan, şüyüd, nanə (zövqə görə başqa bitkilərdə ola bilər) və s. göyərtilər yuyulub doğranır. Ona sarımsaq əzilib qarışdırılır. Artıq soyumuş yeməyin içinə qatıqda əlavə edildikdən sonra doğranmış göyərti də tökülüb möhkəm qarışdırılır. Zövqə görə duz vurulur. Soyuq halda süfrəyə verilir .

 


Buğlama - Xırda doğrnmış soğanları azacıq qovurduqdan sonra , xırda doğranmış pərpətöyün və yumru duyunu qazana əlavə edirik. Zövqə görə duz-istiot vurulur.  İstəsəniz yeməyə bir də 2-3 dənədən artıq olmayaraq alça və yaxud albuxara gavalının qurusunu da əlavə edin. Bir stəkan su töküb vam odda bişməyə buraxın. Süfrəyə sarımsaqlı qatıqla verin. Əmin olun dadından doymaq olmur.


Müalicəvi reseptlər

 


2 xörək qaşığı təzə pərpətöyün üzərinə 1 stəkan su əlavə edilir, zəif ocaqda 10 dəqiqə qaynadılır, ocaqdan götürülür, yun dəsmala bükülərək 1,5-2 saat dəmlənir, süzülür. Alınan dəmləmə artrit, kişilərdə cinsi fəaliyyətin zəifləməsi zamanı 1-2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir, baş dərisində kəpəklənmə və saç tökülməsi zamanı saçların diblərinə çəkilir.

Yeyin, sağlam olun!

Əntiqə Rəşid