adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS: SOVET LƏĞV OLUNUB EY,  KƏND YOX

AQİL ABBAS
1648 | 2021-09-28 13:45

Axır ki 98 yaşı olan  Kənd qəzeti yenidən «Aqroinfo» adı ilə fəaliyyətə başladı. Əvvəla qəzetin redaktoru Sabir Hüseynov  başda olmaqla,  kollektivi  təbrik edirik. Elə  ilk sayından  qəzetin  məqsədi və məramı  aydın olur. Vaxtilə bu qəzetin dədəsi «Sovet  kəndi» adlanırdı, həftədə  3 dəfə 300-350 min tirajla nəşr edilirdi. Əsasən kəndlilərin  ən çox bəhrələndiyi, sevdiyi və oxuduğu  qəzet idi. Sonra  rəhmətlik  Nəriman Zeynalov bu qəzetə baş redaktor təyin olundu və «Sovet kəndi» həm də ziyalıların  qəzeti oldu.  Ayrıca bir ədəbiyyat, daha dəqiq  desək, mədəniyyət şöbəsi yaratdı,  şair  Vaqif  Bəhmənlini ora şöbə müdiri  qoydu. Və  bu mədəniyyət şöbəsi də Azərbaycanın  ən tanınmış  ədəbiyyat, mədəniyyət  işçilərini özünə cəlb elədi. Yəni  «Sovet  kəndi» təkcə   kənd qəzeti  yox, ölkə ziyalılarının da mətbu orqanı kimi  fəaliyyətə  başladı.

Bu qəzet kənd təsərrüfatında  məşhur  olanların  hamısı üçün az qala bir dərslik  vəsaiti idi. Azərbaycanın ən  tanınmış  akademikləri, alimləri bu qəzet  vasitəsilə kənd  təsərrüfatında  çalışanlara  məsləhətlər verər və hansı problemləri  necə həll etməyin  yollarını  göstərərdi. Sovet dağılandan sonra bir çox mətbu orqanlar da fəaliyyətini  dayandırmağa  məcbur oldu.  Hansı qəzetsə  ideoloji   məsələlərə görə, hansısa  maliyyə sıxıntılarına  görə  və sair və ilaxır.

Bu gün də Moskvada «Komsomolskaya pravda», «Moskovskaya  komsomolets», «Pravda», «Selskaya  jizn» və s. qəzetlər  öz fəaliyyətini  davam  etdirir. Bizdə «Kommunist» bağlandı, nə yaxşı ki adını  dəyişib  «Xalq» qəzeti kimi fəaliyyətini  davam etdirdi. Çox təəssüf ki, ən yüksək tirajlı (600 min) «Azərbaycan gəncləri» qəzeti fəaliyyətini  dayandırdı. Balam, Azərbaycan da   yerində idi, gənclər də yerində idi, komsomol ləğv olunmuşdu da, gənclik ki  ləğv olunmamışdı? «Pioner» jurnalı  bağlandı , yaxşı ki sonra  Vasif  Quliyev bu jurnalın  adını dəyişib  «Günəş» qoydu və bu gün də fəaliyyətini  davam etdirir. «Azərbaycan pioneri»  qəzeti  bağlandı, pioner   təşkilatı ləğv olunmuşdu, amma cocuqlar ki  ləğv olunmamışdı?

Hamımızın həsrətlə  gözlədiyimiz «İdman» qəzeti də  yoxa çıxdı. Nə yaxşı ki bu sahə  boş qalmadı, «Futbol+» qəzeti  və  digər   saytlar  bu  boşluğu   doldurdular.

Qayıdaq  söhbətimizə. «Sovet kəndi» bir ara  adını dəyişib  «Həyat» qoydu, «Bərəkət» qoydu, sonra da  fəaliyyətini   dayandırdı. Yenə deyirəm, Sovet  dağılmışdı, kənd dağılmamışdı. Kolxozlar  dağılmışdı, amma  kəndlilər   dağılmamışdı. Əkirdilər,  biçirdilər və amma onlara  kömək edən, yol göstərən  qəzet  artıq  yox idi. Və kənd təsərrüfatı üzrə  mütəxəssislər də azlıq edirdi.

