adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Sentyabr 2021 10:28
1061
ƏDƏBİYYAT
A- A+

FÜZULİNİN DOĞUM TARİXİ DOĞRU DEYİLDİR - Zəkulla Bayramlı yazır

Bu yaxınlarda dostumuz, f.f.d. Akif Azalpın ədalət.az saytında yayınlanan maraqlı bir məqaləsini oxudum. O, bu yazısında dahi şairimiz Məhəmməd  Füzulinin  əsərlərindən  özünəməxsus dəlil və sübutlar tapır, "gizli”, "örtülü” və s. tarix maddələri və "kəsişən əbcəd” kimi hesablama üsullarından yararlanaraq şairin indiyədək mübahisə doğuran doğum tarixi haqqında öz qərarını çıxarır.  Maraqlıdır ki, müəllif məşhur "Yazmışlar” rədifli qəzəlində rədif sözü əbcəd hesabıyla hesablayıb ölməz sənətkarın doğum tarixinin miladi tarixlə 23 oktyabr 1492-ci il olduğunu qəti olaraq "müəyyənləşdirir”. Belə çıxır ki, Füzuli öz doğum tarixini o zaman yalnız avropalıların işlətdiyi miladi tarixlə də gələcək nəsillərə çatdırmağı  nəzərdən qaçırmamışdır.

         Biz dəyərli alimin Füzulinin doğum tarixiylə bağlı gətirdiyi dəlillərlə razılaşmasaq da, bütün fikirlərinə hörmətlə yanaşdığımızı bildirərək bu barədə geniş polemika açmaq istəmirik. Eyni zamanda, öz yazısında bir neçə dəfə istinad etdiyi məqaləmizi, ixtisarla olsa da, oxucuların diqqətinə çatdırmaq qərarına gəldik. Beləliklə, hər iki məqaləni oxuyub nəticə çıxarmağı diqqətli oxucuların öz öhdəsinə buraxırıq.        

         Dahi sənətkarımız Məhəmməd Füzulinin bioqrafiyası, daha doğrusu, doğum və ölüm tarixi orta yüzillərdə yazılmış təzkirələrdən başlayaraq, son illərdəki tədqiqatlara qədər bir çox alimlərin diqqətini çəkmiş, bu barədə müxtəlif fifkirlər söylənmişdir. Şairimizin ölüm tarixi çağdaşı və yaxın dostu Ə.Bağdadinin öz təzkirəsində qeyd etdiyi kimi, h.963/m.1556-ci ildə baş vermiş böyük taun epidemiyasına təsadüf edir. Bu fikir Ə.Bağdadidən sonra bir çox təzkirə və tədqiqat əsərlərində də qeyd edilmişdir. Yəni Füzulinin ölüm tarixi heç bir şübhə doğurmur və müzakirə obyekti də ola bilməz.

Ölümündən fərqli olaraq, şairin doğum tarixi indiyədək bir çox tədqiqatçılarda, haqlı olaraq, şübhə doğurmuşdur. Bu da təsadüf deyil. Bildiyimiz kimi, Yaxın və Orta Şərqdə orta yüzillərdə yazılmış təzkirələrdə, bir qayda olaraq, şairlərin yalnız ölüm tarixləri qeyd olunur, doğulduğu il, ay və gün nəzərə alınmırdı. Ona görə də çox zaman bu kimi anlaşılmazlıqlar meydan çıxırdı. Yalnız bəzi yazarların neçə yaşında vəfat etməsinin qeyd edilməsi bu cür anlaşılmazlıqları aradan qaldırır, gələcək müzakirə və mübahisələrə son qoyurdu. M.Füzulinin həyat və yaradıcılığından bəhs edən təzkirələrdə isə şairimizin neçə yaşında dünyasını dəyişməsi haqda, təəssüf ki, heç bir işarə yoxdur.

