adalet.az header logo
  • Bakı 19°C
27 Sentyabr 2021 16:08
1503
ELM VƏ TƏHSİL
A- A+

Sinif otağına şəhid adı verildi - FOTOLAR

Füzuli rayonu 56 nömrəli tam orta məktəbinin ikinci sinfinin otağına Şəhid Səbuhi Sadıqovun adı verilib. Tədbirdə Şəhidin ailə üzvləri, millət vəkili Aqil Abbas və təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər. 

Qeyd edək ki, sinif otağının qapısına Şəhid haqqında məlumatı özündə əks etdirən lövhə asılıb.  Sinif otağında şəhidin guşəsi yaradılıb. Və orada S.Sadıqovun şəxsi əşyaları nümayiş etdirilir. 

Tədbirdə çıxış edən natiqlər şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan Vətən övladlarının xatirəsinin daim ehtiramla yad olunacağını bildirən çıxışçılar təhsil prosesində bu cür təbliğ və maarifçiliyin şagirdlərin gələcək həyatında mühüm rol oynayacağını bildirdilər. 
Tədbir çərçivəsində məktəbin şagirdləri şerlər səsləndirdilər və şəhidlərimizlə qürur duyduqlarını xüsusi qeyd etdilər. 

Xatırladaq ki, əslən Füzulidən olan Səbuhi Sadıqov 1996-cı ildə Biləsuvar rayonunda anadan olmuşdur. Uşaqlıq yaşlarından idmana böyük həvəsi olan Səbuhi kişik yaşlarından idmanla məşğul olmuşdur. Sərbəst güləşlə məşğul olan S.Sadıqov Azərbaycan Güləş federasiyasının milli yığmasının üzvü olub. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəclərlə təltif olunmuş, çempion adını qazanmışdır. Bununla yanaşı Səbuhi ultimax döyüş növləri federasiyasının da üzvü olub. Azərbaycan Respublikasının xüsusi təyinatlı qüvvələrində hərbi xidmət keçmiş Səbuhi 28 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə könüllü olaraq yollanıb.  Ailəsi ilə “vətən dardadı” deyərək sağollaşan S.Sadıqov “dua et ana, mən arzuma çatım” sözlərini demişdir. 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikası xüsusi təyinatlı qüvvələrində kəşfiyyatçı kimi 37 gün xidmət etmişdir. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Laçında qəhrəmancasına şəhid olmuşdur. 
Noyabrın 5- də Füzuli rayonunun Əhmədbəyli kənd qəbirstanlığında dəfn olunmuşdur. 
     

Ölümündən sonra "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə" və  "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.