adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Oktyabr 2021 11:03
1237
MƏMLƏKƏT
A- A+

Qarabağ böyük üzümlüklər diyarına çevrilə bilər

Qarabağımızı biz, uşaqlıq vaxtlarında patifonların vallarından səslənən Xan Şuşinskinin, Bülbülün, Cabbar Qaryağdı oğlunun, Sara Qədimovanın, Şövkət Xanımın ifasında eşitdiyimiz xalq mahnıları və ifa etdikləri muğamlardan tanımışıq. Ancaq yaşa dolduqdan sonra özümüzdə bildik və gördük ki, Qarabağ geniş laləli düzləri, göz işləməz, karvan keçməz əzəmətli dağları, əsrarəngiz alp çəmənlikləri, yaşıl meşələri, keyfir bulaqları ilə göz oxşayan bir cənnət məkanıdır. Haqlı olaraq öyündüyümüz mədəniyyətimizin, musiqimizin, ədəbiyyat və incəsənətimizin, bir sözlə ölkəmizin mədəniyyət mərkəzi kimi dəyərli bir hissəsidir.

Ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi fəxr edirik ki, biz Azərbaycanlıyıq. Ona görə təsadüfi deyildir ki, Qarabağ müharibəsi zamanı erməni faşizmi üzərində tam qələbəni öz xalqına, vətəninə hədsiz məhəbbətdən doğan bir qəhrəmanlıq, Azərbaycanlılıq təfəkkürü olan bir ordu əldə edə bilərdi – Azərbaycan ordusu.

Dünya bilirdi ki, Ali Baş Komandanımız Cənab İlham Əliyev başda olmaqla və onun şəxsi rəhbərliyi ilə desək daha düz olardı, ordumuzun erməni faşizminə qarşı apardığı müqəddəs mübarizə, ədalətin şərə-böhtana, erməni terroruna, insaniyətdən uzaq olan erməni xislətinə, vəhşiliyə, kin və paxıllığa qarşı olan mübarizə idi. Düşmən bir zərrə qədərdə belə olsa insani hisslərdən məhrum olduğunu bütün cəbhə boyu göstərirdi. Onlar qəsb etdikləri bütün Azərbaycan rayonlarında mövcud olan, insan əli dəyən hər şeyi, binaları, məktəb və xəstəxanaları, fərdi evləri yer üzündən silib, ağacları kəsib, küçələri dağıdıb və on min kv.-km-dən çox ərazidə isə yüz minlərlə hətta milyonlarla mina basdırıb getməklə görünməmiş vəhşilik törətmişlər. 44 gün davam edən Vətən müharibəsi göstərdi ki, erməni vəhşiləri otuz ilə yaxın işləyib düzəltdikləri çox saylı istehkamlar, xəndəklər,beton divarlar, yeraltı tələlər, ağılagəlməz qurğular, texniki vasitələr və s. Azərbaycan ordusunun qüdrəti qarşısında tarmar edildi. Qarabağ bugün bərpa olunur, daha gözəl, daha müasir görkəmdə.

Ölkə prezidenti cənab İ.Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı adına layiq görülmüşdür. Bugün Qəhrəman ordumuz tərəfindən Qarabağ torpaqları həmişəlik olaraq öz sahiblərinin ixtiyarına qaytarılmışdır. M.P.Vaqif vaxtı ilə əbəs yerə deməmişdir ki, “Qarabağın abı-həyatı, nərmə-nazik bayatıdır, bayatı”.

Qarabağ torpaqları müxtəlif ekoloji mühitdə yerləşsədə demək olar ki, ərazinin hər yeri ucdantutma kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün son dərəcə əlverişlidir. Burada ta qədimdən üzümçülük bu yerlərin ən qiymətli kənd təsərrüfatı bitkisi olaraq həm müxtəlif ərzaq məmulatları, həmdə alkoqollu məhsulların istifadəsi üçün əsas kənd təsərüfatı sahəsi olmuşdur.