Füzulinin anadan olduğu tarixin müəyyənləşdirilməsində köməyi olan ilk epik əsəri "Bəng və Badə”nin yazılış tarixi də dəqiqləşdirilməlidir. Belə ki, Füzuli tədqiqatçılarının çoxu bu əsərdəki

                                Ol ki, başlar zamanda bəzmi-fərağ,

                                Padişahlar başından eylər əyağ.

beytinə əsaslanaraq əsərin mütləq 1510-1524-cü illər arasında yazıldığını göstərirlər. Tarixdən bilirik ki, Şah İsmayıl Bağdadı 1508-ci ildə almış, 1510-cu ildə isə özbək hökmdarı Şeybani xanı məğlub etmiş, guya onun qafa tasından qədəh düzəltdirmişdi. Yuxarıdakı beytdə də məhz həmin tarixi hadisəyə işarə olunmuşdur. Öncə, onu deməliyik ki, dövrünün iki böyük tarixi fəthini görən Füzuli çox da gözləməzdi, elə həmin illərdə poemanı yazmağa başlardı. Hətta "Bəng və Badə”nin elə  1508-ci ildə – Bağdadın fəth olunduğu ildə yazılmağa başlanmasını da ehtimal etmək olar. Yuxarıdakı beyti və hadisələrin sonrakı gedişatını əks etdirən bəzi başqa misraları isə şair əsərə bəlli tarixi hadisələrdən sonra da artıra bilərdi. (Füzuli kimi kamil bir sənətkarın öz əsərləri üzərində dönə-dönə işlədiyi, bəzi artırma və qısaltmalarla təkmilləşdirdiyi şübhəsizdir).

Əgər belə deyilsə, yəni Füzuli sonradan əsərin süjet və məzmununa heç bir müdaxilə etməyibsə,  onda məsnəvinin yazılış tarixini ən uzağı, 1510-cu ilə çəkmək olar. Ancaq nəzərə alsaq ki, poemada Sultan Səlim Yavuzla Şah İsmayıl Xətayinin çəkişmə və məktublaşmalrına, hətta Çaldıran müharibəsinə və onun nəticələrinə bəzi işarələr vardır, onda bu məsnəvinin təxminən 1510-1524-cü illər arasında yazıldığını təxmin etmək olar. Qeyd etməliyik ki, akad. H.Araslı da bir vaxtlar bu fikirdə olmuşdur. Bu iki rəqəm arasından ortalama bir rəqəm götürməli olsaq, 1515-ci ili şərti olaraq Füzulnin ilk epik əsərinin yazılma tarixi kimi qəbul edə bilərik. Çünki Çaldıran döyüşündən sonra isti-isti gənc şairin Şah İsmayıla rəğbət və məhəbbətini başa düşmək olar. Sonradan zaman keçdikcə Füzulinin iki hökmdar arasında gedən çəkişmə və mübarizəyə ayıq gözlə və daha yüksək prizmadan baxdığı bəllidir. Eyni zamanda, getdikcə tale ulduzunun batması müşahidə edilən, fəal siyasi hərəkət və yürüşlərdən vaz keçən Şah İsmayıla Füzulinin əvvəlki rəğbət və məhəbbəti ağlasığmaz görünür.

Poemanın ümumi ruhu və məna-məzmun dolğunluğu göstərir ki, Füzuli bu əsəri 20-25 yaşlarında yox, 25-30 yaşlarında yazmışdır. Demək, bir çox Füzuli tədqiqatçılarının qeyd etdikləri kimi, şairin doğum tarixi təqribən 1480-1490-cı illərə təsadüf edir. Belədə Füzulinin həyat və bioqrafiyası ilə bağlı bəzi qaranlıq məsələlərə aydınlıq gətirilmiş olur. "Qəlb şairinin” "Leyli və Məcnun” məsnəvisinin yazılma tarixi əsərdəki maddeyi-tarixdən hamımıza bəllidir: h.943/m.1537-ci il. Füzulinin 1494-cü ildə doğulduğunu qəbul etsək, bu əsəri 43 yaşında qələmə aldığını təsdiqləmiş oluruq. Bu, inandırıcıdırmı? – Fikrimizcə, qətiyyən, yox.

