adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Oktyabr 2021 14:37
849
SAĞLAMLIQ
A- A+

MM-də gərgin müzakirə: "TƏBİB özünü doğrultmadığı üçün..."

“İcbari Tibbi Sığorta mövzusunda parlamentdə dinləmə keçirmək istəyirik. Bununla bağlı hörmətli Sahibə xanım Qafarova ilə də məsləhətləşmişik. Həmin toplantıda TƏBİB, Səhiyyə Nazirliyi və digər qurumların da nümayəndələri iştirak edəcək. Hesab edirəm ki, burada qaldırılan məsələlərin çoxuna orada aydınlıq gətiriləcək”.

 Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri qeyd edib ki, İcbari Tibbi Sığortanın mükəmməl və genişmiqyaslı həyata keçirildiyini və bütün problemlərin həll olunduğunu demək doğru olmazdı:

“Biz İcbari Tibbi Sığortanın tətbiqinə başlayanda COVID-19 pandemiyası da başladı. Əlbəttə, belə çətinliklər yarandı. Amma bu gün İcbari Tibbi Sığorta geniş tətbiq edilir. Problemlər varmı? Bəli, var. Amma nəzərə almaq lazımdır ki, tibbi xidmətlər də getdikcə artır”.

Komitə sədri qeyd edib ki, böyük xərc tələb edən bəzi xəstəliklərin müayinəsi İcbari Tibbi Sığortanın tibbi xidmət paketinə daxil edilməyib: “Nəzərə alınmalıdır ki, bu, büdcə ilə bağlıdır. İcbari Tibbi Sığortanın büdcəsi imkan verdiyi səviyyədə tibbi xidmətlər ora daxil olunur”.

Əhliman Əmiraslanov deputat Razi Nurullayevin sualına cavabında bildirib ki, onkoloji xəstəliklərin müalicəsi dövlət proqramı əsasında maliyyələşdirilir:

“Bu xəstəlik İcbari Tibbi Sığorta paketinə daxil edilməyib. Niyə? Çünki onkoloji xəstəliklər böyük maliyyə tutumludur. Bu səbəbdən də bu sahə dövlət proqramı çərçivəsində saxlanılıb. Gələcəkdə Tibbi Sığorta Paketinə daxil ediləcəkmi? Hökmən”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, TƏBİB özünü doğrultmayıb. O, bu sahənin yalnız bir qurumun idarəçiliyi altında olmasını vacib sayıb.

Qüdrət Həsənquliyev əlavə edib ki, bu sahəyə ilə bağlı Prezidentə məlumat verilməlidir: “Deyilməlidir ki, biz bacarmırıq, xaricdən mütəxəssislər gətirilməli, məsləhətlər alınmalıdır. Əhliman müəllimə sual etmək istəyirəm ki, bu sahə nə zaman düzələcək, bunun üçün daha neçə 20 illər lazım gələcək?”

Komitə sədri isə suala cavabında deyib ki, Azərbaycan İcbari Tibbi Sığortaya keçid etməzdən öncə bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib, xarici mütəxəssislərlə fikir mübadiləsi aparılıb”.