Qeyd etmək lazımdır ki, Respublika ərazisinin relyef cəhətdən, daha doğrusu torpaq-iqlim şəraitinin müxtəlifliyi eynilə Qarabağ bölgəsinə də aiddir. Aparılan müvafiq elmi-tədqiqatlara görə Dağlıq Qarabağ bölgəsi özü də təbii iqlim şəraitinə görə üç yarım zonanı birləşdirir: Bura düzən, arazboyu və dağlıq ərazilər daxildir.

Yuxarı Qarabağ adlanan ərazi öz-özlüyündə Kiçik Qafqaz dağlarının mərkəzi və cənub-şərq hissəsinin dağlıq və dağ ətəyi ərazisini əhatə edir. Zonanın relyefindən asılı olaraq torpağın tipi, bitki örtüyü, vegetasiya dövrü və fəal temperaturun səviyyəsi yüksəlməyə doğru hər 100 metrdən bir dəyişir. Ərazinin torpaqları dağ və dağətəyi zonada, əsasən dəmyə şəraitində becərilir. Suvarılan torpaqların əksəriyyəti Fizuli, Cəbrayıl, Ağdam, Ağdərə rayonlarındadır və üzümçülük bu rayonlarda nisbətən daha böyük ərazilərdə inkişaf etdirilir. Burada Tərtər çayı üzərində inşa edilən “Sərsəng” su hövzəsi üzümçülüyü və bütün bitkiçilik sahələrini suvarma suyu ilə təmin edir.

Dağlıq Qarabağın kənd təsərrüfatına yararlı sahəsinin xüsusi çəkisi Respublikaya görə 4,9% təşkil edir. Ərazidə havanın nisbi rütubəti 30-70%, aktiv temperaturun cəmi göstəricisi isə 3800-4000o arasında dəyişir. Dağlıq hissədə relyefin mürəkkəbliyindən asılı olaraq aqroiqlimi isti-mülayimdən soyuq və dağlıq tundranın iqliminədək dəyişə bilir. Yeri gəlmişkən yaxşı olar ki, Qarabağın kənd təsərrüfatına yararlı torpaqlarından səmərəli istifadə etməkdən ötrü perspektiv layihələr hazırlansın və orada üzümçülüklə bərabər digər sahələrində istifadə edilməsi üçün torpaqların əkin dövriyyəsinə daxil edilməsi məsələsi nəzərə alınsın.

Qarabağın həyatından qara ləkə nəhayət tamamilə silinməlıidir. Qarabağ Azərbaycan xalqının dinc yaradıcılıq məskəni kimi tarixlər boyu insanların maddi-mədəni irsini qoruyub saxlayan və daha da inkişaf etdirən daimi yaşayış məkanı olmalıdır. Burada geniş məhsuldar torpaqlar heyvandarlığın və bitkiçiliyin intensiv becərilmə texnikası və texnologiyası üçün əvəzsiz təbii iqlim şəraitinə malikdir.

Keçən əsrin 70-80-ci illəri ərzində Ümummilli Liderimiz H.Əliyevin kənd təsərrüfatında üzümçülük-şərabçılıq strategiyası bu bölgə də daxil olmaqla ölkədə möhtəşəm xariqələrlə yadda qalmışdır.

Əslində heç şübhə yoxdur ki, uzun illər istifadəsiz qalmış bu xam torpaqlarda özünün yüksək məhsuldarlığı və əhalinin məişətində ənənəvi yer tutan üzümçülüyün yenidən geniş inkişafına üstünlük veriləcəkdir.

Azərbaycanın tanınmış alimləri (İ.Nərimanov və D.Xəlilov) arxeoloji qazıntılar zamanı müəyyən etmişlər ki, Ağdam şəhərinin yaxınlığında “üzərliktəpə” adlanan ərazidə ikinci min illiyin ortalarından başlayaraq mədəni üzümçülüklə məşğul olmuşlar. Ukraynalı alim professor A.M.Neqrul da öz tədqiqatlarında göstərir ki, iri giləli süfrə üzüm sortları ilk dəfə orta Asiyadan qabaq Azərbaycanda yetişdirilmişdir.