Füzulinin farsca qəsidələri içərisində Əlvənd bəyə həsr etdiyi bir qəsidəsi vardır. A.Karahan bunun Ağqoyunlu Uzun Həsənin nəvəsi şahzadə Əlvənd Mirzəyə ünvanlandığını əsas götürərək, şairimizin bu qəsidəni məmduhuna 1500-cü il hüdudlarında verdiyini düşünür. Çünki əmisi oğlu Sultan Muradla Ağqoyunlu dövlətini iki yerə bölən Əlvənd Mirzə bir müddət Azərbaycan, İran və Diyarbəkirdə hökmdarlıq etmiş, 1502-ci ildə Şah İsmayıl tərəfindən məğlub olduqdan sonra edam edilmişdir. Bəzi tarixi qaynaqlarda Əlvənd bəyin hökmranlıq illəri (1497/98-1502/04) fərqli göstərildiyindən, Karahan həmin qəsidənin yazılma və təqdim tarixinin müəyyənləşdirilməsinin müşkül olduğunu bildirir və ortalama bir hesabla 1500-cü ili götürür. "Hal böylə olunca Füzulinin doğum tarixini yenidən təsbit zərurəti” görən araşdırmaçı alim nəhayət "son fikir” olaraq h.885/m.1480-ci il üzərində dayanır.

Maraqlıdır ki, Füzuli müxtəlif əsərlərində bir neçə dəfə 50 il hz. Əlini mədh etdiyini dilə gətirir. Məsələn, Hindistan hökmdarı Nizamülmülkə həsr etdiyi bir farsca oaln bir qəsidəsində bunu açıqca deyir:

                         "Ey sərvərim, nə müddətdir, övliyalar şahının məddahıyam,

                         Mənqəbə yazmaqda əlli il vaxt sərf etmişəm.

                         Bu ali dərgahda mənim tağlar kimi sabitliyimə

                         Bir şahid olmasa da, "dal” hərfi kimi ikiqat qəddim kafidir”.

                         (sətri tərcümə bizimdir).                

Maraqlıdır ki, H.Araslı bu misralardan "şairin tez qocaldığının meydana çıxdığı” qənaətinə gəlir və nədənsə onun "əlli il Əli mədhində şeir yazmaq iddiasını şairanə mübaliğə” hesab edir. "Əlli il” ifadəsinin "çoxdandır” mənasında işlədildiyini bildirir.

Qəribədir, Füzulinin həyat və ömür yolunu doğru-dürüst yazmaq üçün çağdaşlarının onun haqqında ən kiçik bir işarə və tarixi vəsiqəsinə möhtac olduğumuz bir vaxtda, görəsən, nəyə görə şairin özünə inanmamalıyıq?

M.Füzulinin Azərbaycanda nəşr edilməyən farsca bir qəsidəsində də  eyni fikir bir az başqa şəkildə təkrar edilir. Hz. Əlinin şərəfinə yazılmış olan həmin qəsidədə deyilir:

           ...Ya əmirəlmöminin, əlli il müddət oldu ki,

           Füzuli cənabi-həqdən səni tərif etmək üçün ilham almışdır.

           ...Qamətini qocalıq qırmışdır, ancaq şükürlər edir

           Ki, onun başı bu dərgahda ayaq torpağıdır.

          ...(O) sənin dərgah torpağında qocaldı və bunun üçün də

          Dövranın minnət yükü altında beli bükülüdür.

             (sətri tərcümə bizimdir).

Bundan başqa, farsca divanındakı "Dorre-sədəfe-sedq cənabe-motəvəlli” misrası ilə başlayan ilk qitəsindəki sözlər də bu fikrimizi dolayısıyla təsdiq edir. Burada "əlli il” ifadəsi işlənməsə də, "Ətəbati-aliyədə” xidmətdə keçən "bir ömürdən”, qoca şairin ömrü boyu müqəddəs ocaqdan maaş almasından danışılır. Özü də bu "cavanbəxt qocaların” xidmətində "fələyin beli bükülmüş, səsləriylə dünya dolmuşdur”.

            ...Bir ömürdür ki, məqbərə sakinlərinin beyni

            Onun nəciblik rayihəsi ilə ətirlənmişdir.

            ...Bizim xidmətimizdə fələyin beli bükülmüş,

            Avazımızla dünya başdan-başa dolmuşdur.