Mən bir müddət «Sovet kəndi»ndə şöbə müdiri  olmuşam. Bəlkə o qəzetdə  mindən artıq  məqalələr, oçerklər  yazmışam, mütəxəssislərin  yazılarını  redaktə  edib çap etmişəm.  Mənim  vaxtımda   qəzetin  redaktoru Asif Quliyev  idi. Özü kənddən  çıxmış, kəndi çox gözəl bilən, Moskvada Ali   Partiya  Məktəbini  bitirmiş mütəxəssis idi. Nəriman  Zeynalovun  yolunu da  davam etdirirdi. Kənd təsərrüfatı üzrə ən böyük  alimləri redaksiya  heyətinə cəlb etmişdi. Kollektivdə də istedadlı  jurnalistlər  çalışırdı. Və tez-tez alimləri redaksiyaya dəvət edərdi və onlar da biz gənclərə məsləhətlər verərdi -  nəyi yazmaq  lazımdı, necə yazmaq  lazımdı və sair və ilaxır. Bir baxın  görün  həmin  vaxt  qəzetdə kimlər  çalışırdı: Əkbər Rəhimov, Arif  İsmayılov, Müzəffər Məlikməmmədov, Sədaqət Kərimova, Vaqif Bəhmənli, Mehman Cavadoğlu, Loğman  Rəşidzadə, İnqilab  Həsənli, Müştəba Əliyev, İltizam Rüstəmov,  bəndəniz, Kərim  Rəfizadə  kimi məsul katib, Azərbaycan  jurnalistikasına  möhürünü   basmış Şahin  Quliyev, Nəsib müəllim  (ölənlərə  Allah  rəhmət eləsin, qalanlar  bu gün də  mətbuatda  söz sahibidirlər). Az qala  yadımdan çıxmışdı,  Rüstəm  məsul katib müavini, fotoqrafımız Bulud, kənd təsərrüfatını  gözəl  bilən  Həsən Hüseynov (ağsaqqalımız), Mehman müəllim…

Yəni belə bir güclü  kollektivi olan  qəzet  idi «Sovet  kəndi».

Sonra bu  qəzeti Sabir Hüseynov  davam etdirmək  istədi, amma çox təəssüf ki,  Kənd Təsərrüfatı  Nazirliyinin başı «hər şeyə» qarışsa da, qəzet  xeyir vermədiyinə  görə  əlini   qəzetin  üstündən  çəkdi və nəşri  1923-cü ildə başlayan bu mətbu  orqan  fəaliyyətini  dayandırdı. Belə demək  mümkünsə, kəndlilərimiz  qəzetsiz qaldı.

Və bu gün gördüm ki, «Sovet  kəndi» qəzeti «Aqroinfo» adıyla  Sabir  müəllimin  redaktorluğu ilə  yenidən  fəaliyyətə  başlayıb.  Çox sevindim. Deməli, artıq  kəndlilərimizin də qəzeti olacaq.

Qəzetin  təsisçisi Kənd Təsərrüfatı Nazirliyinin  tabeliyində ATM publik  hüquqi  şəxsdir. Heç olmamaqdansa olması  məsləhətdi. Amma niyə hər bir nazirliyin, komitənin özünün  sahə  qəzeti  olduğu halda,  Kənd Təsərrüfatı Nazirliyi də bu qəzeti  özünün   sahə  qəzetinə  çevirməsin? Yəni  qəzet  hər hansı bir  publik  hüquqi şəxsin yox, niyə birbaşa nazirliyin  tabeliyində olmasın?

8 səhifəlik  qəzeti  vərəqlədim, bir köhnə   qəzetçi kimi, gördüm qəzet  üzərinə düşən  missiyanı  çox gözəl yerinə  yetirib.

İndi söz kənd təsərrüfatı  naziri   İnam Kərimovundu. Bu qəzetin  təsisçiliyini  öz üzərinə götürsün, kollektivini  yığsın və tirajını  artırsın. Heç olmasa  hər bir  kənd bələdiyyəsinə birini  göndərə  bilsin ki, kəndlilər də bu  qəzetdən istifadə edə bilsin.

TƏQVİM / ARXİV