adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Bütün dostlar sağ ola kaş...

FAİQ QİSMƏTOĞLU
1467 | 2021-11-01 12:36

Unudulmayan adamlar

 

İstedadlı yazıçı-publisist Surxay Əlibəylinin xatirəsinə

 

...Mən Surxay Əlibəyli qədər duzlu, yumorlu, bal kimi şirin adam az-az tanıyıram. Çünki onunla biz uzun müddət bir yerdə işləmişik. Toya, yasa getmişik. Və həmişə də heç kimdə olmayan səmimiyyəti, şirinliyi və doğmalığı onda görmüşəm. Görmüşəm ki, o bir tikə çörəyin bir yerə yox ey, üç-dörd yerə bölən adamdı... Görmüşəm ki, Surxayla getdiyim yol uzaq olsa da, amma o yumorla, o duzla çox qısa olub... Görmüşəm ki, süfrə arxasında çörək yeyəndə və eləcə də ürəyi istəyib yüz-yüz vuranda bütün dostlarını, bütün yaxınlarını, bütün əzizlərini xatırlayıb... Və hətta pul tapıb tez bir zamanda ehtiyac içində olan dostuna kömək göstərib...

...Surxayın məndən də yaxın dostları olub. Onların üçünü bir daha yada salmaq istəyirəm: Elman Məmmədov, Süleyman Qaradağlı, Elşən Əliyev! Və bu dostların da Surxayla çox yaxın yoldaşlıqları, başqa sözlə demiş olsaq, çörək kəsməkləri olub. Çünki onlar Surxayla o qədər yerlərdə, o qədər məkanlarda olublar ki, saymaqla qurtaran deyil. Ən azından ona görə ki, o dostların bir-biri ilə çox şirin zarafatları, yumorları və xatirələri olub. Mən həmin xatirələrə toxunmaq istəmirəm. Sadəcə olaraq özümün gördüyüm, tanıdığım və dostluq elədiyim Surxayı bir daha xatırlamaq istəyirəm. Çünki Surxay Əlibəyli 3 il bundan əvvəl noyabrın 5-də Allahın dərgahına qovuşub. Çox qəribə idi ki, həmin günü hava boz olsa da, yağış yağmırdı. Aqil Abbasla onun dəfn olunduğu qəbiristanlığa getdik. Dedilər ki, bir neçə saatdan sonra dəfn olunacaq...

Surxayın var-dövləti yox idi. Elə ev-eşiyi gözə dəymirdi. Amma Surxayın ürəyinin böyüklüyü, sadəliyi və şirinliyi və ən nəhayət, Ağdama bağlılığı hər adamda yox idi. Belə baxanda o, ən varlı adam idi. Çünki bir tikəsini 10 yerə bölə bilərdi. Yeganə adam idi ki, sənlə dalaşardı, mübahisə edərdi və heç vaxt küsülü qalmazdı. Elə sabahı günü gəlib adamı qucaqlayıb öpər, yeyib-içməyə və başqa yerlərə dəvət edərdi. Bu yəqin ki, dostların hamısının yadındadı...

...O, çox istedadlı yazıçı-publisist, jurnalist idi. Respublika mətbuatında minlərlə yazısı dərc olunmuşdu. Həm də Ağdamla bağlı neçə-neçə kitabı işıq üzü görmüşdü. «Ağdam» deyəndə dodağı həsrətdən dörd yerdən çatlayardı, dodağı səyriyərdi. Mavi gözləri dolardı. Elə haçan da axtarırdın, deyirdi ki, Ağdamdayam, kitab yazıram. Və Ağdamın işğal altında olmayan kəndlərini qarış-qarış gəzirdi. Elə «Ağdamım, qibləgahım» kitabı da belə uzun axtarışların, zəhmətin bəhrəsi idi. O kitab çap olunanda onun mavi gözlərinə diqqətlə baxdım və bu mavi göz dənizə bənzəyirdi və bu dənizdə sevinc kədəri üstələmişdi. Həmişə də deyirdi ki, mən günün çıxmasına inandığım kimi, Qarabağın, Ağdamın da azad olunmasına inanıram. İnanıram ki, bir gün Ağdama gedəcəm. O Ağdama gedə bilmədi. Ruhu bizdən əvvəl Ağdama, Şuşaya, Laçına, Kəlbəcərə, Cəbrayıla, Zəngilana, Füzuliyə getdi. Bəlkə də Ağdam alınanda Surxayın ruhu elə əvvəldən orda idi. Tək Surxayın ruhu deyil, bütün şəhidlərin, Ağdamsevərlərin ruhu orda idi...