            Biz Peyğəmbər ailəsi qapısında ruzi yeyənlərik,

            Bir ömürdür kibu təqaüdü alırıq.

             (sətri tərcümə bizimdir).

Göründüyü kimi, müxtəlif məqamlarda müxtəlif şəkillərdə Füzuli eyni fikri dilə gətirirsə, yəni "Ali-Rəsulun qapısında bir ömür xidmət etməsini”, orada qocalıb-ixtiyarlaşmasını açıqca deyirsə, bunu yalnız şair mübaliğəsi saymaq haqsızlıq olar.

Böyük şairin ayrı-ayrı qəzəl, qəsidə və rübailərində də çox qocaldığına, belinin əyildiyinə, saç-saqqalının tamamilə ağardığına işarə edən misra və beytlərlə qarşılaşırıq. Məsələn, türk divanındakı "Unut” rədifli qəzəldə deyir:

                   Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyanı unut! 

                   Baliğ oldun, gəl rəhimdən içdiyin qanı unut!

                   Verdi rehlətdən xəbər muyi-səfidü ruyi-zərd,

                     Çöhreyi-gülgun ilə zülfi-pərişanı unut!  

Birinci beytdə "baliğ olmaqdan” – həddi-büluğa (yetkinlik yaşına) çatmaqdan söhbət gedirsə, ikinci beytdə artıq ağ saçlarla sarı üzün ağır köçdən, yəni ölüm səfərindən xəbər verməsi vurğulanır. Razılaşaq ki, hər saç-saqqalı ağarmış adam ölüm səfərindən danışmaz. Bu, o dövr üçün ən azı 60-dan yuxarı, 70-ə yaxın yaş həddinin düşüncə-danışıq forması ola bilər.  

         Fars divanındakı bir qəzəldə də oxşar misralar vardır. Qəzəlin son beyti belədir:                         

                       Ey qocalmış Füzuli, cahandan kam arama,

                       Tez keç ki, dünya gənclikdəki kimi ləziz deyildir.

         Türk divanındakı bir qitədə isə şair "saçının ağardığını, ömründən bir dəm qaldığını” yenə xatırladır:

 

                         Saç ağardı, gəl, yetər mirati-bəxtin tirə qıl,

                         Ömrdən bir dəm ki, qalmış, eylə istiğfarə sərf.  

         Türkcə bir rübaisindən də Füzulinin qocalıb pir olduğunu öyrənirik. Rübaidə deyilir:

                            Əfğandır işim sərvi-xuramanın üçün,

                            Qandır cigərim ğönçeyi-xəndanın üçün.

                            Eşqində ğəmü ğüssə çəkib, pir oldum,

                            Mən pirə tərəhhüm et igit canın üçün.

Yeri gəlmişkən, çağdaşı və yaxın dostu olmuş Əhdi Bağdadi də öz təzkirəsində Füzuli haqqlnda danışarkən onu "ol piri-nikuxisal” (o xoş xasiyyətli qoca) adlandırır.

         Türkcə bir qəsidəsində də şairimizin "şikəstə qamətindən” və "ömrünün sona çatmasından” söhbət açılır:

                       Tərəhhüm et ki, məni qaməti-şikəstə ilə,

                       Bənəfşeyi-çəməni-dərd qıldı bari-ina.

                       ...Diriğü dərd ki, əncamə yetdi ömr, hənuz,

                       Xərabi-badeyi-zərqəm, əsiri-dami-həva.

Həzrət Əli mədhində farsca yazdığı bir qəsidəsində isə şair yenə həmin müqəddəs məqbərələrdə öz gəncliyini sərf etdiyini, ancaq bununla kifayətlənmədiyini, bu işdə belini büküb qocaldığını bir daha xatırladır:

                      Əgər xidmətində gəncliyimi sərf etdimsə də,

                      Bu xidmətlə kifayətlənmək yaxşı deyil.

                      Qoca yaşımda o yaxşıdır ki, dərgahına atım

                      Bükülmüş qəddimi, sınıq sümükləriimi həsir kimi.

                      Davam (etmək) niyyəti ilə qoymaq istərəm

                      Dərgahına başqa (bir) tağ (günbəz) ikiqat qamətimdən.

