adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Oktyabr 2021 18:04
3242
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanda cizgi filmlərinin çəkilmə tarixi : 50 illik "Tülkü Həccə gedir" ...VİDEO

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə "Azərbaycanfilm" Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunub.

Adalet. az tanınmış kinomatoqrafiyaçılara istinadən xəbər verir ki, məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Papov yazdı. "Abbasın bədbəxtliyi" adlanan bu ssenariyə gənc rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov idi.

İkinci Dünya Müharibəsinin başlanması ilə cizgi filminin çəkilişləri ilə bağlı işlər yarımçıq qaldı. Yalnız 1960-cı illərin sonlarında cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı.

1968-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexi bərpa olundu. Nəhayət, 1969-cu il fevralın 28-də "Cırtdan" adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. "Cırtdan" kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu.

Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, "Cırtdan"ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.

1970-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdu. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi "Ayı və siçan" (rej. N.Məmmədov) və "Şir və öküz" (rej. A.Axundov) mikrofilmlərdir.

 

Üçüncü – "Fitnə" (rej. A.Axundov) rəngli applikasiya filmidir. Bu film N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur.

"Pıspısa xanım və Siçan bəy" (1974) və "Cücələrim" (1980) cizgi filmlərində (rej. A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır.

 

 50 yaşlı "Tülkü həccə gedir"...

 

1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir.

Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır.

 

Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.

 Uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmış bu film applikasiya filmidir.

Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmuşdur. Yəni, yaşından, təhsilindən, düyagörüşündən asılı olmayaraq hər kəs filmi izləyə, oradakı ibrətamiz hekayədən dərs götürə bilər. Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur), "Tülkü həccə gedir" ssenari müəllifi Eyvaz Borçalı, rejissorlar Nazim Məmmədov, Bəhmən Əliyev, operator: Aleksandr Milov, cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov, Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev, bəstəkar: Aqşin Əlizadə, bəs operatoru: Kamal Seyidov, redaktor Ədhəm Qulubəyov,  filmin direktoru İbrahim Səfərov və başqalarının yaratdığı bir sənət əsəridir 

 

 

Bundan başqa filmin dilidə çox şirindir. Çünki filmi səsləndirənlər Hüseynağa Sadıqov — xoruz, Ağaxan Salmanov — tülkü, Firəngiz Şərifova — toyuq, Ş.Bağırova, S.Babayeva, A.Rzayev və  başqaları səsləri ilə nəinki uşaqları, eləcə də böyükləri ovsunlaya biliriblər.

Əntiqə Rəşid

 Yazının hazırlanmasında VİKİPEDİYA ya istinad edilib