...Surxay deyirdi ki, mən öləndə qibləm Ağdamdı, məni Ağdam istiqamətində dəfn edərsiniz. Axı dedik, o təpədən-dırnağa doğma Ağdamına bağlı insan idi. Hətta onun yolunda şəhid olmağa belə hazır idi. Bir neçə dəfə onunla Quzanlıda olmuşduq. 1993-cü ilin noyabr ayı idi. Göyə baxdı, torpağa baxdı, ağacların saralmış yarpaqlarına baxdı, axırda da gözləri doldu. Dedi ki, Faiq, bax, Ağdamın bütün kəndləri, yaşayış sahələri Quzanlıya oxşayır. Bu il ağac əkirsən, gələn il bar verir. Quzanlı həm də elə Bəhmənliyə bənzəyirdi. Onda bizim kənd də işğal altında idi. Torpağı, havası, suyu, hətta adamları da bizim kəndim adamlarına oxşayırdı. Elə kövrəldim ki, bunu Surxay da hiss elədi. Hər ikimizin gözləri doldu və hər ikimiz də bir-birimizə təsəlli verib dedik ki, inşallah, tezliklə torpaqlarımız işğaldan azad olunar. Bu hadisədən 30 il keçəndən sonra işğal altında olan bütün torpaqlarımız yağılardan təmizləndi.

Surxay Əlibəyli bir dost olaraq hamımızın qəlbində, ürəyində əbədi iz qoyub. Surxayı xatırlayanda redaksiyamızda işləmiş və dünyasını dəyişmiş digər dostlarımız da yadımıza düşdü. Qoy onların adını və soyadını xatırladım ki, ruhları şad olsun: Əliyusif Məmmədov, Yusif Misiroğlu, Yusif İsmayıl, Nəriman Səttaroğlu, Ərşad Mirzə, Mail Cəbrayılov, Elcan (soyadı yadımdan çıxıb), Pərviz Əliyev, Vaqif Əliyev, Çingiz Ələkbərzadə, Səxavət Məmmədov, Qələndər Xaçınçaylı, Lətif Süleymanlı, Məhəmmədəli Mustafa, Nazim Ağamirov. Onların hər biri ilə biz çörək kəsmişik və onların hər birinin ruhu şad olsun. İnsan o vaxt ölür və yaddan çıxır ki, onu xatırlayan olmur. Allaha and olsun başqasını deyə bilmərəm. Mən onları hər həftə xatırlayıram, yada salıram. Hətta övladları ilə əlaqə də saxlayıram. Yerləri cənnət olsun!...

...Surxaydan danışırdıq. Dostlarla bir yerə yığışan kimi yada düşənlərdən biri də Surxay olur. Çünki onun o qədər məzəli, şirin və yumorlu, dadlı, duzlu söhbətləri var ki. Düşünürəm ki, Surxay Əlibəyli kimi adamlar heç vaxt ölmürlər. Əgər biz sağıqsa, dostlar varsa, o həmişə yaşayır. Surxayın Ramiz Rövşənin bütün şeirlərindən xoşu gəlirdi. İki şeirini isə həmişə sevə-sevə əzbər deyərdi. Biri «Qara paltarlı qadın», biri də «Bütün dostlar sağ ola kaş». Elə yazımızı da dostumuz və qardaşımız Surxayın xoşladığı bu şeirlə bitirmək istəyirik. Qoy ruhu bu şeiri eşidib bir daha rahat olsun:

 

Mən öləndə ağlamağa

Bütün dostlar sağ ola kaş.

Gözlərimi bağlamağa

Neçə cüt barmaq ola kaş.

 

Boynunu büküb qapıda,

Bir qız göz yaşı axıda...

Üç balam şirin yuxuda,

Qadınım oyaq ola kaş.

 

Güc tapmasam ev tikməyə,

Qapımda ağac əkməyə.

Kəfən yox, məni bükməyə,

Bir yaşıl yarpaq ola kaş...

TƏQVİM / ARXİV