                           (sətri tərcümə bizimdir).

Ərəb dilində qələmə aldığı bir qəsidəsində isə Füzuli tamamilə qocaldığını, dünyadan doyduğunu, daha heç bir arzu və muradı qalmadığını söyləyir:

                         Qocalmışam, daha yoxdur muradım aləmdə,

                         Mənə əvəz doğa bilməz qısır qalan dövran.

Yəqin razılaşarsınız ki, orta yüzillərdə 50-60 yaşlarında olan hər  adam belinin ikiqat büküldüyünü, həyatdan əlini üzdüyünü, artıq dünyada heç bir arzu-istəyinin qalmadığını söyləməzdi. Bu, yalnız Füzuli kimi müdrik və ağsaqqal, dünyanın hər üzünü, isti-soyuğunu görmüş və ən başlıcası 70-75 yaşı adlamış ahıl qocalara aid edilə bilər.            

         Məşhur "Fəzliyə nəsihət” qəsidəsində də şair oğlunun yolunda bütün ömrünü sərf etdiyini, artıq cisminin zəiflədiyini, yükünün ağırlaşdığını ayrıca qeyd edir.   Buradan belə nəticəyə gəlmək olur ki, Füzuli, həqiqətən də, gec evlənmiş, uşağı da gec doğulmuşdur. Ona görə də oğlu Fəzlinin təxminən 20-30 yaşlarında müstəqil bir şair kimi tanınması şairin qocalıb zəiflədiyi dövrə düşmüşdür. A.Karahanın da qeyd etdiyi kimi, "...kəndisi həyatda ikən oğlunun üç dillə şeir yaza biləcək qüdrətdə yetişməsi də yaşlılığına ve uzun ömrünə bir dəlil sayıla bilər”.           

         Həmin divanın son qəzəlində isə həddindən artıq yaşlanmasına, dünyadan əl-ətək üzməsinə, hətta yaşamaqdan bezməsinə işarə edən misralar vardır. Başdan-başa bədii sual-xitablardan qurulmuş, şairin özünə müraciətlə yazılmış həmin qəzəl sanki bu dünyadan nəfsini, gözünü çəkmiş Füzulinin özünə və ümumən insanlığa  son sözü, son çağırışı kimi səslənir:

                    Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?

                    Ağardı muyi-sər, sövdayi-zülfi-yar yetməzmi?

                    Yetirdi başını gərdun ayağə bari-möhnətdən,

                    Xəyali-həlqeyi-giysuyi-ənbərbar yetməzmi?

                    Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,

                    Həvayi-çeşmi-məstü ğəmzeyi-xunxar yetməzmi?

                    Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,

                    Nə durmuşsan, tamaşayi-güli-rüxsar yetməzmi?

                    ...Hidayət mənzilinə yetdilər səyilə əqranın,

                    Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?

                    Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,

                    Tutan damani-şəri-Əhmədi-Muxtar yetməzmi?

         Füzulinin öz həyatı, məişəti və bioqrafiyasına işıq salan bu kimi misra və beytlər başqa qəzəl və qəsidələrində, qitə və rübailərində az da olsa dağınıq halda vardır. Bütün bunları daha diqqətlə sistemləşdirib şairin doğum tarixini dəqiqləşdirmək və ədəbiyyat tarixlərində düzəlişlər aparmaq füzulişünaslıq elmimiz qarşısında duran vəzifələrdəndir. Biz hələlik bu məlumatların səpələndiyi bəzi misra və beytləri göstərməklə dahi sənətkarımızın doğulduğu ili az-çox dəqiqləşdirmək istədik. Bizə qədər bu barədə deyilmiş fakt və fikirləri də saf-çürük edərək bu nəticəyə gəlirik ki, Füzuli təxminən 1480-85-ci illərdə Kərbəlada doğulmuş, boya-başa çatmış, ilk təlim və təhsilini də orada almışdır. Sonralar Hillə, Nəcəf və Bağdad şəhərlərində də bir müddət yaşamış, uzun müddət Ətəbati-aliyatda xidmət etmiş, öləndə də doğma şəhəri Kərbəlada  torpağa tapşırılmışdır.    