Min illər ərzində xalq seleksiyası yolu ilə Azərbaycanda 500-dən çox üzüm sortu və hibrid formaları yaradılmışdır ki, onlardan 70 faizi süfrə üzümü istiqamətində istifadə edilir. Yaxın keçmişdə, yəni XIX-əsrin 80-ci illərindən bəri Azərbaycanda sənaye üzümçülüyü sürətlə inkişaf etdirilmiş və Zaqafqaziyada tədarük edilən ümumi üzüm məhsulunun 30 faizi burada istehsal edilmişdir. Azərbaycanın mülayim iqlimi, məhsuldar torpaqları, bol günəş enerjisi, bütün bölgələrdə üzüm-şərab istehsalı üçün əlverişli olduğundan nəinki təkcə Azərbaycan alimlərinin diqqət mərkəzində olmuş, habelə zaman-zaman ətraf ölkələrin də bu sahəyə marağını artırmışdır.

Bu mövzuya yenidən müraciət etməkdə məqsədimiz, üzümçülüyün respublika iqtisadiyyatındakı böyük rolunu yada salmaq və Azərbaycanın bütün bölgələrində bu sahənin yenidən canlandırılmasının zəruri olduğunu göstərməkdir. Bu gün Qarabağ bölgəsində işğaldan azad olunmuş torpaqların bitkiçiliyin, bağçılığın və xüsusilə ənənəvi üzümçülüyün geniş inkişafı üçün əlverişli olduğu nəzərə alınarsa, aydındır ki, yaxın keçmişdə Qarabağ rayonlarında istehsal edilən on min tonlarla texniki və süfrə üzümünün yenidən bərpa edilməsi imkanı mümkün olar. 1970-ci ildən başlayaraq Qarabağın kənd təsərrüfatında üzümçülük həmişə prioritet təşkil etmişdir. Məsələn, 1980-ci ildə istehsal olunan kənd təsərrüfatı məhsullarının strukturunda üzümçülüyün ixtisaslaşma səviyyəsi orta hesabla Yuxarı Qarabağda 60 %, Ağdamda 55 %, Fizulidə 80% təşkil edirdi.

Bu rayonlarda təzə halda istifadə edilən süfrə üzümü istehsalı 4758 ton, ümumi istehsal isə 294 min tona çatmışdır. Başqa sözlə cəmi bitkiçilik üzrə ümumi məhsulun tərkibində üzüm tədarükündən əldə edilən gəlir Ağdamda 90%, Fizulidə 85% təşkil edirdi. Bu rayonlarda üzüm tədarükündən hər hektara düşən pul gəliri mövcud qiymətlərlə hesablansa 40-45 min manatdan artıq edır. Elə sortlar vardır ki, (yəni becərilirdi ki,) onun hər hektarından əldə edilən pul gəlirini demək olar ki, müvafiq olaraq heç bir bitki sahəsindən əldə etmək mümkün deyildi. Bu rayonlarda süfrə və texniki sortlar 80-ci illərə qədər çox geniş yayılmışdır. Bizə məlumdur ki, bölgənin bütün ərazisi boyu (Yuxarı Qarabağda daxil olmaqla) tez yetişən və gec yetişən çox saylı sortlardan Kardinal Qara Kişmiş, Qaraburnu, Ağadayı kimi, habelə Ağdam qızıl üzümü, Keçi məməsi, Xindoqnı, Qaraşirə,Kəhrəba, Zeynəbi, Xan üzümü, Qaragöz, Mərəndi, Təbrizi, Rkasiteli və s.geniş istifadə edilirdi. Bu gün bölgə üçün süfrə üzüm sortlarından Xindoqnı, Təbrizi, Ağ xəlili, Ağ oval kişmiş, Ağ şasla, Kardinal, Qara kişmiş, Hüseyni, Bayanşirə, Mədrəsə, Həməşərə, Şirvanşahı, Rkasiteli və s. üzüm sortlarından istifadə edilməsi yenə də məsləhət bilinir.

Qarabağ rayonlarında 1975-80-ci illərdə cəmi üzümçülük sahəsi 78976 hektar təşkil edirdi. Bundan 16179 hektarı təkcə Dağlıq Qarabağa aid idi. Demək lazımdır ki, Qarabağ zonası üzrə istehsal edilən bitkiçilik məhsullarının strukturunda üzümçülük məhsullarının xüsusi çəkisi 60%-dən çox idi. Bu sahənin yüksək rentabelli olduğunun göstəricisidir.

