adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Sentyabr 2021 14:14
1997
ƏDƏBİYYAT
A- A+

Darıxmaq... - Banuçiçək Araz yazır

Gənc insanların kədər içində qıvrılmağı məni çox incidir. Unudun!!! Demək istəyirəm hər zaman – bilirəm ki, mümkün deyil. Fərq eləmir kim, hansı yaşda itirir valideynlərini... Ağrı eynidir. Amma bu çətin dövrdə –savaşın, xəstəliklərin insanları, yaxınlarımızı bizdən alıb apardığı bu zamanda, labüd, olacaq olayların ağrısını təkrar-təkrar yaşamaq da ağırdır çox... Bizə analarımızın bəxş etdiyi bu həyatı doya-doya yaşamalıyıq. Nə varsa, nə verilibsə... Banu, əziz balam, içindəki sıxıntını çox gözəl anlayıram... Biz həyat haqqında heç nə bilmirik. Qəlbimizdə yalnız sevgi varsa, deməli, bu sevgini bizi sevən insanlara ötürə bilirik. Sevgi bitməyən, itməyən enerjidir.

Bu enerjini oğlun üçün, səni sevən bacıların, atan üçün qoru... Nə qədər verilibsə. Nə varsa ...

Bibin İradə...

                                                                           ***

Darıxmaq...

 

Kaş var olsaydın, götürsəydin yüklərimi üstümdən. Yox, elə bilmə ki, varlığını səni yormaq üçün arzulayıram. Hər nə qədər çoxları məni elə hey eqoist adlandırıblarsa da sən belə düşünməzdin. Bilirəm, unutmamışam söhbətlərimizi, ağlımdasan, ruhumdasan. Həmişə inanmışam ki, yanımdasan – elə indi də görürsən məni. Bilirsən ki, "eqoistliyimdən" axtarmıram səni...

Amma kaş mən də səni görə biləydim, sarılsaydım doyunca. Doymağım mümkün olardımı səndən?

Çox darıxıram, amma, yox, tələsmirəm yanına gəlməyə, hətta qorxuram mən də sənin kimi tez gedərəm, mən də oğlumu yarımçıq qoyaram deyə. Qorxuram o da bizim kimi yarım qalar. Amma kaş səni görə biləydim, gələ biləydin, yaxşısı heç getməzdin. Darıxıram... yaman darıxıram. Getməsəydin bu qədər fikrim də olmazdı, çarəsizliyim də, heç yüküm də olmazdı. Görəsən, bilirsənmi çox yorulmuşam, çox yanılmışam. Nə insanları başa düşə bilirəm ki, üzü nədir, astarı nə?.. Nə də hadisələri anlaya bilirəm ki, nədən baş verir? Nəyə lazımdır? Bu beş günlük dünyada bu qədər "dünyaçılıq" nəyə lazımdır? Kaş bizlə qalaydın və suallarıma cavab verəydin. Heç onda bu suallarım, çarəsizliyim də olmazdı yəqin. Sevilməyə bu qədər ac da qalmazdım... Kaş hardasa uzaq bir ölkədə yaşasaydın, mən də bu məktubu sənə göndərərdim. Oxuyub, cavab da verərdin. Uzaq da olsan sevgini ötürərdin... Bu "kaş"lar da çox ağırdı... İllər keçir, həsrətin elə hey artır, illər keçdikcə yoxluğun dərinləşir, "vaxt keçdikcə öyrəşərsən, yaradır, qaysaq bağlayar"- deyənlər yalan demişdi. Vaxt keçir, illər ötür, yoxluğun daha çox görünür, daha çox incidir. Düzünü bircə tanımadığım bir qadın deyibmiş, məni qucaqlayıb guya təsəlli vermişdi – "hələ bu harasıdır, illər keçdikcə anlayassız, siz böyüdükcə böyüyəcək dərdiniz, əsas onda tökəcək gözünüzün yaşı". Onda cox pis olmuşdum bu sözə, hələ acığım da tutmuşdu ki, mən əzab çəkirəm, ruhum belə ağrıyır bu itkiyə, nəfəsim kəsilir, amma kimsə gəlib deyir “yox, basa düşmürsən...” İndi anlayıram dediklərini, nə qədər haqlı idi. Zaman keçir, yoxluğunun ağrısı artır. Boşluğunu doldura bilmirəm, gücümü toplaya bilmirəm. Böyümüşəm, ana da olmuşam yenə də yerini doldurmağı bacarmıram. Amma yaxşı ki doğulmusan, gəlmisən bu dünyaya – getməsəydin, indi doğum gününü hüzünlə yox, sevinclə qeyd edərdik. Ucalnan tortunun şamlarını üfləyərdiniz, o da elə cığallıq edərdi ki, yox, təzədən yandırın, bir də üfləyim. Beləcə, bu şam mərasimi də uzanıb gedərdi... Səni çox sevirəm, sənin yaşaya bilmədiyin uzun, sağlam, xoşbəxt həyatı sənin doğum günündə sənin yerinə bizə – sənin sevimli qızlarına arzulayıram. İnşallah, sənin balaca əkizlərin də ruhunu ovudacaq sağlam, xoşbəxt həyat yaşayar. Dedim axı, Ucalı tək qoymaqdan qorxuram. İnşallah, onun yoluna işıq ola bilərəm, onun xoşbəxtliyini, gözəl həyatını görə bilərəm. Zamanı çatanda yanına da rahatca gələrəm, sənə doyunca sarılaram... Yenə eqoistlik elədim, sənin günündə özümə arzu tutdum... Məncə, sən hər şeyi bilirsən – sevgimi də, sənə duyduğum ehtiyacı da, sənə olan həsrətimi də, ürəyimi də. Uzun sözün qısası, elə darıxmışam kı... Darıxmışam...

 

Banuçiçək Araz