Bir daha təkrar edirik; bütün əsərlərini diqqətlə oxuyub təhlil etdikdən, həyatı və şəxsiyyəti haqqında özünün və təzkirəçilərin verdikləri az-çox məlumatlarla yaxından tanış olduqdan sonra bu nəticəyə gəlirik ki, həqiqətən də, "...Füzuli olduqca uzun sürən bir həyat yaşamış, ixtiyar denəcək yaşda ölmüşdür”. Deməliyik ki,  ölkəmizdə Füzulinin şəxsiyyəti və poeziyası haqqında ilk tutarlı tədqiqat müəllifi F.Köçərli vəfat tarixinin dürüst məlum olmadığını bildirsə də, onun "bəzi rəvayətə görə yetmiş sənəyə qədər yaşadığını, "...ömrünün müsinn çağında dari-bəqaya rehlət etdiyini” ayrıca vurğulayır. Yuxarıda tez-tez istinad etdiyimiz türk alimi A.Karahan isə öz fundamental tədqiqatının sonunda yeni tapılmış vəsiqələr əsasında şairimizin 1480-ci illər hüdudlarında doğulması və hətta 75 il qədər uzun sürən bir ömrə malik olması qənaətinə gəlir.   

Füzulinin indiyədək əldə olan miniatür və XX yüzildə rəssamlar tərəfindən çəkilmiş şəkilləri də bu fikri bir daha təsdiqləyir. Yeri gəlmişkən, akad. Rafael Hüseynovun son illərdə çap edilmiş, şairimizin həyatı, yaşam tərzi və yaradıcılıq psixologiyası barədə özünəməxsus  düşüncələrlə zəngin olan "Yoxdan var” adlı kitabında  şairin müxtəlif dövrlərdə müxtəlif miniatürçü və rəssamlar tərəfindən çəkilmiş bu cür çox müxtəlif şəkilləri verilmişdir. Bu şəkillərin də, demək olar ki, hamısında o, qoca, düşkün və ixtiyar bir kişi kimi təsvir olunmuşdur. Nə qədər yaşından daha yaşlı görünsə, erkən qocalsa”  da, "damar-damar olmuş qoca əllərə, qırış-qırış olmuş bir alına oxşayan” bəzi qəzəlləri "üzücü, əzablarla yaşanmış bir ömrün son ucunda illərin büküb kiçiltdiyi, bir yumağa döndərdiyi sınıxmış, əldən düşmüş bir qocanın zarıya-zarıya söyləməsi” təsiri bağışlayır.  Belə olan halda, Şərq lirik poeziyasının misilsiz ustadı Mövlana Məhəmməd Füzulinin doğum tarixinin ədəbiyyat tarixi və dərsliklərində dəyişdirilərək düzəldilməsi, fikrimizcə, çox yerinə düşərdi. Bir də təkrar edirik: Sovet dövründən qalma ənənə olaraq, bir çox klassiklərimiz kimi, Məhəmməd Füzulinin də süni surətdə "gəncləşdirilməsinə” heç bir ehtiyac yoxdur.

                                

                                            ƏDƏBİYYAT

 

1. A.Karahan. Fuzuli: muhiti, hayatı ve şahsiyeti. Ankara, 1989.

2. F.Köçərli. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I c. Bakı: Elm, 1978.

3. H.Araslı. Böyük Azərbaycan şairi Füzuli. Bakı: Uşaqgəncnəşr, 1958.

4. Füzuli. Əsərləri. 5 cilddə, Bakı: Elm, 1958-1985.

5. Azərbaycan füzulişünaslığının qaynaqları (Toplayanı, tərtib edəni və ön sözün müəllifi G.Əliyeva-Kəngərli). 3 cilddə, II c. Bakı: Təhsil, 2011.

6. R.Azadə. Seçilmiş əsərləri. 2 cilddə, II c. Bakı: Elm, 2014.

7. Divane-farsi Fozuli. Be ehtemam: Həsibe Mazi oğli. Tehran, 1374.  

8. R.Hüseynov. Yoxdan var. Bakı: Elm və Təhsil, 2014.

 

Zəkulla Bayramlı , f.f.d. dosent: