adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Oktyabr 2021 12:53
1873
ƏDƏBİYYAT
A- A+

“Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür”

Vəfa Xanoğlan

Sənətşünaslıq elmlər doktoru

 

Hər il oktyabrın 3-də XX əsr Azərbaycan ədəbiyyatının klassiki, unudulmaz sənətkarımız, xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevin xatirə günü qeyd olunur. O, Qarabağ uğrunda mücadilə illərində dünyasını dəyişdi. Ustad sənətkar mübariz bir fədai kimi əlində qələm – son günlərinəcən bu müqəddəs savaşın önündə oldu və ürəyi bu dərdə dözmədi. “ Torpaq bizə əmanətdir, onu gözümüz kimi qorumalıyıq “ deyən sənətkar öz əsərləriylə canı qədər sevdiyi xalqını qəhrəmanlığa, vətənpərvərliyə, vətən və torpaq təəssübü çəkməyə səsləyib. Bunun üçündür ki, sənətkarın milyonlarla oxucu, tamaşaçı və dinləyici auditoriyası var. İlyas Əfəndiyev doğma xalqına, onun iztirablarına, sevincinə, arzu və istəklərinə daima sadiq qaldı. Onun yaratdığı obrazlar qalereyası canlıdır, təbiidir. Və bu obrazlardakı özünəinam, fədakarlıq, mərdlik, təəssübkeşlik doğma xalqımızdan, sənətkarın öz şəxsiyyətindən, təbiətindən irəli gəlir. 82 illik ömrünün 60 ilindən çoxunu bədii ədəbiyyata həsr etmiş ünlü sənətkarın dünya dramaturgiyasını zənginləşdirən həmişəyaşar əsərləri onu dünya miqyasında tanıtdı. Əsərləri ingilis, alman, türk, fransız, ərəb, rus, fars, çex, polyak, slovak, bolqar, macar, ispan, litva, eston, gürcü və s. xalqların dillərinə tərcümə olunub. Və bu əsərlər aktuallığına, bədii – estetik özəlliklərinə görə maraqla oxunur. Sevindirici haldır ki, İlyas Əfəndiyevin oxucu auditoriyası öz çevrəsini mütəmadi olaraq genişləndirməkdədir. Təbii ki, zaman keçdikcə mütəfəkkir sənətkarın yaradıcılığına olan maraq və sevgi daha da artır.

İlyas Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatrın inkişafına güclü təsir göstərdi. Azərbaycan teatr poetikası bədii – estetik siqlətini geniş anlamda “ İlyas Əfəndiyev teatrı ” nda tapdı. Dramaturqun teatr mədəniyyətimizdəki rolu əsasən üç istiqamətlə bağlı olmuşdur: yeni repertuar, yeni rejissor üslubu və yeni aktyor məktəbi. İlyas Əfəndiyevin pyesləri Moskva, Sankt Peterburq, Almatı, Səmərqənd, Aşqabad, Tiflis, Vilnüs, Mahaçqala, İrkutsk, İstanbul, Ankara və s. şəhərlərdə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. Türkiyənin məşhur rejissoru Kənan İşıq demişdir ki, “ Siz bu iki tamaşa ilə

( söhbət “ Sevgililərin cəhənnəmdə vüsalı ” və “ Bizim qəribə taleyimiz ” tamaşalarından gedir) bütün Avropa ölkələrini gəzə bilərsiniz. Çünki bu əsərlərdə qaldırılan problemlər millətindən asılı olmayaraq bütün insanlara aiddir ”. Dramaturqun tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir.

“ Həqiqi sənətkarın taleyi həmişə öz xalqının böyük taleyi ilə bağlı olmuşdur ” – deyən sənətkarın keçən əsrin 70 – 90 cı illərdə qələmə aldığı “Mahnı dağlarda qaldı” (1971), “Xurşidbanu Natəvan” (1981),  “Şeyx Xiyabani” (1986),  “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991),  “Dəlilər və ağıllıar” (1992),  “Hökmdar və qızı” (1994) dramları tarixə yeni təfəkkürlə yanaşması, yeni münasibəti, xalqımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır.Dramaturqun tarixi dramları özünün bədii – fəlsəfi fikir dərinliyi, milli problematikanın muasirliyi, yüksık mənəvi - əxlaqi dəyərlərə malik qəhrəmanları ilə yaradıcılığında xüsusi yer tutur. Onun hər yeni pyesi teatr mədəniyyətində hadisəyə çevrilmişdir. Milli idrakı, milli düşüncəni, istiqlaliyyət və azadlıq ideyalarını gücləndirmək baxımından bu tarixi dramlar xalqın milli azadlıq hərəkatına güclü təsir göstərirdi. Ümummilli lider Heydər Əliyev dramaturqun “Hökmdar və qızı” tamaşasına baxdıqdan sonra onun dramaturgiyasını təhlil edərək dəyərli fikirlər söyləmişdir: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini, ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır. ”

İlyas Əfəndiyevin yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur.