Qeyd etmək lazımdır ki, keçən əsrin 70-80-ci illərində Azərbaycanda üzümçülüyün geniş inkişaf etdirilməsi Ümummilli Lider H.Əliyevin şəxsi nəzarəti altında həyata keçirilirdi. Bu həm də təkcə üzüm istehsalının həcmcə artırılması deyil, eyni zamanda harada, yəni hansı regionda, hansı süfrə və ya texniki, sortların habelə yetişmə fazalarına görə tez, orta və gec yetişməsinə görə, ixtisaslaşması haqqında olan operativ məlumatlar Ulu Öndərin diqqətindən yayınmırdı.

Süfrə üzüm sortlarının ən çox yayıldığı Qarabağ zonası idi, o cümlədən Ağdam, Füzuli, Ağcabədi, Beyləqan, Ağdərə və s.rayonlarda çox əkilirdi. Buna baxmayaraq süfrə üzüm sahələri ölkənin ümumi üzümlüklərinin cəmi 11%-ni təşkil edirdi. Bundan 20-25%-i Qarabağ rayonlarının payına düşürdü. Görünür süfrə üzümlüklərinə bu bölgədə üstünlük verilməlidir. Nəzərə almaq lazımdır ki, ən yaxşı halda ölkədə istehsal edilən 35-40 min ton süfrə üzüm məhsulu respublikada daxili tələbatın ancaq 45-50%-ni ödəyə bilir. Bu o deməkdir ki, orta hesabla hər adam başına olsa-olsa 2-2,3 kq təzə üzüm istifadə edilir. Hansı ki, Fransa, İtaliya və digər avropa ölkələrində Azərbaycanla müqayisədə bu göstərici 10-12 dəfə artıqdır. Odur ki, gələcəkdə üzüm istehsalında əhalinin təzə süfrə üzümünə olan ehtiyacının heç olmasa 10-15 kq həddində təmin edilməsinə maraq artırılmalıdır. Nəzərə almaq lazımdır ki, təkcə Bakı şəhəri əhalisinin təzə süfrə üzümünə olan ehtiyacı 35-40 min ton təşkil edir. Şəhər əhalisini uzun müddət süfrə üzümü ilə təmin etməkdən ötrü üzüm əkinində ilk növbədə sortların yetişmə müddətləri nəzərə alınmalı və bu sortların dəqiq əkilib yerləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Üzüm sortlarının yetişmə müddətlərinə görə Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun təqdim etdirəcəyi əsas sortlardan: ən tez yetişən Ağ Xəlili, Qara Kişmişi, orta yetişən: Təbrizi, Ağ Kişmişi, Ağ Şanı, gec yetişən: Ağadayı, Qaraburnu, Tayfı, Şamaxı Mərəndisi və s.sortları göstərmək olar, bu sortlar normal aqrotexnika və suvarma şəraitində güclü boyatma qabiliyyətinə malik olub, 150-200 sentner məhsul verə bilir.

1984-cü il məlumatlarına görə Qarabağın ərazisində başlıca olaraq süfrə sortlarından Təbrizi (43%), Qaraburnu (15,1%), Ağadayı (10,9%), Qara şanı (9,6%), Ağ Şanı (7,0%), Əsgəri (2,3%) və s.əkilib becərilirdi.

Texniki sortlardan ən çox yayılanları Rkasiteli (34,7%), Mədrəsə (24,2%), Bayanşirə (12,8%), Həməşərə (12,2%), Xindoqnı (5,6%), Mələyi (2,9%), Tavkveri (2,5%) əkilirdi.

Ulu Öndərin Respublikaya rəhbərliyi dövrü ölkədə üzümçülüyün əsil intibah dövrü idi. O, vaxtlar üzüm istehsalı Gəncə-Qazax zonasında-411,3 min tona, Şirvan zonasında-360,1 min tona və Qarabağ zonasında-294,6 min tona çatdırılmışdı.

Bu gün yuxarıda göstərilən üzüm istehsalı səviyyəsinə çatmaq üçün əlbətdə çox vaxt lazımdır.

Müasir şəraitdə Qarabağ iqtisadi zonasında yeni üzümlüklərin inkişafı üçün ilk vaxtda bir çox məsələlərə xüsusi önəm verilməsi bəri başdan nəzərə alınmalıdır.

Bu cəhətdən ümumi prinsip belədir ki, üzüm sortlarının yerli şəraitə uyğun olaraq düzgün seçilib yerləşdirilməsi, sortların rayonlaşdırılması, üzümlüklərin sort tərkibinin dəqiqləşdirilməsi, habelə emal müəssisələrinin istehsala uyğun yerləşdirilməsinin nəzərə alınması, yeni üzümlüklərin yalnız rayonlaşdırılmış sortlardan ibarət yüksək keyfiyyətli və məhsuldar əkin materialı hesabına salınmasına xüsusi əhəmiyyət verilməlidir. Bizcə,bu mənada üstünlük əsasən yerli və perspektiv sortlara verilməlidir.

Təcrübə göstərir ki, hər hansı bir sort irsi cəhətdən az məhsuldardırsa, becərildiyi təbii şəraitə uyğun deyildirsə, ən mütərəqqi aqrotexniki tədbirlər belə onu yüksək məhsuldar edə bilməz.

Buna görə üzüm sahələrinin genişləndirilməsi müvafiq keyfiyyət göstəricilərinə cavab verə bilən sortlar hesabına həyata keçirilməlidir. Adətən keyfiyyətli üzüm sortları seçilərkən, sort daxilində rast gəlinən mənfi xüsusiyyətli, yəni xəstəlik və zərərvericilərə qarşı davamsız klonların ləğv edilməsi yolu ilə əkilən sortların tərkibi yaxşılaşdırılır ki, bu da gələcəkdə yüksək məhsuldarlığın alınması üçün mühüm şərtlərdən biridir. Yəni, Azərbaycanda elmi əsaslarla rayonlaşdırılmış hesab edilən süfrə sortları əsasən Təbrizi, Ağ Şanı, Qara Şanı, Mərəndi, Şəfeyi, Ağ Xəlili və s.kimi yerli sortlarla yanaşı, İsgəndəriyyə Muskatı, Hamburq Muskatı, Qaraburnu, Kardinal, Ağ Şasla, Çəhrayı Tayfı və s.kimi gəlmə sortları göstərmək olar. Bu sortlar tək Qarabağda deyil, Respublikanın bütün bölgələri üçün yararlı hesab olunur. Əlbətdə yeni üzümçülük rayonlarında istər süfrə və istərsə də sənaye sortlarının sayı müvafiq qaydada xeyli azaldıla və ya artırıla bilər.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda, xalq seleksiyası nəticəsində yaradılmış çoxsaylı (500-dən artıq) yerli üzüm sortu vardır ki, onun 50%-dən bir qədər çoxu məhsuldar və keyfiyyətli sortlardan ibarətdir. Ancaq yerli və kənardan gətirilmiş sortlar üzərində aparılmış tədqiqatlar nəticəsində Azərbaycanın müxtəlif təbii-iqtisadi şəraiti üçün standart sort tərkibi müəyyən edilmişdir. Yəni standart sortların siyahısına müxtəlif müddətdə yetişən süfrə sortları əlavə edilmişdir. Burada texniki süfrə üzümçülüyünün inkişafı hər şeydən əvvəl süfrə, desert və tünd şərablar, şampan şərab materialı və şirə istehsalı üçün daha əlverişli hesab edilir. Bu cəhətdən bir çox Azərbaycan şərablarının beynəlxalq müsabiqələrdə yüksək qiymətə layiq görülməsi təsadüfi deyil.

Vaxtilə bölgədə istehsal edilən “Mil” markalı şərab beynəlxalq sərgi və dequstasiyalarda qızıl medala layiq görülmüşdür. Bölgənin dağlıq hissəsində becərilən Xindoqnı sortundan Çəhrayı süfrə şərabı “Qarakənd”, “Qırmızı portveyn” şərabları hazırlanırdı. İşğalzamanı Qarabağ torpaqlarında 50 min hektar üzüm bağı dağıdılmış, 18 emal zavodu, 10 ədəd şərab süzmə xətti mənimsənilmişdir. Bu sənaye müəssisəsinin itirilməsi Respublika iqtisadiyyatına təxminən 500 milyon ABŞ dolları həcmində ziyan vurmuşdur.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Qarabağın şərabçılıq ənənələri bərpa edilməlidir. “Ağdam portveyn” (N 10) ağ tünd şərabı 1946-cı ildən bəri Bayanşirə üzüm sortlarından hazırlanırdı. Bu üzüm sortundan eyni zamanda “Bayan” süfrə şərabı, “Ağ” süfrə şərabı (N3) da, hələ 1934-cü ildən istehsal olunurdu. “Novruzlu” ağ süfrə şərabı satışa Ağdamda (keçmiş Natavan adına sovxoz) hazırlanırdı. Burada “Portveyn-777” şərabı respublikada və keçmiş ittifaqda məşhur olan ən qiymətli şərab hesab olunurdu. Bu şərab 1960-cı ildə Macarıstanda, 1970-ci ildə isə Yaltada gümüş medallara layiq görülmüşdür. Bunlarla bərabər Qarabağda, o cümlədən Xankəndi və Xocalı rayonlarında, Xankəndi və Ağdərə rayonunda Xindoqnı üzüm sortundan yüksək gəlir gətirən “Ağdərə” şərabı istehsal olunurdu. Bu şərabların çoxu beynəlxalq müsabiqələrə, müxtəlif mükafatlara layiq görülmüşdür.

Bütün bu deyilənlərdən sonra, yüksək məhsuldar və kənardan gətirilmiş bir çox süfrə sortlarının, hansılarki Qarabağ bölgəsi rayonları üçün təklif oluna bilər, onların qısa aqrobioloji xüsusiyyətləri haqqında məlumatlara diqqət yetirmək lazımdır.

Azərbaycanda ənənəvi sort kimi tanınmış Təbrizi və Ağ Şanı sortlarını tək Qarabağda deyil, Azərbaycanın əksər rayonları üçün yerli təbii-iqlim şəraitinə yararlı sortlar kimi hesab etmək olar. Təbrizi süfrə sortunun bir çox süfrə sortlarından fərqləndirən hər şeydən əvvəl onun yüksək keyfiyyəti, məhsuldarlığı, daşınmaya və saxlanmaya qarşı davamlılığı və gilələrinin iriliyidir. Bundan əlavə Təbrizi sortu təbii-iqlim cəhətdən və tətbiq olunan aqrotexnikadan asılı olaraq güclü boyatma qabiliyyətinə malik olduğunu nəzərə alaraq, ona çoxqollu yelpik forması vermək və yükünü artırmaqla sortun məhsuldarlığını hər hektardan yuxarıda göstərildiyi kimi 160-200 sentner, şəkərliliyini isə 18,5-20%-ə çatdırmaq mümkündür.

Sənaye xarakterli üzüm sortlarından Bayanşirə aqrobioloji xüsusiyyətlərinə görə ən yaxşı göstəriciləri ilə fərqlənən Azərbaycanın xalq seleksiyası yolu ilə yaradılmış yüksək məhsuldar yerli sortudur. Gec yetişən və güclü boy artımına malikdir. Sortun qulluq işləri, yəni tətbiq olunan innovasiya texnologiyalarından asılı olaraq hər hektardan 150-400 sentnerə qədər məhsul verə bilən bu sortun üstünlüyü yüksək məhsuldar olması ilə bərabər, eyni zamanda təzə halda da süfrə üzümü kimi istifadə edilə bilər, ətirli süfrə şərabı, şampan və konyak materialı istehsalı üçün daha yararlı hesab edilir.

Texniki və süfrə üzüm sortlarından bol üzüm məhsul əldə etməkdən ötrü üzümçülüklə məşğul olan hər kəsin əkdiyi tingin keyfiyyətli olmasını əvvəlcədən yəqin etməyi vacibdir.

Belə ki, sort nəinki onun hansı torpaq-iqlim şəraitində becərilməsini müəyyənləşdirir, həmçinin alınan məhsulun keyfiyyətli olmasını da şərtləndirir.

