adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Oktyabr 2021 11:37
1024
ƏDƏBİYYAT
A- A+

İşğalın doğurduğu həyat - Soylu Atalı yazır

(Faiq Balabəylinin “Lənətlənmiş həyat” əsərinə yönəlik bir neçə söz)

 

Quruluş, gerilik hər bir xalqın həyatında amansız görsənişlər yaratmışdır. İnsanın insana qarşı davranışlarındakı hər cür dözülməz addımlar, zaman-zaman insan haqqındakı baxışları darmadağın etmişdir. İnsanın insana inamı ortadan qalxmış, birgəyaşayışın tələbləri qarşısında hər kəs, özlüyündə təklənərək, bioloji mövcudluğu uğrunda mübarizə aparmışdır. Bəlkə buna görə insanı özündən qıraqdakı qüvvələrə inandırmaq etkili alınmışdır. Ancaq qıraq qüvvələrə inanmaq da insanın köməyinə çatmamışdır. Nə Quruluş qurtuluşa nədən olmuş, nə də insan öz növündən olanlarla, geniş anlamda, dil tapıb anlaşa bilmişdir. Bütün bunlar ayrı-ayrı çağlarda ədəbiyyatın, sənətin əsas qonusuna çevrilmiş, hər dövrün özünəxas yaşantıları estetik-ideal açısından işlənərək düşüncələri yönləndirməyə çalışılmışdır. Ədəbiyyat böyük gücdür. Heç bir dövr bu gücün uğurlara yol açmasına ortam yaratmır. Ona görə bəzən ədəbiyyatda geri çəkilənlər olur. Mübarizə cəbhəsi açmayan, ya da açılan mübarizə cəbhəsində yer almayan ədəbiyyat gələcəyə söz deyə bilmir. Bu cür ədəbiyyat adına ortada görünənlər gələnəksəl olaraq şöhrət, qazanc parıltılarına aldanaraq, yamanlığın qaranlıq-bulanlıq dalğalarında əriyib yox olurlar. Bu açıdan yanaşanda bizim üçün istedadlı, ancaq kölgələrdə daldalanan sənət örnəkləri önəmli deyil, öz gücü içində dövrün eybəcərliyinə qarşı dirəniş göstərən sənət örnəkləri daha dəyərlidir. Biz çağdaş Azərabycan ədəbiyyatının üzdə görünən, görünməyən kəsimlərinə də bu açıdan yanaşırıq. Haqqında söz deyəcəyimiz Faiq Balabəylinin “Lənətlənmiş həyat” əsərinə də vurğuladığımız müstəvidə dəyər verməyə çalışırıq. Biz böyük ədəbiyyatla genel ədəbiyyatın ortaq nöqtələrini gözardı eləmirik. “Döyüşkən ədəbiyyat” anlamına uyğun gələn hər bir sənət örnəyini alqışlayır, onlara uğurlar diləyirik.

İndi bu əsərdə baxışımızı çəkən bəzi məqamlara aydınlıq gətirməyə çalışacağıq. Əsərdə üz tutulmuş mövzu yeni olmasa da, mövzunun ifşa yönü uğurlu alınmışdır. Öncə biz əsərdə Rusiya əsarətinin toplumumuzun yaddaşında, milli-mənəvi varlığında buraxdığı izləri görürük. Əsərin baş obrazı “Mamed” – əsarətlərin bir-birinə dayaq olmasının, necə deyərlər, əsarətin mutasiya olunmasının parlaq göstəricisidir. Ərəb işğalı ilə gələn “Məmməd”in Rusiya işğalından sonra “Mamed”ə çevrilməsi – insanımızın oyunlara salınmasının, həyatının oyunlarda qurban verilməsinin başlıca nədənlərindən biridir. İnsanların daşıdığı ad – onun kimlik məsələsidir. Kimliyini itirmiş, onu qoruya bilməyən toplumun bütün sonrakı taleyi də başqalarının əlində, əsarətində olur. Toplumun milli-mənəvi kimliyinə zor göstərilirsə, onun özgürlüyü biryolluq zədə götürmüş görünür. Ona görə bir işğalın etkisindən qurtarmaq üçün bizim toplumun on illərlə dirəniş göstərməsi gərəkir. İşğal – basqı altına aldığı topluma mədəniyyəti də özüylə gətirir, yaşam ölçüsünü də. Toplumun söyüşü, zarafatları belə, işğal dilində oluşur. Toplum özümlüyünü bütöv itirir, kölgəyə, əks-sədaya çevrilir. Öz varlığı bilinməyənin isə yaşamında nə xoşbəxtlik tanınar, nə də gələcək dərk olunar. Əsərdən göründüyü kimi, hətta dustaqxana anlayışları da dilimizə rusca oturub. Həryönlü özünəyadlaşma mənəvi boşluqlarda faciələr yaradır, bu, çox düşündürücü bir məsələdir.

İkinci məsələ, işğalın uzantısı kimi, Rusiya əsarətinə boy verən, xalqı əsarətdən göz açmağa qoymayan bir rejimin həyatımıza qənim kəsilməsidir. İnsanların heç nədən şərlənməsi, böhtanlara uğraması, görəvdə olanaların qazanc aləti olaraq faciə faktına çevrilməsi – birbaşa dövlətin iç siyasət prinsipləri ilə oluşur. Qanunsuzluq, özbaşınalıq, səlahiyyətlərdən sui-istifadə halları, heç kimin sorumluluq daşımaması – insanların dəyərini heçə çevirir. Çoxsaylı ailələrin başsız qalması, körpələrin gözüyaşlı böyüməsi, millət, vətən anlayışlarının gözdən düşməsi, insanlarımızın bu anlayışlara yad yaşaması, gəncliyə gözdağı verilməsi, mütilik, yaltaqlıq, simasızlıq kimi xüsusiyyətlərin normaya çevrilməsi – Milli faciələrin özülündə duran məsələlərdir. Mənəvi, ruhani, siyasi işğalların sonucu ölkəni yiyəsiz duruma soxar, dövləti öz xalqına qarşı zor aparatına çevirər.

Əsərin əsas leytmotivi bir ailənin faciəsi üzərində qurulub. Həyatımızda hər an rastlaşdığımız hüquq-qoruma sisteminin xalqa münasibəti qələmə alınmış, qəddarlığın ən ibtidai şəkli gözlərimiz qarşısında canlandırılmışdır. Məmmədin şərlənərək dalbadal dustaq yaşamına məhkum edilməsindən, körpəcə qızının necə böyüməsindən, arvadının körpəcə uşaqla yiyəsiz buraxılmasından yana heç kim sorumluluq daşımır.

Ailənin ac, yalavac qalması faciənin bir cəhətidir. Başqa bir qatda isə biz kişi mənliyinin sındırılmasını, heysiyyatının alçaldılmasını izləyirik. İnsan dünyaya niyə gəlib, niyə gedir?! Söz yox, “gəlmə, getmə” insanın özündən asılı deyil. Ancaq bu “gəlmə”də dünyanı tanıma, özünüdərk prosesi yoxdursa, onda həşəratla insan arasındakı fərqi kim bəlirləyə bilər ki?!

Dustaq həyatını yenicə başa vuran biri, hələ körpəcə uşağının üz cizgilərini belə, baxışlarına, sevgisinə köçürə bilməmiş, qadınının qayğılarını dinləməmiş, ailəsinə bir tikə çörək qazanmağın yolunu tapmamış özünün başqaları üçün qazanc alətinə çevrilməsinə qərar verilmişdir. Budur, taleyində yeni oyunlar qurmaq, “yuxarılar”ın tamahına qurban eləmək üçün sahə müvəkkili onu axtarmışdır. Bu axtarmaq – onun xəyalını, düşüncəsini alt-üst edir. Körpəsinin gözlərinə baxıb sevinmək duyğusu belə, onun içində ağırlığa çevrilir:

“Az, Yetər, bə bu köpəyoğlu helə birbaşa bura gəldi, o cürnə dedi, getdi?

A kişi, mən hardan bilim birbaşa gəlmişdi, yoxsa harasa dönmüşdü, soradan bu qapıya gəlmişdi, cigəri pörtələnmiş, qara bağlamışın balası. – Dedi, bacı, ərinə denən, sabah pasportunu götürsün gəlsin.

Sənə bacı dedi, aaz?

Hə də, nə deyəydi?

Bu adi görünən dialoqda nə qədər qorxunc bir gözlənti gizlənib. Bu məchul, sirli sorğularda qəddarlığın, amansızlığın nəşələri gözlərini qurbanlığının gözlərinə zilləyib dayanmışdır. Doğulmaqda olan bu nəşələr Məmmədin iztirablarından cücərib bəslənilməkdə idi. Amansız, qəddar bir rejim özünün köntöy, yaramaz əkinçiləri ilə Məmmədin içini şumladıb iztirab, içgəncə becərtməklə bədbəxtliklərə yem hazırlayırdı. Əslində bu halət insanlarımızın həyat normaları kimi formalaşmışdır.