Yazıçının Qarabağın həyatından və tarixi keçmişindən bəhs edən “Geriyə baxma, qoca,” “Üçatılan” romanları, “Hacı Axundun cənnət bağı necə oldu?,” “Çovğunlu bir qış günündə,” “Orfey quyudan çıxandan sonra nə gördü,” ”Xan qızı Gülsənübərlə tarzən Sadıqcanın nağılı”,”Qaçaq Süleymanın ölümü”,”Şuşa yollarında “ və s.povest və xatirə-esseləri bu mövzuya həsr olunmuşdur. Görkəmli ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazırdı:

“Qarabağın tarixi barədə klassik sənədlər – yeddi” Qarabağnamə” var.

Bütünlükdə İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci “Qarabağnamə” hesab edirəm. Qarabağın taleyi və gələcəyi barədə düşüncə, nigarançılıq və həsrət bu “Qarabağnamə” dən həmişə eşidilib.”

Unudulmaz ədibin “adsız,yarımçıq və sonuncu əlyazması”( xalq yazıçısı Elçin bu adsız əlyazmasına şərti bir ad qoyub: “Qarabağnamə” dən son səhifələr”) keçən əsrin iyirminci illərində Qarabağ elatının həyatından bəhs edir. Yazıçı təsvir etdiyi tarixi dövrə, xalqın adət - ənənəsinə, Qarabağ elatının bütün etnoqrafik xüsusiyyətlərinə, müxtəlif obrazların daxili aləminə dərindən bələdliyindəndir ki, bu əsərlər bir nəfəsə oxunur və yadda qalır. Tarixi keçmişimizə müasirlik mövqeyindən yanaşan sənətkar yazırdı: “Uzaq və yaxın dünənimizə, milli – mənəvi mənliyimizə mən heç vaxt direktivlərin, proqramların, ayrı – ayrı dövlət rəhbərlərinin iradəsinin və istəyinin tələbi ilə yanaşmamışam. Keçmiş mənim üçün bəyilə,xanıyla-fəhləsiylə,qaçaq-qulduruyla birlikdə keçmişdir. Başqa sözlə desək,ulularımızın, babalarımızın namusla yaşadıqları ömürdür.”Sözügedən əsərlərin məzmun-mündəricəsi ilə ilgili ədəbiyyatşünas və sənətşünaslar tədqiqat əsərlərində və çoxsaylı məqalələrində əhatəli bəhs ediblər.Bu barədə xalq yazıçısı Elçin yazır; “İlyas Əfəndiyev ən dəruni hisslər ilə Azərbaycana,Azərbaycanın içində-Qarabağa,Qarabağın içində isə -Füzuliyə, öz nəsil -nəcabətinə bağlı bir adam idi.” Xalqımızın milli xüsusiyyətlərini dərindən öyrənməyə, dərindən duymağa çağırırdı ustad sənətkar. Hər bir insanda yüksək şüurun, Vətən sevgisinin, torpağa məhəbbətin və ali mənəviyyatın olmasını arzu edirdi. Nəzəri – estetik məqalələrində də yazıçı milli – mənəvi dəyərlərimizi, adət və ənənələrimizi, xalqımızın folklor ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. O, milli -mənəvi dəyərlərimiz haqqında düşünərkən, babalarımızın müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmir: “Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər – arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, vətən, millət namusu, qonum – qonşu təəssübü, böyük – kiçiyə hörmət və izzət haqqında düşünüblər. ” Bu əsərlərdə doğma Qarabağımızın füsünkar təbiəti, əsrarəngiz gözəllikləri şairanə bir dillə tərənnüm edilir. Bu əsərlər Qarabağa, onun tarixinə və təbiətinə heyran olan ünlü sənətkarımızın dəruni hiss və duyğularının bədii təcəssümüdür. Bu əsərlərdə Qarabağ torpağının ətri, uca dağlarının təmiz havası və çiçəklərinin rahiyəsi duyulur. Xəyallarımızda, yaddaşlarımızda canlanır sanki bu yerlər. Təfsilata varmadan bəzi nümunələrə nəzər salaq: “Yay zamanı aran Qarabağın – Yevlaxın, Bərdənin, Tərtərin, Ağdamın, Ağcabədinin, Füzulinin, Cəbrayılın, Beyləqanın camaatı Şuşaya yaylağa gedərdilər. Bu əhalinin Şuşada iki məşhur gəzmək yeri var idi. Biri cənub hündürlüyündəki məşhur Cıdır düzü, digəri Ağdama gedən yolun üstündəki Ərimgəldi idi. Axşamçağı camaatın yarsı Cıdır düzünə, yarsı da Ərimgəldiyə gəzintiyə çıxardı. Arvadlar Şuşadan Ağdama gedən yola baxıb, arandan gələcək ərlərinin yolunu gözləyirdilər.” (“Hacı Axund molla Şükürün cənnət bağı necə oldu?” xatirə -  hekayəsindən);

Dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həsr etdiyi məqaləsində oxuyuruq: “Mən bu musiqiyə qulaq asanda, Qarabağın meşəli, uçurumlu dağlarını, yüz illərdən bəri İsa bulağında, Turşsuda, Səkili bulaqda qurulmuş toylu – büsatlı məclisləri, bu məclislərdə oxunan muğamları, təsnifləri xatırlayıram. Şuşanın Cıdır düzündə cıdıra çıxarılan incə ayaqlı, nəcib duruşlu, qaragöz Qarabağ atlarını, nişanlısının şəninə nişan atan, gülləsi yayınmayan igidləri xatırlayıram. “ (“Parlaq ulduz” məqaləsindən); “Xalq ruhu, xalq koloriti həqiqi sənətin, novatorluğun canıdır, orijnallığın əsas əlamətidir, mayasıdır” – deyən sənətkar Firidun Şuşalıya açıq məktubunda yenə xatirələrini vərəqləyir: “Mən o kitabı (Firidun Şuşalının “Azərbaycan musiqiçiləri” kitabı) nəzərdən keçirdikcə, uzaq keçmişdən mənə baxan o böyük sənətkarların portretlərini gördükcə, qəhrəman Pənah xanın hər tərəfi sıldırım qaya olan o sevimli dağın zirvəsində tikdirdiyi əfsanəvi Şuşa qalasını xatırlayıram. Qarabağın kənd camaatı ona sadəcə olaraq “qala” , orada yaşayanlara isə “qalalı” deyərdilər “. (“Karvan gedir (Firidun Şuşalıya açıq məktub”); Nümunə gətirdiyim aşağıdakı cümlələrdə isə məşhur Qarabağ xanəndələrimizin həzin və məlahətli səsləri duyulur: “İslamın “Segah”ı, Cabbar Qaryağdıoğlunun “Qatar”ı, Seyid Şuşinskinin səsi bu gün də bir əfsanə kimi yad edilir. Qarabağda deyərdilər ki, “Dünyaya iki oxuyan gəlib, biri Həzrəti Davud, digəri Seyiddir”. (əfsanəyə görə, Davud peyğəmbərin səsinə çatan səs yoxmuş dünyada). Xanın səsində Azərbaycan xalqının, Azərbaycan təbiətinin ruhu, koloriti duyulur. Hər dəfə ona qulaq asanda, mənə elə gəlir ki, Xan da, mən də Şuşanın sərin, dumanlı dağlarından, İsa bulağından, Qırxqız yaylağından, zarafatcıl, şən təbiətə malik adamlarından dünən ayrılıb gəlmişik”. (“Xanəndəlik, müğənnilik sənəti haqqında” məqaləsindən);

 

Və yarımçıq, sonuncu əlyazması-“Qarabağnamə” dən səhifələr” də ixtiyar sənətkarın uşaqlıq illərində müşahidə etdiyi, yaddaşında daim yaşatdığı Qarabağ ətirli son cümlələr: “Mən on bir – on iki yaşlarında olduğum zaman çox isti keçən bir yay fəsli atam bizim ailəmizi Yağlıvənd obasından Rzaqulu adlı bir dostunun Kirs yaylağında olan ailəsinə qonaq göndərmişdi. Kirs-ziyarət yaylağı Sarı qayalı, qalın meşəli dağlar arasında saysız-hesabsız soyuq bulaqları olan, zirvələrində on illərlə qar yatıb qalan, dünyanın ən gözəl çiçəkləri bitən Qarabağ yaylaqlarındandır. Qarabağ tərəkəmələrinin bir hissəsi mayın onunda-on beşində ora köçərdilər.” və s.

