adalet.az header logo
  • Bakı 7°C
13 Sentyabr 2021 12:14
5476
MÜSAHİBƏ
A- A+

“Təkcə beyin, hisslər və əllərlə deyil,bütöv bir bədən olaraq bunu edirsən" - MÜSAHİBƏ

Həmsöhbətimiz gənc rəssam Aynur Qovasaridir.

-Aynur xanım, incəsənəti simvolizə etsək, əsasən üç anlam yükləyə bilərik. Söz, səs, rəng. Rənglər aləmindəsiniz. Rəngin söz və səsdən əsas fərqləri nələrdir?

-Bəli, məncə fərq odu ki, səsə və sözə toxunmaq olmur, yəni bədənsəl hiss edə bilmirsən onları.Amma rəngə toxunmaq başqa bir hissdir. Bəzən fırçanı da kənara atıb əllərinlə işləyirsən, umumən bədənsəl və ruhən bu işin içində olursan. Yaradanda təkcə beyin, hisslər, və əllərlə deyil,bütöv bir bədən olaraq bunu edirsən. İşin içində bütovləşmə, harmoniya var.

-Hər hansı təhsil müəssisəsi istedad vermir. Bəli, istiqamətlənməkdə, içindəki potensialı üzə çıxarmaqda kömək edə bilər. Rəssamlıq Akademiyası bəs nə verir?

-Rəssamlıq Akademiyası sizə kömək edə bilər, düzdür, amma bu kifayət etmir, fərdi rəssam yanında, xüsusən də əməkdar,yaşını başını almış, bu sənətdə sözünü demiş müəllimlərin yanında sənətin incəliklərini daha yaxşı öyrənmək olur.

-Akademiyadakı ixtisasınızsa modadır. Bunun birbaşa sənətinizə aidiyyatı var, yoxsa bu ixtisas sadəcə həvəsdəndir?

-Bəli ixtisasım modadır, amma rəngkarlığa yönəlmişəm, burada mənimçün mənfi yox müsbət çox şey var. Onu deyə bilərəm ki, dizayn oxumaq yaradıcılığa, yaratmağa daha çox kömək edir. Beyin bu sahədə bəzən gözlənilməyən çox şeylər edir. Bu rəngkarlığıma çox yansıyır.

-Realizmdən uzaq rəsmlərinizlə cəmiyyətə nəyi aşılamaq istəyirsiniz?

-Aşılamaq deyəndə bu mənim daxili dünyamdır. Mən içimdəkini, beynimdəkini kətan, karton, kağız və.s əks etdirirəm. Mənim beynim də realizmdən biraz uzaqdır,bunu adicə sözlə başa salmaq biraz qəlizdir. Yəni bunu çalışmıram ki,realizmdən uzaq olsun, necə deyim mənim beynim də belə kodlanıb sanki.

Realist deyiləm, klassizmdən çox uzaqdayam

- Modern art, expressionizmin digərlərindən fərqi, önəmi nədir sizinçün?

-Sizinçün fərq deyəndə bu gətirib ora çıxarırki mənim stilim belə gətirir. Mən realist deyiləm, klassizmdən çox uzaqdayam. Yaradıcılımla üst üstə düşümür deyə modern arta, surrealizmə, ekspresyonizmə yaxınlıq edirəm.

-Şairlərin sənətiylə böyük gəlir əldə etməsi bir qədər xəyaldır. Hətta kasıbçılıq həyat tərzidir deyərdim. Amma bu rəssamlıqda fərqlidir. Bir rəsmə auksionlarda verilən böyük pullar.  Bu böyük fərqlər nəyə görədir? 

-Burda rəssam yazıçı fərqi yoxdur məncə. Elə mən də əsrimizdə yaşayan ən yaxşı rəssamın xaraba bir emalatxanada yaşayıb yaratdığını deyə bilərəm. Bu sadəcə reklamdan asılıdır. Reklamın varsa, pullar da böyüyür. Amma günümüzdə çox reklam olunan rəssam var ki, baxırsan işləri ya oğurluqdur, ya da pis gündə, çiy rənglər, çirkli işlər. Amma reklam günümüzdə hər şeyi həll edir.

-Yaxın vaxtlarda öz sərginizi keçirmək fikriniz var?

-Bəli, var əlbətdə. Amma bu ölkədən kənarda gerçəkləşəcək güman ki.

-Uşaq vaxtı evin divarlarına rəsmlər çizənlər böyüyəndə o ruhu daşıyıb böyük rəssam ola bilmədi. Heç sıravi də. Düşünürəm ki, elə o divarlara rəsmlər çizmək ruhun azadlığı idi. Sadəcə böyüdükcə ruh qəlibə salınır. Və beləcə içdəki ruh köləyə çevrilir, istedad məhv olur. 

-Rəssam olacaq insanın uşaqlığı da fərqli olur. Amma bu mövzuda sizlə həmfikirəm bu uşaqlığın azadlığıdır, böyüdükcə insanoğlu bunu saxlaya bilmir itirir. Amma rəssam olacaq uşaqlar həyata daha başqa gözlə baxırlar, danışdıranda, ya da qıraqdan baxanda bu bariz seçilir.

Söhbətləşdi: Emin Piri