Qarabağda üzümçülük böyük gəlir mənbəyi olmaqla bərabər, həm də kənd təsərrüfatında böyük əmək tutumlu bir sahə kimi kənddə yeni iş yerinin açılmasını, il boyu sənaye istehsalında olduğu kimi davamlı istehsalat şəraiti yaradır. Yəni kənd əhalisi il boyu əməklə məşğul olur və gördüyü işin müqabilində adi sənaye işçisi kimi hər ay əmək haqqı alır və daimi iş yeri kimi məhsuldar əməklə məşğul olur. Bu da təbiidir. Çünki, üzümçülük Azərbaycan xalqının çoxəsirlik ənənələrinə uyğun bir istehsal sahəsidir, böyük iqtisadi əhəmiyyətə malikdir.

Bir tərəfdən də yeganə sahədir ki, onun inkişafına çəkilən əmək və vəsait xərcləri bütün hallarda yüksək iqtisadi effektlə nəticələnir. Bu hər şeydən əvvəl üzümün təzə halda geniş istifadə edilməsi və məhsulun bir hissəsinin alkaqollu və alkaqolsuz içkilər istehsalının realizə edilməsi ilə bağlı olur. Ona görə uzun müddət dövriyyədə olmayan Qarabağ torpaqlarında üzümçülüyün geniş miqyaslı inkişafı fikrimizcə bu yerlərin kənd təsərrüfatında təxirə salınmaz bir vəzifə kimi qarşıya çıxır. Bu torpaqlarda ittifaq dövründə 300 min tona yaxın üzüm tədarük edilirdi. Burada çox çeşidli markalı konyak, müxtəlif markalı tünd şərablar ölkənin müxtəlif regionlarına göndərilirdi. Bu gün bu məsələnin geniş əhatəli bir formada reallaşmasına ehtiyac var. Ölkədə fermerlərin çətinliyi bu sahədə narahatlıq yaradır. Qabaqlar Azərbaycan üzüm sənayesi məhsulları Bakıdan başqa əsasən qonşu ölkələrə, o cümlədən Rusiyanın 7 böyük şəhərində fəaliyyət göstərən şərab zavodlarına göndərilirdi.

Bu gün Qarabağda üzüm-şərab istehsalını bərpa etmək və bu bölgənin əsas təsərrüfat istiqamətlərini başlıca olaraq müəyyən edən bir sahə kimi onun şöhrətini özünə qaytarmaq və qısa bir müddətdə torpaqların məhsuldarlığını artırmaq məqsədilə bir neçə tədbirlərin əvvəlcədən nəzərə alınmasına diqqət yetirilməlidir. Məsələn, bölgənin qiymətli yerli süfrə və texniki üzüm sortlarının kolleksiyasının təşkili və ixtisaslaşması haqqında layihə işlərinin nəzərdə tutulması, texniki üzüm sortlarından “Mil” şərab brendlərinin istehsalı məqsədilə, eksperimental mikroşərabçılıq müəssisəsinin yaradılması, süfrə üzüm istehsalının təmərküzləşəcəyinin əsasən bu bölgədə həyata keçirilməsi iləbağlı yaxşı olardı ki, üzüm əkini ilə bir vaxtda Ağdam və Füzuli rayonlarında əhalinin uzun müddət təzə üzümlə təmin edilməsi üçün üzüm saxlama anbarlarının da eyni vaxtda inşasına başlamaq və nəhayət fermer təsərrüfatlarında ciddi narahatlıq doğuran hazır məhsulun satışında olan çətinliklərin həlli istiqamətində cari və perspektiv layihələr hazırlansın.

Qarabağın işğaldan azad edilməsi ilə bağlı Ağdamın, Füzulinin, Ağdərənin, Xocavəndin, Cəbrayılın, Zəngilanın geniş və məhsuldar torpaqlarında üzümçülük və şərabçılığın səmərəli elmi təşkili və ixtisaslaşdırılması ilə əlaqədar Azərbaycan ET Üzümçülük Şərabçılıq İnstitutu öz yaradıcılıq fəaliyyətini müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində məmuniyyətlə davam etdirməyi özünə borc hesab edir.

 Vüqar Səlimov,

Azərbaycan Üzümçülük və Şərabçılıq

Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.d.,dosent

 

Aynurə Quliyeva,

İnformasiya təminatı və elmi nəticələrin

tətbiqi şöbəsinin müdiri