İlyas Əfəndiyev yaradıcılığı üçün səciyyəvi olan əsas cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazmasıdır. Azərbaycan dilinin zəngin söz xəzinəsinə, çoxçeşidli çalarına, bu dilin şəhdi-şəkərinə dərindən bələdliyindən və vurğunluğundandır ki, yazıçının əsərləri bədii dilinin poetikliyi ilə seçilir.”Hər bir xalqın ancaq özünəməxsus milli ruhu,milli koloriti var-“deyən sənətkarın fikrincə: ”Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır. Ədəbiyyata gətirilən sözü  yazıçı elə işlətməlidir ki, o, hamı üçün anlaşıqlı olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq məhəbbəti qazanır. ”

Fikrimizcə, ədibin bədii əsərlərindəki axıcılıq, rəvan təhkiyə, yüksək şeiriyyət və poetik deyim öncə müdrik sənətkarın milli folklora və xalq dilinə dərindən bağlılığı ilə ilgilidir.Xalq şairi Bəxtiyar Vahabzədənin də fikirləri burada yerinə düşür:”Qarabağ torpağından boy atan əziz qardaşım, Sizin, demək olar ki, bütün əsərlərinizə Qarabağın ab-havası, ruhu, özünəməxsus təbiəti, bir sözlə, bütün gözəllikləri hopub. Sizin əsərlərinizdə Daşaltı çayının şırıltısı, Xarı bülbülün əfsanəvi gözəlliyi, İsa bulağının zümzüməsi, Qarabağ bülbüllərinin cəh-cəhi yaşayır. Bunu yalnız yazıçı müşahidəsinin nəticəsi kimi izah etmək düz olmazdı. Bu, doğulduğunuz torpağa, onun can dərmanı olan ab-havasına, mənəvi dünyasına, bütün gözəlliklərinə sonsuz vurğunluğun nəticəsidir.

Sizi yazıçı edib əlinizə qələm verən də bu torpaq, bu torpağın mənəvi dünyasıdır. Sizin əqidəniz də məhz elə bu torpaqdan pöhrələnib. Sizi durduğunuz indiki mərtəbəyə qaldıran o böyük əqidənizı və bu əqidədən od alan yanar ürəyinizə minnətdar olmalıyıq.” Çoxşaxəli yaradıcılığında milli özünüdərklə ümümbəşəri dəyərlər arasında bir körpü yaradan dünya şöhrətli dramaturqun bütün zamanlarda oxunan bədii irsi bu gün də çoxmilyonlu oxucular tərəfindən sevilə - sevilə oxunur. Yarım əsrdən artıq bir dövrdə milli teatrımızı öz çiyinlərində saxlamış İlyas Əfəndiyevin dramaturgiyası çağımızda öz aktuallığını, təravətini və müasirliyini qoruyub saxlayır. İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın erməni faşistləri tərəfindən işğalı oan böyük dərd oldu və özü ilə birlikdə Qarabağ nisgili apardı. Xalq yazıçısı Elçin yazır: “İlyas Əfəndiyevin həyatında ağrılı – acılı hadislər az olmayıb, fərəhli, sevincli, hadisələr də. Onun həyatındakı ən sevincli, fərəhli hadisələrdən biri, birincisi – Azərbaycanın müstəqilliyi idi və mən çox şükürlər edirəm ki, tale bu müstəqilliyi görməyi ona qismət etdi. Onun həyatındakı ən ağrılı-acılı hadisələrdən biri isə-Qarabağın istilası və dağıdılması oldu və mənim üçün gün işığı kimi aydın bir həqiqətdir ki, Qarabağ sarsıntısı olmasaydı, İlyas Əfəndiyev daha artıq yaşayardı.” “Mənim də ana vətənim bu gün düşmən əlindədir”-deyən sənətkar doğulduğu Füzuli rayonunun işğalı barədə ürək ağrısı ilə yazırdı: “Füzuli şəhəri, Füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə,repressiyasına məruz qaldı,digər tərəfdən də erməni işğalçılarının. Deməli, Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir.”

