Zarafatsız keçilməyən müharibə - Emin Piri yazır

Emin Piri
14050 | 2021-10-20 11:40

Müharibənin nə qədər qəddar, acımasız, pis bir şey olduğunu izah etməyə ehtiyac yoxdur. Fərqi yoxdur, o müharibə haqq uğrundadır, yoxsa haqsız müharibədir.

Əlbəttə, bizim Vətən savaşımız haqq yolunda olan mübarizə idi. Amma bu, müharibənin çətinliklərini, ağrılarını istisna etmir.

Bütün bunlar öz yerində, amma müharibədə bütün hislər bir-birini sürətlə əvəz edir. Faciə komediyanı, sevinc kədəri, üzüntü qüruru və.s

Hər şeydə pozitivlik axtaran, ağır hadisələrə, söhbətlərə yüngüllük gətirməyi sevən biriyəm. Ən azından faciə varsa, heç olmasa sözlərlə insanları bu durumdan çıxarmağı xoşlayıram. Faciə onsuz da var, amma onu yüngülləşdirmək öz əlimizdədir.

Bütün bunları nəzərə alaraq savaş boyu zarafatlar etməyə çalışır, bəzənsə şəxsi heyətə görə özümü buna məcbur hiss edirdim. Bəzənsə bu zarafatlar şərəfdən, qürurdan, qələbə sevinclərindən, ordumuzun ardıcıl nailiyyətlərindən doğurdu.

Oktyabrın əvvələri idi. Füzuli-Cəbrayıl istiqamətindəyik. Qardaş, biçilmiş taxıl zəmisiylə saatlarla piyada dolama yol get, bitmir ki, bitmir. Nəfəs çatdırmaq olmur. Bir yandan da minaatan, top mərmiləri...

Hava yoluyla məsafə azdı, sadəcə təhlükəsizliyə görə saatlarla dolanırıq. İlk günlər bəzi səbəblərə görə bizə 1-2XTQ zabiti də ayrılıb. Məlum yerə çatanda gördüm təpənin döşündə bizi bir manqa(dəstə) XTQ heyəti gözləyir.

Nəfəsimi dərdim, dedim; Qurban sizə, torpaqları yavaş-yavaş alın da, sürətinizə çatdırmırıq.

Təəccüblə baxdı, dedi; komandir sənsən?

Güldülər. Bu da( dəstə komandiri) başını yellədi.

Şükür, müharibə tez bitdi, erməni heç nə etməsəydi də, zarafatlarımın qurbanı olacaqdım.( Təbii ki, bu da bir zarafatdı)

Hər şey bir yana, zarafatsız keçilməz belə şeylər...Elə müharibə də!

TƏQVİM / ARXİV