 

“Nəzarətçilərin, əməliyyat işçilərinin “DPNK”-ların dustaqdan pul almalarının müxtəlif yolları var idi. Məmməd o qədər kasıb idi ki, ondan heç cür pul ala bilmirdilər. Yastığının altından çıxan parnoqrafik şəkilləri, iti uclu, kəsici tiyəsi olan dəmir parçası, kartı, qadağan olunmuş müxətlif qəzetləri, şpris, “mal” bişirmək üçün şüşə qab – “puzuryok” və daha nələr cəzaçəkmə müəssisəsinin əməkdaşlarının köməyinə yetib müqsədlərinə çatdırmamışdı”.

 

Bu qorxunc əməllər heç insanlığın ən aşağı qatında belə, yer tuta bilməz. Bu görsənişlər insan varlığındakı heyvanatın təntənəsidir.

Məmməd dönə-dönə yaşadığı bu həyata yenidən dönəcəkdir. O, körpəsinin üzünə gülə bilmir, içində qorxunu qovurub dərdə çevirir. Ailəsi bir tikə çörəyə möhtac qaldığı halda, onu düşünə bilmir, qurbanlıq kəndirindən necə açıla biləcəyini çək-çevir edir...

Budur, insanı qorumalı olan hüquq-qoruma sisteminin insana hazırladığı tale. Dostu dosta, qohumu qohuma düşmən edir. İnsanların bir-birinə inamı, etibarı məhv edilir. Hər kəsin içində başqasına qarşı şübhə, gizli nifrət boy atır. Xalqın min illərdən üzü bu yana gələn idealları ayaqlar altına atılıb heçə çevrilir.

Rejim insanlardan bir-birinə öncə düşmən yaradır, sonra hər birini soyub talayır. Talamağa bir şeyi qalmayanda isə məhv edir...

Ən aşağı səviyyəli söyüşlər – sanki hüquq-qoruma sisteminin yönətim (idarəetmə) ölçüsüdür. Aşağılamaq, alçaltmaq, qorxutmaq, olmayanı boynuna aldırmaq – bununla da plan doldurmaq, cinayətin “üstünü açmaq” sevinci, qazanmaq, ödüllənmək, rütbələnmək tamahı – insanlığın qanunlarını ortadan qaldırmaqla başa gəlir. Əslində dustağın yaşadığı həyatdan daha amansız, iyrənc bir həyat sürür hüquq sistemi. Heyvanca davrananların, bunu həyat norması kimi qəbul edənlərin ailəsi necə insani, milli ola bilər?! İşdə bir cür, evdə ayrı cür olmaq mümkün deyil. Ya da çox az fərq ola bilər.

Ona görə “hüquqla haqq bir şey deyil” deyirik, yazırıq. Hüquq yalançı haqdır, haqsızlıqdır. Zor olan yerdə haqq olmaz. Zorun haqqı olmur – haqsızlaşmaq zora çevrilməkdir. Hüquq zorla birləşdiyi üçün xalq haqsız duruma salınır.

Fəlakətdən yol salır rejim. Bu yolla gedən simasını itirir, getməyən yaşamır, var olmur...

Əsərin sonu yenə xalqın klassik gələnəklərinə üz tutur:

“Konvoylardan biri yaxınlaşıb əlini Məmmədin çiyninə qoydu: – Bəsdi, Mamed, gedək, – dedi.

Məmməd ayağa qalxdı. Yetərin, qızının üzündən öpdü. Əlini konvoya tərəf uzatdı. Konvoy Məmmədin qoluna girdi. Qızının, həyat yoldaşının yanında qandallamaq istəmədi. Yoldaşına tərəf baxdı. Sonra əlini şalvarının cibinə salıb Məmməddən götürdüyü yüz min manatı çıxartdı. Yetərə uzatdı: – Al, bacı, Mamedin cibindən çıxıb. Orda ona bu lazım olmayacaq, – dedi”.

Ən qəddar quruluşda, rejimdə belə İnsanlığın, mərhəmətin kökü kəsilmir. Zəif işartılarla olsa belə, ortaya çıxıb ümid yaradır...

Cinayəti insan yaradır – ya tutulan, ya da tutan, fərq etməz. İstənilən halda hüquq-qoruma sisteminin cəza “tərbiyəsi” insanın taleyində heç bir pozitiv dəyişiklik yaratmır. İnsana heyvan kimi cəza vermək cinayətin qarşısını almır. O da ola, cinayəti tutulan deyil, tutan törədə...

“Cinayətin ən böyük cəzası – İnsanlaşmaqdadır!” – Asif Ata.

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

24 Ata Ayı, 43-cü il. Atakənd.

(sentyabr, 2021)