Şairlərimiz də sənətkarın torpaq həsrətinə və nisgilinə öz şeirlərilə dərd ortağı oldular:

 

Qara bəxtilə Qarabağ

Sinəsinə çəkmişdi dağ.

Dağ boyda əzaba döndü

Ürəyində doğma torpaq.

(Fikrət Sadıq)

 

Qarabağ yanğısı,

Yurd harayı

Bağrını dağlayan damğa, hay oldu.

Cismin də kiçilib, çökmüşdü sanki.

 

 

 

 

Şpartı bozqırı, Haramı düzü,

Ərgünəş, Ziyarat, Kirs dağlarının

Əzəmətli övladı, cəngavər oğlu

Od qarsmış, sazaq vurmuş

Sünbül tək kiçilib, bükülmüşdü sanki

(Çingiz Əlioğlu)

 

Şəfəqin, nurundur-uca dağa bax,

Qəlbinin ağrısı doğma Qarabağ.

Köksündə açılan yaralara bax,

Sağalan deyildi, İlyas müəllim.

(Ramiz Heydər)

 

Nurlu olsun deyə vətənin yazı,

Canını bu yolda sən fəda etdin.

Bizə ibrət qoyub ”Hökmdar və qızı”,

Qəlbində Qarabağ yarası getdin...

(Əjdər Qiyaslı)

 

Sevimli xalq yazıçımız İlyas Əfəndiyevin dünyasını dəyişdiyi gündən iyirmi beş il keçmiş olur. Lakin ötən bu müddət ərzində milyonlarla oxucu və tamaşaçılar mənən onun yoxluğunu hiss etməmişlər. Akademik Milli Dram Teatrı hər il teatr mövsümünü dramaturqun “Hökmdar və Qızı” pyesinin tamaşası ilə açmışdır.

Qəlbində Qarabağ nisgili, Qarabağ düyünü ilə dünyadan köç edən bənzərsiz sənətkarımızın bu anım günündə nigaran ruhu şaddır. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dəmir iradəsi, dəmir yumruğu, müzəffər ordumuzun şücaəti, igid və yenilməz şəhidlərimizin və qazilərimizin fədakarlığı sayəsində həm Şuşa, həm də Qarabağın digər bölgələri – Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, erməni işğalçılarından azad edildi. Mərhum sənətkarımızın əsərlərində ilhamla vəsf etdiyi, ürəkdən sevdiyi Qarabağın cənnət guşəsi, mədəniyyətimizin paytaxtı Şuşa azaddır. Qarabağ Azərbaycandır! Ümid edirik ki, işğaldan azad olunmuş rayon və kəndlərimizdə, eləcə də Füzuli şəhərində bərpa – quruculuq işləri başa çatacaq, Qarabağımız cənnətə çevriləcək. Mərhum sənətkarımızın erməni vandalları tərəfindən Füzulidə yerlə - yeksan edilmiş, boya – başa çatdığı, viran edilmiş ata yurdunda ev – muzeyi yaradılacaq, dərs dediyi orta məktəbə və Füzuli Dövlət Dram Teatrna adı veriləcək.

Unudulmaz sənətkarımız sağlığında çox mükafatlar aldı. Ancaq onun ən böyük mükafatı canından artıq sevdiyi doğma xalqının sevgisi oldu. “Xalq onun qəlbinin, iztirablarının, böyük arzularının tərcümanl olan sənətkarı sevir və heç bir zaman unutmur,” ustad sənətkardan gətirdiyim bu fikir onun özünün müdrik şəxsiyyətini və həmişəyaşar bədii irsini də səciyyələndirir. Bənzərsiz yazıçı taleyi yaşamış ölməz sənətkar bu gün cismən aramızda olmasa da onun bədii əsərləri oxucularının və tamaşaçılarının qəlbində yaşayır. İlyas Əfəndiyev şəxsiyyəti və həmişəyaşar əsərləri bütün zamanlarda həmişə bizimlədir. “Biz xalqımızın tarixinə hələ çox borcluyuq” – deyən müdrik sənətkar Azərbaycanın gələcəyinə böyük ümidlər bəsləyirdi: “Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir.”