adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Oktyabr 2021 10:22
754
ELM VƏ TƏHSİL
A- A+

Müəllimlikdən öyrəndiklərim

“Dünyada hər şeyə dəyər biçmək mümkündür, lakin müəllimin əsərinə heç bir dəyər biçilə bilməz.”

Sokrat

Müəllim sözü ərəb dilindən tərcümədə “təlim edən, öyrədən” mənasını verir. Dünyanın bir sıra ölkəsində bu adın mənası eyni şəkildədir. Bu ada saysız – hesabsız şeirlər, hekayələr yazılıb, romanların müəllim qəhrəmanları çox zaman ehtiramla anılıb. İnsanlar bu sözü hörmət əlaməti olaraq adlardan sonra da işlədirlər. Yəni hörmətli olmaq müəllimliklə eyni anlamlıdır. Axı insan ona yazmağı, oxumağı, həyata baxmağı və ən əsası öyrənməyi öyrədən insana necə hörmət etməsin? Hesab etsək ki, insanlar ömürlərinin ilk və ən məhsuldar illərini öyrənərək keçirirlər, bu yolda da ən yaxın bələdçiləri müəllimləri olur. Ailədən sonra hansısa insanın həyatına şahid ola bilmək, əlbəttə ki, əvəzolunmaz hissdir. Əgər “Pafoslu, təmtəraqlı, minnətdolu cümlələr ən çox kimin üçün qurulmalıdır?”- soruşsanız, heç şübhəsiz, “müəllim üçün!” deyərəm. Amma mən belə etməyəcəyəm, bir müəllim olaraq müəllim sənətini tərifləmək əvəzinə bir az fərqli nöqtədən baxacağam.

Müəllimlə şagird arasında heç kimin sezə bilmədiyi, anlamlandıra bilmədiyi bağlar olur. Müəllim sinif otağına daxil olmazdan əvvəl bütün gündəlik problemlərini, çətinliklərini, həyat mübarizəsini qapının kəndarında buraxır. Çantasında kitablarından, qələmlərindən əlavə, birdən hansısa ac olar, yanında yeməyə nəyisə olmaz deyib mərhəmətlə yerləşdirdiyi “konfetləri”, birdən hansısa yıxılar, üstü-başı çirklənər deyə əlavə salfetləri də olur. Beynində tədris proqramında qeyd edilən “öyrədiləcəklər siyahısından” əlavə, həyat kitabını oxuma düşüncələri də olur. Şagirdi hər dəfə qaçanda yıxılmır axı, kədərin küləyindən də yıxıla bilir. Kədər demişkən, biz müəllimlər əslində şagirdlərimiz üzərində necə böyük iz qoyduğumuzu bilirikmi? Doğru olmayan yanaşma və rəftar onların ən başda akademik uğuru olmaqla, bir çox mövzuda zədə almasına səbəb olur.

• İmtahan qorxusu;

• Auditoriya önündə çıxış etmək qorxusu;

• Özünə inamın itirilməsi və s.

Biz ilk əvvəl öyrədərək, daha sonra inanaraq dəstək oluruq. Bir dəfə belə ədalətsiz yanaşmamız onun üçün “mən bacarıqsızam” nəticəsinə gətirir, “imtahandan keçməsən, sənin üçün heç yaxşı olmayacaq” və bu kimi ifadələr imtahanı qorxulu yuxuya çevirir və ən önəmlisi lövhədə utandırdığımız hər uşaq əslində insanlar qarşısında danışmaqdan sıxılan birinə çevrilə bilir. Müəllimin bir ağırlığı, zəhmi olması gərəkdiyinə inanan biriyəm. Tələbələrim də təsdiq edər ki, işimə son dərəcə ciddi yanaşan biriyəm. Amma hər biri mənim üçün xüsusi olan şagirdlərimin həm təhsil, həm də mənəvi dünyaları əziz olur. V. Suxomlinksi söyləyib ki: “əgər hansısa şagird müəllimin yaddaşında aydın qalmayıbsa, deməli, müəllim o şagirdə heç nə verməyib”. Həqiqətən də hər bir şagirdim illər keçsə belə xatirimdə iz qoyur. Bəzən döyülən qapımın ardında sevdiyim çiçəkləri əllərində tutub, çox sevdiyim şagirdləri görürəm. Müəllim olmayan bilməz, mən onlarda hansı izləri qoymuşam, bilmirəm. Amma onların hər biri məndə dərin və doğma izlər qoyublar. Həyatımızdan onlarla insan keçir, gedir. Bəzisi sadəcə toxunur, bəzisi isə varlığıyla varlığımıza dəyər qatır. Bizim peşəmiz budur. Müəllim öyrədən peşədir, amma ən vacibi sevgini öyrəndiyim peşədir.

Şagirdlərinin sevincini və uğurunu özünə bayram bilən bütün müəllimlər, bayramımız mübarək!

 

Aybəniz Rüstəmova,

Nərimanov rayonu 47 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi