adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2021 12:26
1381
ƏDƏBİYYAT
A- A+

ASİM YADİGAR: ZƏFƏR YOLU

Soldurub baharını, gətirdik sərt qışını,

Axıdıb bu yerlərdə düşmənin göz yaşını,

Dəmir yumruqla əzdik onun murdar başını.

Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa!

Saldığın Zəfər yolu tamaşadır, tamaşa,

Bu yolu tutmalıyıq başdan-başa qumaşa.

Bu yol ata arzusu-bu yol Öndər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Onun hər qarışına qarışıb şəhid qanı,

Bu qanlarla qurtardıq qandan Azərbaycanı.

Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı.

Bu yol qorxu bilməyən hünərvərlər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Bu yolda dəfn eylədim içimdəki qorxunu,

Həqiqətə çevirdim əfsanəni, yuxunu,

Sancdı düşmən köksünə igidlərim oxunu.

Bu yol qəlbə rahatlıq gətirən nər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Yamyaşıl meşələrin nəğməsi necə şirin,

Kölgəsi gün görməyir, kölgəsi necə sərin.

Bu zümrüd meşələrin, bu dərin dərələrin

Hər biri xoş müjdələr verən xəbər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

 

Sıldırım qayaları öpürəm gözlərimlə,

Oxşayıram hər izi, cığırı sözlərimlə,

Öyünür, fəxr edirəm dağımla, düzlərimlə.

Daha bu yol nə həsrət, nə də qəhər yoludur,

Bu yol Şuşaya gedir, bu Yol Zəfər yoludur!

 

Otuz illik həsrəti qırx dörd gündə dağıdan,

Ey qəhrəman qazilər, sizə hər an can qurban.

Bu yolda şəhidləri unutmadım bircə an,

Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Ulu Naxçıvanımın qorxmaz, ər oğulları,

Oxudum qayalarda siz yazan nağılları!

Dağa qalxan maşınlar sanki durna qatarı

Qalxır Şuşaya sarı, qala-şəhər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Ədalətinə şükür, ey qoca, gidi dünya,

Mən Cıdır düzündəyəm-nə yuxudur, nə röya.

Burdan-Cıdır düzündən səslənərək dünyaya

Deyirəm:-Bu qələbə, zəfər, bu ər yoludur,

Bu yol Şuşaya gəlir, Bu yol Zəfər yoludur!